Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində NAİLİYYƏTLƏR – TƏHLİL

Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Müstəqilliyimizin yenidən bərpa edilməsindən sonra aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti, eləcə də demokratik və hüquqi dövlət quruculuğu istiqamətində yüksək səviyyədə nailiyyətlər əldə edilib. Bu nailiyyət də, əlbəttə ki, xalqımızın, cəmiyyətimizin firavan, xoşbəxt gələcəyi üçün təminat deməkdir.

Milli proqramların hazırlanmasında və həyata keçirilməsində Qeyri-Hökumət Təşkilatlarının yaxından iştirak etməsi ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasından xəbər verir. Vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərən QHT-lər məhz elə bu cəhlər sayəsində qanunların aliliyi, şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi istiqamətində xeyli ixtisaslaşıblar. Etiraf edilməlidir ki, artıq QHT-lər Azərbaycanda demokratik quruluşun dəstəklənməsi, dünyəvi dövlətin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin təmin edilməsi istiqamətində kifayət qədər fəallıq nümayiş etdirirlər. Elə məhz buna görə də cəmiyyətin demokratikləşməsində QHT-lərin rolunu inkar etmək vətəndaş cəmiyyətlərinin fəaliyyətinə qarşı ədalətsizlik olardı.

Hüquqi dövlət quruculuğunun ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti dövlətçiliyin əsaslarının möhkəmlənməsi üçün əvəzedilməzdir. Çünki dövlətçiliyin əsaslarının zəifləməməsi üçün hüquqi bazanın mükəmməl formada hazırlanması, qanunların qəbul edilməsi ilə yanaşı, vətəndaş cəmiyyətinin hərtərəfli fəaliyyəti də, vətəndaş aktivliyi də olmalıdır. Hüquq normalarının həyata keçirilməsini təmin edən, hüququ qoruyan dövlətdir və dövlətin hüquqa ehtiyacı olduğu danılmazdır. Ona görə ki, hüquqa arxalanmadan normal və səmərəli fəaliyyətdən danışmaq mümkün deyil və əbəs yerə deyil ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir.

Vətəndaşların hər biri də öz növbəsində üzərinə düşən məsuliyyəti dərk etməli, əsas insan və vətəndaş hüquqlarına hörmətlə yanaşmalı, dövlət inistitutlarının sarsılmasına səbəb ola bilən, ölkədə anarxiya yarada bilən, qeyri-konstruktiv davranışlardan uzaq olmalıdır. Məhz qarşılıqlı etimad və məsuliyyət gücləndiyi təqdirdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunin arzu olunan inkişaf səviyyəsi haqqında danışmaq olar. Dövlət vətəndaş qarşısında məsuliyyət daşıdığı kimi, vətəndaş da dövlət qarşısında eyni dərəcədə məsuliyyət daşımalıdır və bu, hər bir vətəndaşın borcu hesab olunur. Məhz dövlətin və vətəndaşların bir-birinə təsir imkanları güclü olmalıdır ki, qarşılıqlı məsuliyyət qorunmuş olsun. Nəzərə almaq lazımdır ki, cəmiyyət, insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur və davranış qaydalarının bir qisminin dövlət tərəfindən müəyyən olunması, eləcə də qanunlarda öz əksini tapması heç də təsadüfi deyil. Unutmaq lazım deyil ki, qanunların pozulmasına görə məsuliyyət daşınır və vətəndaşlar bunu nəzərə almalıdırlar. Hər bir insanın yalnız öz şəxsiyyətinin tam inkişafı mümkün olan cəmiyyətin qarşısında məsuliyyət daşıdığı barədə İnsan Hüquqları haqqında “Ümumi Bəyannamənin” 29 maddəsində qeyd olunur. Məsuliyyətlə yanaşı, vətəndaşların əsas vəzifələri də Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb və Konstitusiyanın 72-ci maddəsində qeyd olunur ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına hər bir şəxs əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Məhz dövlət cəmiyyətlə, cəmiyyət də öz növbəsində dövlətlə sintez şəklində olmalıdır ki, köklü məsələlər öz həllini tapa bilsin, denokratik cəmiyyət formalaşsın. Etiraf etmək lazımdır ki, demokratik cəmiyyətin formalaşmasında, müxtəlif dövlət əhəmiyyətli layihələrdə, qanunvericiliyin təşkilində, ictimai maarifləndirmədə vətəndaş cəmiyyətlərinin rolu əhəmiyyətli dərəcədədir. İnsanların maariflənməsi, konkret sahələr üzrə hesabatların hazırlanması, təkliflərin verilməsi istiqamətində vətəndaş cəmiyyətinin fəaliyyəti olduqca vacibdir. Ona görə də cəsarətlə deyə bilərik ki, hüquqi dövlət və demokratik cəmiyyətin qurulmasında vətəndaş cəmiyyətlərinin rolunu danmaq mümkün deyil və hər bir hüquqi dövlətdə vətəndaş cəmiyyətinin olması qaçılmazdır.

Qanunları yüksək səviyyədə işləyən dövlətlərdə, eləcə də insanların firavan yaşamasına, dövlətin tanınmasına, inkişaf etdirilməsinə, öz vətəndaşı, xalqı üçün çalışan dövlətlərdə vətəndaş cəmiyyətinin çox sürətlə inkişaf etdiyini görürük. Məhz bu baxımdan bizim ölkəmizdə də eyni şəkildə vətəndaş cəmiyyətinin daim inkişaf etməkdə olması heç də təəccüblü deyil və tamamilə başadüşüləndir. Ölkəmizdə vətəndaş həmrəyliyi, vətəndaş birliyi, dövlət və vətəndaş arasındakı münasibətləri yüksək səviyyədə olduğu zərrə qədər şübhə doğura bilməz və hər birimiz buna əminik. Bizdə bu əminlik məhz 44 günlük Vətən Müharibəsində daha da artdı. Çünki gördük ki, Azərbaycan xalqı lazım olan anda dərhal bir yumruq halında Prezidentimizlə sıx birləşdi, xalqımız öz milli maraqlarının, dəyərlərinin, suverenliyinin, ərazi bütövlüyünün qorunmasında həmrəylik nümayiş etdirdi. Bütün dünya ictimaiyyəti şahidi oldu ki, Vətən Müharibəsində kiçikdən böyüyə kimi hər bir kəs cənab Prezidentimizlə bir yumruq şəklində sıx birləşdi, düşmənə qarşı birgə mübarizə apardı. Ölkəmizdə dinindən, dilindən, siyasi baxışından belə asılı olmayaraq hər bir insanın birləşərək, dövlətçiliyimiz, suverenliyimiz, ərazi bütövlüyümüz, milli dəyərlərimiz uğrunda canından keçməyə belə hazır olduğu heç kimin gözündən yayına bilməzdi. Məhz bu birliyimiz sayəsində biz Ali Baş Komandanın, cənab Prezidentin rəhbərliyi ilə şanlı qələbəmizi qazandıq. Zəfərimiz, qələbəmiz təbii ki, vətəndaşların öz məsuliyyətini dərk etdiyini, eləcə də ölkənin mənafeyi üçün yumruq halında birləşdiyini göstərir. Elə məhz bu birlik sayəsində də Azərbaycanın bütün dünyada söz sahibi olmasının əyani şahidləriyik.

Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə, xalqımız təkcə müstəqillik dövrünün deyil, özünün son iki əsrlik tarixinin ən şanlı salnaməsini birliyi və həmrəyliyi ilə yaratdı. Müstəqilliyini bərpa edən Azərbaycanın məhz zamanın ən ağır keşməkeşlərindən, taleyinin bütün sınaqlarından alnıaçıq çıxmasında, eləcə də nailiyyətlərində hüquqi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin rolu danılmazdır. “Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməliyik”, deyən Ulu Öndər Heydər Əliyev hüququ demokratik dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün başlıca məqsədi olduğunu bəyan etdi və görürük ki, bu məqsədinə də nail oldu. Məhz buna görə də cəsarətlə deyə bilərik ki, ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti məhz xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Görürük və şahidiyik ki, Ulu Öndərin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət, eləcə də vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmişdir və qələbələrimiz, nailiyyətlərimiz təsdiq edir ki, hazırda həmin proses Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə, özü də uğurla davam etdirilir.

Diqqətə çatdıraq ki, istənilən bir cəmiyyət hüquqi dövlət qurmaqda, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaqda olduqca maraqlıdır. Dünyada nə qədər dəyişikliklər baş versə də, yeni prinsplər, meyarlar, dəyərlər meydana çıxsa da, istər insanlar, istərsə də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını yenə də qorumaqdadır. Azərbaycanda insan hüquqlarının müdafiəsi, eləcə də hüquqi dövlətin prioritet məsələ olaraq qəbul edilməsi və elə buna görə də sözügedən sahədə davamlı şəkildə, mütəmadi olaraq islahatların aparılması, dövlətimizin hər bir vətəndaşının qarantına çevrilməsi, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri olan insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatı bütün dünyada qəbul olunmaqdadır və bu, bizim üçün qürurvericidir.

Müəllif: İnam Hacıyev

6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə