2023-də Jurnalistlər üçün hansı dövlət qurumları və onun sözçüləri əlçatan oldu? - SORĞU

2023-cü ilin bitməsinə artıq sayılı günlər qalıb. Bu il də hər kəs, o cümlədən, dövlət qurumları da öz fəaliyyətində uğur qazanmağa çalışdı. Bəs, görəsən, hansı qurumlar öz fəaliyyətində uğur qazandı və ya narazılıqlarla ili başa vurdu? SİA mövzu ilə bağlı media nümayəndələri arasında sorğu keçirib.

"AZƏRTAC" İnformasiya Agentliyinin əməkdaşı Göyçək Mahmudlu: "Fəaliyyətini bəyəndiyim qurumların başında "ASAN xidmət" gəlir. Elnur Niftəliyev və Mehdi Məmmədli harada olmalarından asılı olmayaraq, istər şəhərdən, istərsə də ölkədən kənarda olmalarına baxmayaraq, hər zaman müraciətimizi operativ şəkildə cavablandırıb, lazımi istiqamətdə kömək ediblər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızını isə gecə saat 2-3-də də tapmaq mümkündür. Dəfələrlə gecə saatlarında baş verən zəlzələlərlə bağlı açıqlamalar yayıb, jurnalistlərin suallarını cavablandırıb, hətta mərkəzin baş direktoru Qurban Yetirmişli ilə müsahibə də təşkil edib. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyinin Zoologiya və Coğrafiya institutlarının mətbuat xidmətlərinə də bir neçə dəfə müraciət etməli olmuşam ki, onlar da qısa müddətdə suallarımızı cavablandırıb. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat xidmətləri də sorğu və müraciətlərimizi qısa müddətdə cavablandıranlar sırasındadır".

"Report" İnformasiya Agentliyinin əməkdaşı Ruslan Sadıqov: "İdman sahəsində fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin ildən-ilə media ilə daha sıx münasibətdə olduqlarını demək lazımdır. Təbii ki, bu baxımdan fərqlənənlər də var. Məsələn, gimnastika, cüdo, həndbol, voleybol, güləş kimi federasiyaların mətbuat katiblərinin 2023-cü ildə daha intensiv çalışmalarının, həmin idman növlərinin işıqlandırılmasındakı canfəşanlıqlarının şahidi oldum. Futbol sektorunda da fəaliyyət göstərən kifayət qədər mətbuat katibi var. Bu baxımdan AFFA və Peşəkar Futbol Liqasının bu il təyin olunan mətbuat xidmətlərinin mediaya qarşı münasibəti digərlərinə nümunə olmalıdır".

Real TV-nin əməkdaşı Nərgiz Cəbrayılova "Fikrimcə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti daha operativdir. Çünki həmişə zəng edəndə cavab verir və müsahibələrə açıqdırlar. Narazı olduğum hər hansısa qurum yoxdur. Digər qurumlar ən azından gün sonuna kimi sorğumu cavablandırmağa çalışırlar. Amma ən ürəyimə yatan mətbuat katibi Bəxtiyar Məmmədovdur deyə bilərəm".

APA İnformasiya Agentliyinin əməkdaşı Nihat Pir: "Bu il elə bir ildir ki, elə bilirəm, hamımız canla-başla, könül rahatlığı ilə işlədik. İşin gərəyi mütləqdir ki, müəyyən narazılıqlar olur. Normaldır. Davamlı olaraq işlədiyim Mədəniyyət Nazirliyinin mətbuat xidməti, hesab edirəm ki, builki gözləntilərimi xeyli qarşıladı. Başda Aynur xanım Kərimova olmaqla, Türkan Cəfərova, Rəvana Abdullayeva verdiyim sorğulara bacardıqları tezlikdə cavab veriblər. Nazirlikdə bu il ciddi islahat ili kimi yadda qalıb və hələ ki bu islahatın faydalı tərəfləri özünü ən yaxşı tərəfdən göstərir. Davamlı olsun. Eləcə də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən dostumuz Fariz Hüseynli ilə də bir xeyli sorğu-cavablaşmamız olub.

Bir xeyli şikayət eşitməyimə baxmayaraq, Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə də sorğularıma, gündəmə uyğun suallarıma operativ cavablar verib. Bəzən jurnalist dostlar sorğu-sual göndərdikləri qurumun iş prinsipini unudurlar, görməzdən gəlirlər. Bu da nəticədə gözləntiləri böyüdür deyə, ortaya narazılıqlara dolu mənzərə çıxır. Hər kəsə 2024-cü ildə bol şans və şad xəbər diləyirəm".

ATV-nin əməkdaşı Ağca Ələsgərli: "Ümumiyyətlə, mətbuat katibləri media ilə daim sıx əlaqədə olmalıdır. Qurumun işi müəyyən qədər mediadan, medianın da qurumdan keçir. Bu il ərzində suallarımı daha tez, operativ və dolğun şəkildə cavablandıran TƏBİB-in əvvəlki mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova olub. Zamirə xanım heç vaxt məni yubatmayıb, vaxtında suallarımı cavablandırıb. Düşünürəm ki, vəzifəsini doğru şəkildə həyata keçirən mətbuat katiblərindəndir. Bəzi mətbuat katibləri ilə arada problem yaşasam da, hər hansısa birindən ciddi bir narazıçılığım yoxdur".

"SƏS" qəzetinin əməkdaşı Elçin Bayramlı: "Təbii ki, hər il olduğu kimi 2023-cü ildə də işinin öhdəsindən layiqincə gələn və gəlməyən qurumlar, eyni zamanda mətbuat katibləri oldu. Razı olduğum mətbuat katibləri sırasına Elşad Hacıyev, Eldəniz Vəliyev, Fazil Talıbov, Fəridə Aslanova daxildir. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı haqqında isə fikirlərim müsbət olsa da, qurumun özündə problemlər var. Yəni, jurnalist "Azərsu"dan şikayət etdikdə mətbuat katibi maraqlanır və ya verlişlərə çıxır, suallara cavab verir. Lakin rəhbərlik bütün bunlara baxmayaraq heç bir tədbir görmür.

Bəzi mətbuat katibləri isə yazılanlara və ya deyilənlərə ümumiyyətlə, reaksiya vermir. Məsələn, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, AQTA, Ailə, Qadın və Uşaq Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi jurnalistlərin heç bir şikayətinə reaksiya vermir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə