“Himayədar ailə” qayğı modeli mövzusunda növbəti ictimai dinləmə keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusunda daha bir ictimai dinləmə təşkil olunub. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirdə şəhər icra hakimiyyətinin, regional təhsil idarəsinin, uşaq birlikləri və müəssisələrinin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

“Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən dinləmədə iştirakçılara valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən dövlət qayğısı, həyata keçirilən alternativ qayğı mexanizmləri, yeni yanaşmalar və “Himayədar ailə” qayğı modelinin mahiyyəti barədə məlumatlar verilib.

Bildirilib ki, bu sahədə aparılan sosial dəstək tədbirləri uşaqların məhz ailə mühitində böyüməsinə, qayğı ilə əhatə olunmalarına və cəmiyyətin sağlam fərdləri kimi yetişmələrinə xidmət edir.

Tədbirdə himayədar valideyn olmaq üçün tələb olunan meyarlar, müraciət qaydaları, qiymətləndirmə prosesi və digər mühüm məqamlarla bağlı təqdimatlar edilib, müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə