Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərlinin SİA-ya müsahibəsini təqdim edirik:
- Siz özünüz də Mətbuat Şurasının İdarə Heyətinin üzvüsünüz. Mütəmadi olaraq bu məsələ ilə bağlı monitorinqlər aparır, iclaslar keçirirsiniz, konfranslarınız olur. Dezinformasiyalarla bağlı çıxış yolunu nədə görürsünüz? Sizin də sosial şəbəkə hesablarınız var. Mütəmadi bu hallarla rastlaşırsınız. İstərdik ki, insanlarımız da maariflənsin. İnsanlara bu hallarla qarşılaşdıqda nə tövsiyə edərdiniz?
- Dezinformasiyalar təkcə bizdə deyil, dünyada böyük problemlərdən birinə çevrilib. Dövlətlər də bir-birinə qarşı mübarizə vasitəsi kimi dezinformasiyadan istifadə edirlər. Bilirsiniz ki, feykin növləri var. Dezinformasiya hansısa məlumatın şüurlu olaraq dövriyyəyə buraxılmasıdır. Misinformasiya hansısa məlumatı bilmədən yaymaqdır. Təəssüflər olsun ki, bizdə bunun hər iki növü yayılıb. Misinformasiyanı daha çox sosial media fəalları yayırlar. Hansısa məlumatı dəqiqləşdirmədən qarşısına çıxan məlumatı paylaşırlar, sonra isə bunun saxta məlumat olduğunu görürük. Dezinformasiya daha geniş şaxəli məfhumdur. Bunu da şüurlu olaraq dövriyyəyə buraxan qüvvələr var. Azərbaycan cəmiyyətinin dezinformasiyalara qarşı immuniteti formalaşıb. Çünki biz artıq 30 ildən çoxdur ki, Ermənistanın informasiya müharibəsində dezinformasiyalara məruz qalmışıq. Azərbaycana qarşı hər zaman informasiya müharibəsi aparılıb, hücumlar olub. Ondan əvvəl dezinformasiyanın bu qədər aktiv olmadığı birinci Qarabağ müharibəsində belə Azərbaycana qarşı hər zaman bu cür kompaniyalardan istifadə olunub. Bu illər ərzində Azərbaycan hər sahədə olduğu kimi informasiya sahəsində də gücləndi. İkinci Qarabağ müharibəsində Azərbaycan cəmiyyətində dezinformasiyalara qarşı birmənalı fikir formalaşdı. İnsanlar rəsmi xəbər görəndə belə mənbə istəyirdilər. Bu, çox sevindirici haldır ki, Azərbaycan cəmiyyəti belə məlumatların hansının saxta, hansının doğru olduğunu müəyyənləşdirə bilir. Hər bir sosial şəbəkə istifadəçisi, oxucu özü üçün güvənli xəbər mənbəyini müəyyənləşdirməlidir. Bizdə də belə dezinformasiyalar çox vaxt sosial şəbəkələrdə yayılır. Xəbər saytlarında bunlar olmasa belə insanlar çox vaxt ilk gördüklərinə inanırlar. İnsanlar vizual görüntüyə inanırlar. Bu baxımdan həm media nümayəndələri, həm də sosial şəbəkə fəallarının üzərinə çox böyük yük düşür. Son illər ölkəmizdə media savadlılığı ilə bağlı layihələr aparılır. Bunlar hamısı dezinformasiyaların qarşısını almaq üçün atılan addımlardır. Artıq cəmiyyətimizdə də bunun nəticələrini görürük.
- Media savadlılığı nədir? Günümüzdə media savadlılığının məqsədləri nələrdir?
- Media savadlılığı təkcə jurnalistlərə aid yox, cəmiyyətə aid məsələdir. Media savadlılığı dedikdə maarifləndirmə işinə önəm veririk. Maarifləndirmə jurnalistikanın prinsipləri arasında da var. Təəssüflər olsun ki, maarifləndirmə bir az geridə qalıb. Amma media savadlılığı sayəsində istər universitetlərdə keçirilən tədbirlər olsun, istər cəmiyyətdə bu yalan xəbərlərə, "dezinformasiyalara qarşı nə etmək lazımdır?, xəbər nədir?" sualının cavabı, hamısı media savadlılığının tərkibinə daxildir. Biz də şahidi olduq ki, son dövrlərdə aparılan maarifləndirmə işləri cəmiyyətdə nəticəsini verməyə başlayıb. Aprel döyüşlərində, Qarabağ müharibəsində görürük ki, sosial şəbəkələrdə, mediada həddindən artıq dezinformasiyalar yayımlanırdı. Jurnalist həmkarlarımız Ermənistan mediasından istinad edirdilər. Amma aparılan bu tədbirlər, görüşlər, maarifləndirmə işlərindən sonra şahid olduq ki, bu kimi amillərin qarşısı alındı. Cəmiyyətimizdə saf, şəffaf xəbərlərin yayılmasının şahidi olduq. Düşünürəm ki, bunu dayandırmaq lazım deyil. Bütün universitetlərdə bununla bağlı görüşlər keçirilmişdi. Cəmiyyətin də əsas aparıcı qüvvəsi gənclərimizdir. Onların da belə məlumatlara qarşı öz mövqelərini ortaya qoyması önəmlidir. Qarabağ müharibəsində də gənclərimizin sosial şəbəkələrdə ermənilərlə necə mübarizə apardığını gördük. Hansısa dezinformasiya ilə qarşılaşanda həmin dəqiqə, operativ reaksiya vermək lazımdır.
- Media savadlısı olmaq üçün nə etməliyik?
- Media savadlılığı həm də cəmiyyət üçündür. Güvənilən xəbər mənbəyi müəyyənləşdirilməlidir, hansı media orqanında paylaşılmasını, istinad olunan mənbənin hansı xəbər saytı olması bilinməlidir. Belə məsələlər olanda biz bunun qarşısını ala bilərik. Əsas odur ki, maariflənmə və xəbərə olan reaksiya, operativlik, cəmiyyətin dezinformasiyaya qarşı mövqeyi ortaya qoyulmalıdır. Məsələn, qınanılmalıdır. Çünki bəzi dezinformasiya yayan qüvvələr var ki, xaricdə yaşayırlar, onlar üçün heç bir hüquqi dil işləmir. İctimai rəy və qınaq olanda onlar da öz yollarından çəkinə bilərlər. Məsələn, Messinin ölkəmizə gəlməsinin şahidi olduq. Azərbaycanın bütün milli-mənəvi adətləri ilə tanış oldu. Bundan sonra operativ şəkildə dezinformasiyalar yayılmağa başladı. Ona qarşı ermənipərəst damğası vuruldu. Biz bunu bilməliyik ki, Argentina Ermənistana ən çox dəstək verən ölkələrdən biridir. Messi də Argentinanın dünyaya bəxş etdiyi ulduzdur. Messinin Bakıya gəlməsi, Ulu Öndərin məzarını ziyarət etməsi, şəhid övladları ilə görüşməsi, Heydər Əliyev mərkəzində olması, Qarabağ atları ilə tanış olması, ona Azərbaycan xalçasının hədiyyə olunması çox önəmlidir. Bunların da fonunda paylaşım etməsi nöqtə qoydu. Amma bu ərəfədə biz dezinformasiyaların da şahidi olduq. Niyə paylaşım etmədiyi ilə bağlı söhbətlər getdi. Amma 24 saat keçmədi ki, paylaşım etdi. Messinin səhifəsi dünyanın ikinci ən böyük Instagram səhifəsidir. Bu, həm ölkəmizin təbliği baxımından, həm də ölkəmizə qarşı təxribat aparanlara çox böyük cavab oldu.
- Maarifləndirmə sahəsində mətbuat çox böyük işlər görür. Təəssüflər olsun ki, televiziyalar geri qalır. Nə üçün televiziyalar bu dezinformasiyaların qarşısının alınmasına diqqət ayırmır? Sanki bizim televiziya kanalları şou-biznes sahəsinə köklənib, auditoriyaya işləməklə məşğuldurlar. Sizə elə gəlmir ki, problemlərdən biri də budur?
- Düşünürəm ki, ən kütləvi informasiya vasitələri televiziyalardır. Ən güvənilən xəbər mənbəyi də televiziyadır. Ənənə var ki, hansısa yalan xəbəri televiziya necə verib. Televiziyanın auditoriyası daha çox evdar xanımlardır. Onlara da belə maarifləndirmə işlərinin aparılması çox vacibdir. Çünki sosial şəbəkələrdən daha çox gənclər istifadə edirlər, orta və yaşlı təbəqə televiziya izləyir. Dezinformasiyalara qarşı da televiziyada video-çarxlar, verilişlər, diskussiyalar mütləq olmalıdır. Hansısa mövzunun efirdə səslənməsindən çəkinməli deyilik. Bu, çox normal haldır. Tərəfdarıyam ki, diskussiyalar və debatlar mütləq olsun. Qaldı ki, sosial verilişlər, insanların şəxsi həyatının ön plana çıxması kimi verilişlər çoxdur. Bu verilişlər də cəmiyyəti çox narahat edir. İnsanların şəxsi həyatının çılpaqlığı ilə ortaya qoyulması narahatedicidir. Bizim milli-mənəvi dəyərlərimiz var. Xarici ölkələrin nümunəsinə baxmalıyıq. Çin kimi böyük ölkə, Özbəkistan milli-mənəvi dəyərləri qorumaq üçün "TikTok"u bağlayıb. Milli maraqlar dövlət maraqlarıdır. Gənclərimiz dəyərlərdən uzaqlaşsalar, dövlət üçün də böyük problemdir.
- Gənc jurnalistlərin əksəriyyəti sosial şəbəkə ilə sosial media anlayışını qarışıq salır. Bu isə mediaya zərbə vurur. Nə etmək lazımdır?
- Saxta xəbərlərin yayılmasının bir səbəbi də odur ki, mediaya aid olmayan şəxslər səhifələr açıb böyük kütlələrə sahib olurlar. Sonra da həmin səhifələri xəbər səhifəsinə çevirərək bayağı musiqiləri, insanların şəxsi həyatını, cəmiyyətə maraqlı olmayan hadisələri ön plana çıxarırlar. Adı da xəbər olduğuna görə insanlar Azərbaycan mediasından küsürlər. Belə qənaətə gəlirlər ki, Azərbaycan mediası bu qədər aşağı səviyyədədir. Əslində o səhifələrin mediaya aidiyyəti yoxdur. Hansısa müğənninin fanı olublar. Fan səhifəsi açıblar. Belə səhifələr də sonra xəbər səhifəsinə çevrilir. Çox təəssüflər olsun ki, çox böyük izləyici kütləsi topladılar. Hansısa məlumat səviyyəcə aşağı olanda bu, Azərbaycan mediasının adına yazılır. Media haqqında qanunun qəbulundan sonra biz "Kimdir jurnalist?" sualının cavabını görürük. Amma adi şəxslər bunu bilmədiklərinə görə yayılan xəbərlərə daha çox inanır. Azərbaycan mediasında saflaşma prosesi davam edir. Yəqin ki, 1-2 ilə ələnmə tam bitəcək. Biz sosial şəbəkə ilə sosial medianı ayıra bilmirik. Çünki iç-içədirlər. Reallıq budur ki, xəbər səhifələrinin belə xəbər mənbəyi sosial şəbəkələrdir. Bu formalaşdı deyə, sosial mediadan asılı qaldıq. Hansı sosial platforma fəaldırsa, mediamız da orada olmalıdır. Söhbət getdi ki, "TikTok" bağlanmalıdır. Amma "TikTok"a 5 milyon insan daxil olursa, biz artıq orada olmalıyıq. O meydan boş qalanda kimlərsə gəlib fikirlərini diktə edir. Peşəkar jurnalistlər bu səhilərə gələndən sonra dezinformasiyaların azaldığını görürük. Gənc jurnalistlər sosial platformalarda aktiv olmalıdırlar. Sosial şəbəkələrdə çox ciddi auditoriya var. Hər insanın auditoriyası özünə bənzəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə