““Küçə yeməkləri”nə olan tələbat mədəniyyət dəyişikliyi ilə bağlıdır“ - MÜNASİBƏT BİLDİRİLDİ

Cəmiyyətin həyat tərzində baş verən dəyişikliklər, sürətli yaşam tempi və vaxt məhdudiyyəti insanların qidalanma vərdişlərinə də təsir göstərir. Xüsusilə böyük şəhərlərdə küçə yeməklərinə olan maraq artıb. Asan əlçatanlıq, ucuz qiymət və sürətli təqdimat bu yeməkləri cazibədar etsə də, onların sağlamlığa təsiri ilə bağlı narahatlıqlar da artır. Qida təhlükəsizliyi, gigiyenik qaydalara riayət olunmaması və keyfiyyətsiz məhsulların istifadəsi küçə yeməklərinin insan sağlamlığı üçün yaratdığı riskləri gündəmə gətirir.

Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov SİA ilə öz fikirlərini bölüşüb: “Küçə yeməklərinə (fast food, ayaqüstü yeməklər) olan tələbat artıb və bu dəyişiklik ümumilikdə mədəniyyət dəyişikliyi ilə bağlıdır. Dinimizdə yeməklə bağlı müəyyən qaydalar mövcuddur – məsələn, yeməyin oturaraq yeyilməsi tövsiyə olunur. Amma müasir dünyada ayaqüstü yemək mədəniyyəti geniş yayılıb və bu, Azərbaycana da sirayət edib. Bu cür qidalanma tərzi sağlamlıq baxımından da mənfi təsirlər yaradır. Ayaqüstü yeyilən yeməklər tez hazırlanır, lakin bəzən gigiyenik baxımdan tələblərə cavab vermir, toz, kir və çirkli şəraitdə hazırlanır. Bu da qida təhlükəsizliyi baxımından risklər doğurur.

Nəticə etibarilə, bu çıxışda əsas fikir budur: ayaqüstü yeməklərin artması bir tərəfdən mədəniyyətin dəyişməsi, digər tərəfdən isə insanların təlabatı ilə bağlıdır, lakin bu hal dini, tibbi və gigiyenik baxımdan ciddi suallar doğurur. Bu istiqamətdə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mümkün olanları edir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə