Son illərdə cəmiyyətdə müzakirə olunan aktual məsələlərdən biri də insanların pul və hörmət anlayışına yanaşmasıdır. Uzun illərdir ki, “Pulun varsa, hörmətin var” ifadəsi gündəlik həyatımızda tez-tez işlədilir və bəzən reallığın bir parçası kimi qəbul olunur. Bəzi insanlar hesab edir ki, maddi imkan insanın cəmiyyətdəki mövqeyini, münasibətlərin tonunu və hətta dəyərini müəyyən edir. Digərləri isə düşünür ki, hörmət pulla qazanılmır əksinə, insanın davranışı, təvazökarlığı və əxlaqı onun əsl dəyərini göstərir.
Bu məsələ ətrafında fikir ayrılığı böyükdür: kimisi real həyatda pulun gücünü danmır, kimisi isə mənəvi dəyərlərin önəmini vurğulayır. Bəs görəsən, müasir dövrdə insanlar hörməti insanlığınmı, yoxsa maddi imkanlarınmı göstəricisi hesab edirlər? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu aparıb.

Şəhər sakini Sabir Muradov: “Pul çox şeyi həll edir, amma həmişə yox. Elə hallar var ki, orada pulun gücü çatmır. Məncə, insan puluna görə deyil, şəxsiyyətinə, sənədinə, yaxşı əməllərinə görə tanınmalıdır. Əsl hörmət insanın gördüyü xeyirxah işlərə, davranışına görə qazanılır. Təəssüf ki, bəzən bəzi insanlar varlılara, sadəcə pullarının hesabına hörmət göstərirlər. Amma bu, saxta hörmətdir və o da yalnız o adamın pulu bitənə qədər davam edir. Mənim fikrimcə, insana onun puluna görə hörmət qoymaq düzgün deyil”.

Şəhər sakini Nazənin İsmayılov: “İnsana qətiyyən puluna görə hörmət qoymaq olmaz. Pul bir çox şeydə lazımdır, amma şəxsiyyəti formalaşdırmır, sadəcə maddi rahatlıq yaradır. Mənəviyyatla pulun heç bir əlaqəsi yoxdur. Hörmət qazanmaq üçün insanın davranışı, səmimiyyəti və dürüstlüyü əsasdır. Mən insanlara qarşı yaxşı münasibət göstərməklə, səmimi davranmaqla hörmət qazanmışam. Əgər biri sənə yalnız puluna görə hörmət edirsə, deməli, o münasibət saxtadır və belə insanlardan uzaq durmaq lazımdır”.

Şəhər sakini Məhəmmədəli Həsənzadə: “"Pulun varsa, hörmətin var" ifadəsi ilə bu gün insanların 90 faizi razılaşa bilər. Amma məncə, bu tam doğru deyil. Elə insanlar tanıyıram ki, varlıdırlar, amma bir qəpiklik hörmətləri yoxdur. Digər tərəfdən, pulsuzluq da insanı hörmətdən sala bilər. Çünki pulu olmayan insan borc almağa məcbur qalır, borcunu qaytara bilmədikdə isə etibarsız kimi görünür. Buna görə də bəzən cəmiyyət pulsuz insanı hörmətsiz kimi qəbul edir. Amma bu, doğru yanaşma deyil”.

Şəhər sakini Xatirə Alışova: “Mənim üçün pul həyatda əsas deyil. Pul yalnız müəyyən ehtiyacları qarşılamaq, bəzən əylənmək üçündür. Amma hörmət pula görə qazanılmır. Mən insanlara onların səmimiyyətinə, sevgisinə görə hörmət edirəm, puluna görə yox. Əgər qarşımdakı insan hörmət sahibidirsə, mən də ona eyni münasibəti göstərirəm. Hörmət qarşılıqlıdır. İnsan pulu ilə yox, davranışı və münasibəti ilə dəyər qazanır. Pul müvəqqətidir, amma əsl hörmət qalıcıdır”.

Şəhər sakini Qoşqar Məmmədoğlu: “‘Pulun varsa, hörmətin var’ ifadəsində müəyyən həqiqət payı var. Bu gün pulu olmayan insan çox vaxt ikinci plana keçirilir, tanınmır. Amma pulu olan hər kəs də hörmət qazana bilmir. Pul düzgün insanın əlində olanda onun dəyəri artır. Məncə, pul sadəcə insanın əzilməməsi, cəmiyyətdə öz yerini tapması üçün bir vasitədir. Təəssüf ki, indi çoxları pula hörmətlə yanaşır, insana yox”.

Şəhər sakini Türkan Ağayeva: "“Pulu olan hər kəs hörmətlidir" fikri ilə razı deyiləm. Mənim və yaxınlarımın düşüncəsinə görə, insana pula görə hörmət qoymaq düzgün deyil. Elə insanlar var ki, varlı deyillər, amma ürəkləri böyükdür, xeyirxah işlər görürlər. Eyni zamanda, elələri də var ki, pulu çoxdur, amma insanlıqdan uzaqdırlar. Məncə, əsas olan insanın davranışıdır, yoxsa maddi vəziyyəti deyil”.

Şəhər sakini Sərhad Cəlalov: “Pul hər şeydə rol oynayır. Bu gün demək olar ki, hörmət də pula bağlıdır. Əgər pulun varsa, sən hörmətli adamsan, elə ki pulun qurtardı — hörmət də itir. Təəssüf ki, artıq pulu olmayan insana salam belə verən olmur. Məncə, ailə istisna olmaqla, əksər insanlar münasibətlərində pula üstünlük verirlər. Şəxsən mən çalışıram ki, belə insanlardan uzaq olum”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB