Vaxtanq Çaraya: “Zəngəzur dəhlizi yaxın 10-15 ildə Gürcüstanı təhdid etməyəcək” - MÜSAHİBƏ

Zəngəzur dəhlizi ilə yaranmış vəziyyət regionda ölkələr arasında həm müsbət, həm də mənfi reaksiya ilə qarşılanır. Rusiya və Türkiyə dəhlizin açılmasında maraqlıdır. Tbilisi isə bundan narahatlıq keçirir, çünki bu dəhliz işə düşəndə Gürcüstanın tranzit əhəmiyyəti azalacaq. Tbilisi Dövlət Universitetinin Təhlil və Proqnozlaşdırma Mərkəzinin direktoru, professor Vaxtanq Çaraya “Caliber” analitik mərkəzinə müsahibəsində iki ölkə arasındakı iqtisadi əməkdaşlığın səviyyəsi, həmçinin, regionda nəqliyyat kommunikasiyalarının perspektivi ilə bağlı maraqlı fikrilər bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Gürcüstan-Azərbaycan iqtisadi əlaqələrinin dinamikası necədir?

- Ölkələrimiz arasında münasibətlərin dinamikası ümumilikdə müsbətdir. Ölkələr arasında iqtisadi əlaqələr dinamik inkişaf edir, lakin, məsələn, koronavirus pandemiyası səbəbindən turizmin səngidiyi və əvvəlki illərdəki ümumi dinamikadan çıxdığı ayrı-ayrı seqmentlər qalmaqdadır.

Bundan əlavə, Azərbaycandan Gürcüstana xarici investisiyalar da azalıb, prinsipcə, bu, koronavirusdan əvvəl, 2017-ci ildən bəri olub. Çox güman ki, Azərbaycan Gürcüstanın neft və qaz ehtiyatlarının tranzit dəhlizi kimi inkişafı ilə bağlı planlarını artıq həyata keçirib. Çətin ki, yaxın illərdə Azərbaycanın Gürcüstanda investisiya siyasətini əvvəllər, daha dəqiq desək, 2013-2016-cı illərdə inkişaf etdirdiyi dərəcədə inkişaf etdirməsi mümkün olsun.

- Gürcüstan-Azərbaycan biznes forumunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Qonşu və dost ölkələr arasında biznes forumu hətta qlobal pandemiya zamanı belə münasibətlərin qorunmasına kömək edir, biznes strukturlarına yeni birgə imkanlar barədə danışıqlar aparmağa, hazırda çox ehtiyac duyulan iş yerləri yaratmağa imkan verir.

- Azərbaycanla Gürcüstan arasında enerji əməkdaşlığı hansı səviyyədədir? 2021-ci ildə ölkələr arasında bu sahədə hansı dəyişikliklər baş verib?

- Hələlik, neft və qaz Azərbaycandan Gürcüstana, daha sonra Türkiyə və Avropaya nəql olunan əsas enerji resurslarıdır. Gələcəkdə elektrik tranzitinin inkişafı da mümkündür.

Bu gün Azərbaycandan Avropaya karbohidrogenlərin mövcud axını Gürcüstan iqtisadiyyatına kifayət qədər müsbət təsir göstərir. Bu proses hər iki tərəf üçün faydalıdır. Gürcüstan Azərbaycandan neft və qazın tranziti üçün əlavə maliyyə və enerji resursları aldığı kimi, Bakı da daha böyük üstünlüklər əldə edir, tranzit Rusiyadan keçsəydi, bu qədər əldə fayda etməyəcəkdi. Bir sözlə, qonşular bir-birini dəstəkləyir və birlikdə Avropa İttifaqı üçün alternativ tranzit dəhlizidir.

Yeri gəlmişkən, Gürcüstan 2024-cü ildə Aİ-yə üzvlük üçün müraciət etməyi planlaşdırır və bununla da gələcək geosiyasi inkişaf planlarını işıqlandırır.

- Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan üçün perspektivləri necədir?

- Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun perspektivləri birmənalı deyil, çünki bir tərəfdən Gürcüstan ondan praktiki olaraq heç nə almır, Azərbaycanın eyni layihəsi üçün verdiyi borcu ödəməsindən başqa. Eyni zamanda deyə bilərik ki, bu layihə daha intensiv inkişaf etsə maraqlı olardı. Hələlik BTQ gözləntiləri doğrultmayıb və onun dövriyyəsi çox aşağıdır.

Əgər bu yol hesablandığı kimi 10 milyon ton yüklənərsə, o zaman Gürcüstan bu layihədən müəyyən dividendlər alacaq. Yeri gəlmişkən, bu layihə nəzəri cəhətdən Gürcüstan limanlarının rəqibidir, müəyyən yüklərin Gürcüstan dəmir yolundan BTQ ilə daşınacağı təqdirdə limanların daşıdığı yüklər azala bilər.

- Gürcüstanla Azərbaycan arasında liman sektorunda əməkdaşlıq hansı səviyyədədir?

- Əgər ümumi tranzit siyasəti ilə bağlı razılığa gəlmək mümkün olarsa və bu marşrutu Avropa ilə Asiya arasında yükləmək istəyənlər olarsa, liman nəqliyyatı hər iki ölkənin iqtisadiyyatında əsaslı artıma çevrilə bilər.

Amma bundan əvvəl onu da qeyd etmək lazımdır ki, Gürcüstanın Anaklia limanının tikintisini başa çatdırmaq lazımdır, çünki mövcud limanlar hətta yerli-regional miqyasda daşımalarda mühüm rol oynamaq imkanları baxımından da kifayət qədər məhduddur. Əgər biz təkcə öz aramızda deyil, həm də ABŞ-ın regiondakı maraqlarını unutmadan Çin və Avropa İttifaqı ilə razılığa gələ bilsək, perspektivlər çox böyükdür.

- Sizcə, Zəngəzur dəhlizinin açılmasından sonra Gürcüstanın region ölkələri üçün əhəmiyyəti dəyişəcəkmi?

- Hələlik, bu dəhlizin inkişaf imkanları kifayət qədər qeyri-müəyyəndir. Düşünürəm ki, Azərbaycan və Ermənistan çətin ki, yaxın vaxtlarda bu dəhlizi işə sala bilsinlər və bunu etsələr belə, nəqliyyat çox məhdud olacaq. Ona görə də hesab edirəm ki, yaxın 10-15 ildə bu baxımdan heç bir dəyişiklik Gürcüstanı təhdid etməyəcək.

Amma təbii ki, Gürcüstan ayıq-sayıq olmalı, təklif edə biləcəyi alternativlər axtarmalıdır. Yaxın gələcəkdə Gürcüstan üçün heç bir risk görmürəm, çünki mövcud layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi, BTQ və digərlərinin möcüzəvi şəkildə Zəngəzur dəhlizinə ötürülməsi ehtimalı azdır, Qərbin geosiyasi maraqlarını da nəzərə alsaq bu çətindir.

- Birgə turizm paketi layihəsindən ölkələr hansı üstünlükləri əldə edəcəklər?

- Gürcüstan turizm baxımından dünya səhnəsində kifayət qədər möhkəm oyunçudur. Bu layihə həm Gürcüstan, həm də Azərbaycan üçün böyük maraq və yeni imkanlardır. Sizin ölkəniz Gürcüstana gələn və qonşu ölkələrlə maraqlanan əlavə turistlər əldə edə bilər. Gürcüstan da öz növbəsində yeni turizm məhsullarından əlavə cəlbedicilik əldə edə bilər.

Ümumiyyətlə, ümumi paketlər ona görə daha sərfəlidir ki, turistlər çox vaxt Gürcüstana gələndə hər üç Cənubi Qafqaz ölkəsini ziyarət etmək istəyirlər. Əgər bu layihə tam razılaşdırılarsa, o zaman Cənubi Qafqazın bütün ölkələri turistlərin özləri kimi müəyyən dividendlər ala biləcəklər.

Düşünürəm ki, epidemiyadan sonrakı mərhələdə Tbilisi və Bakı ikitərəfli münasibətləri daha da yaxşılaşdırmaq üçün yeni, əlavə resurslar tapa biləcəklər. Amma ən əsası regionda sabitlikdir, bunsuz rifaha nail olmaq çətin olacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə