(Elegiya)
Təbiətə ana təbiət deyənləri qınamaq düzgün sayıla bilməz. Ona görə ki, onun qoynundakı dörd ünsürdən yaranıb bütün kainat. Dünyanın bütün millətlərinin, xalqlarının, hətta azsaylı xalqlarının iman gətirdikləri səmavi kitabların hamısında kainatın torpaq, su, od və havadan yaranması fikri artıq inama çevrilib. Hətta bu elmi ideyalar kimi yazılı ədəbiyyatda özünə müqtədir yer alıb. Bəzən özlərini dahilər kimi göstərməyə çalışan alimlər kainatın atmosferdən, biosferdən, hidrosferdən və litosferdən ibarət olmasını elmi konsepsiyalar şəklinə salsalar da onların həmin dörd ünsürün kim tərəfindən yaradılması barədə söz deməyə cürətləri çatmır.
Bəzən məclislərdə ara mollaları deyir ki, görəsən Allah şüurlu insanı yaratmasaydı kainatda od, atəş olardımı. Adam istəyir desin ki, ay molla əmi ildırımın çaxmasından yaranmayırmı od, atəş?! Yəqin bu yazıq kişi xəbərsizdi ki, əsrlər, min illər boyu püskürən vulkanlar elə od püskürüblər. Zəlzələlərdən yaranan yanğınlar ətrafındakıları külə döndərib. Ona görə də qələm sahibləri bütün bunları vəhşi təbiətin törətdikləri fəlakətlər adlandırıblar. Hətta onların bəziləri belə şıltaqlıqlarına görə təbiəti qınayır və onu haqlı olaraq vəhşi təbiət adlandırırlar.
Açığını deyim ki, mən təbiəti vəhşi təbiət adlandıranların həmişə əleyhinə olmuşam. Lakin bu yaxınlarda televiziyada tamaşa etdiyim bir elmi-kütləvi filmin sujeti məni bu fikirdən döndərdi. Filmə tamaşa edə-edə onun yaradıcı heyətinə, xüsusilə filmin rejissorunun və operatorunun ağlına, fərasətinə, təbiət hadisələrinə məntiqi münasibət bəsləmək qabiliyyətlərinə, gerçəkliyi dərk edərək onu obyektiv qiymətləndirmək bacarıqlarına heyran qaldım.
Filmdə göstərilir ki, təbiətin oyandığı zaman bir ormanda yaşıllıqlara bürünən çəmənzarın ürəkaçan görünüşü, insanları riqqətə gətirən qeyri-adi, füsunkar mənzərəsi, bülbüllərin ürəkoxşayan səsindən ləngər vuran güllərin, çiçəklərin rayihəsi insanı gözəlliklər aləminə salır. Bu aləmin sakinlərindən biri olan bal arısı həmin çiçəklərin, güllərin üstündən uça-uça sanki öz sevgisini, güllərə, çiçəklərə olan vurğunluğunu nümayiş etdirir. Bal arısı baharın gəlişini sanki öz gözoxşayan al rəngi ilə nümayiş etdirən çiçəklərin əvvəl birinə, ikincisinə, sonra üçüncüsünə yaxınlaşaraq özünü onları qoxlayırmış kimi göstərir, nəhayət dövrə vuraraq seçdiyi ən ətirli çiçəyin qönçəsinə qonur. Bal arısının qeyri-adi hərəkətlərindən adama elə gəlirdi ki, o, çiçəyin qönçəsindəki şirələri sorur. Bal arısını daha yaxından göstərən operatorun arıların çiçəklərdən çəkdikləri şirələrdən təbii bal istehsal etmələrini seyrçilərin yadına salırdı. Sanki o, demək istəyirdi ki, təbii balın mənbəyi bax bu çiçəklədir. Arılar, xüsusi ilə yeniyetmə arılar beçə balını bu çiçəklərdən aldıqları şirələrdən istehsal edirlər. Doğrudan da bal arısı çiçəyin şirəsini ləzzətlə sorurdu. Bal arısı şirə sora-sora adam düşünməyə başlayır. Ayə, görəsən İlahi bal arısının dişisinə necə bir orqanizm bəxş edib ki, o, çiçəklərdən əvvəlcə arı südü istehsal edir. Hansı ki, həmin arı südünün bir kiloqramı dünya bazarında 1 milyon evro qiymətinə satılır. Axı, dünyada qızılın, hətta brilyantın da bir kiloqramının qiyməti bu qiymətdən çox-çox aşağıdır. Bax, bunları düşünə-düşünə bal arısının təbiətin necə bir qiymətli sərvəti olduğunu dərk etməyə başlayırsan. Adamın heç ağlına gəlmir ki, təbiətin hər bir bənzərsiz sərvətinin də qənimi ola bilər. Bu məqamda bal arısını izləyən bir dəvədəlləyi nümayiş etdirilir. Yaşıl rəngdə olan uzun qıçları və qolları ilə ləng hərəkət etdikləri üçün insanlar onları dəvəyə bənzədiblər. Oturduqları yerin kiçik həşəratlarını yeyərək yeri təmizlədiklərinə, hətta dəvənin belindəki cücüləri yeyərək təmizlədikləri üçün onlara dəvədəlləyi adını veriblər. Bal arısından təxminən 8-10 dəfə böyük olan dəvədəlləyi bal arısını gülün ləçəklərindən şirələri sovurub doyana qədər səbrlə gözlədi və cəld hərəkətlərlə yaşıl, uzun qollarının arasına alaraq bal arısını tutdu. Dəvədəlləyi bal arısını tutan kimi arı öldü. Bəlkə də dəvədəlləyini həm də belə hərəkətinə görə, yəni ovunu tutan kimi sanki, ülgücü ilə kəsdiyinə görə belə adlandırırlar.
Bal arısı bal üçün topladığı şirələri yeyib doyan kimi dəvədəlləyi tərəfindən necə deyərlər qəsb olundu. Bu mübarizə anını müşahidə edən buqələmun, dəvədəlləyinin öz ovunu yeməsini gözləyirmiş kimi onu uddu. Buqələmun təxminən 1,5-2 kq çəkidə olan tısbağanı xatırladır. Lakin buqələmun bütün canlılardan fərqli olaraq bir sıra spesifik xüsusiyyətləri daşıyır. Məsələn buqalamun gözlərinin biri ilə qarşını, digəri ilə isə həm arxanı, həm aşağını, həm də yuxarını izləyə bilir. Başqa bir spesifik xüsusiyyəti isə son dərəcə elastik olan dilini təxminən 1000 santimetrə qədər qabağa uzada bilməsidir. Yəni təxminən 1 metr məsafədən dilini uzadaraq ovunu sanki elastik və yumuşaq olan dilinə yapışdıraraq ağzına aparır və udur. Bu mənzərəni yəni ana təbiətin vəhşi siqlətini seyirçiyə göstərən rejissor və operator bal arısını yeyən dəvədəlləyinin və dəvədəlləyini udan buqələmunun şücaətini təqdim etməklə işini bitmiş hesab etmir. Rejissor, operator vasitəsi ilə buqələmunun başı üzərində dövrə vuran qartalı nümayiş etdirir. Özünü ovunun üstündə dəqiqələrlə saxlamağı bacaran və şığıyaraq onu caynağına alıb havaya qaldırmaqda mahir olan qartal bir göz qırpımında buqələmuna hücum edərək onu caynaqlarına aldı. Güclü qanadlarını çalaraq qırıcı təyyarə kimi yüksəkliyə baş vurdu. Buqələmunu dağın zirvəsindəki yuvasında onun yolunu gözləyən körpə balalarının qarşısına atdı. Əvvəlcə əyri dimdiyi ilə buqələmunun başını parçalayaraq bir parça tər təzə əti ağzını açıb yemək uman balalarının əvvəlcə birinin, sonra isə digərinin ağzına qoydu. Buqələmunun ölməsini elə bil seyrçi hiss etmədi. Əlbəttə ki, dağ qartalının heyrətamiz gücü, qüvvəti, qüdrəti qarşısında seyrçiyə bütün bunlar adi görünürdü. Bəs nə üçün Buqələmunu diri-diri parçalayan qartal, hərdən oyana-buyana da baxırdı?!
Bəlkə qartal belə baxmağı ilə balalarının süfrəsinə göz dikənləri axtarırdı?
Qartalın dimdiyinin buqələmunun cəmdəyini parça-parça etməsi və onun həyatına son qoyması seyrçiyə çox adi bir müqavimətsiz döyüş səhnəsini andırırdı. Doğurdan da ana təbiətin qanunauyğunluqlarından biri güclülərin gücsüzləri didib parçalaması hesab olunur. Güclülər özlərindən zəifləri, qüvvətlilər özlərindən qüvvətsizləri, böyüklər özlərindən çox kiçikləri yeyirlər. Özü də müqavimətsiz filansız. Axı, müqavimət göstərməyin nə xeyri var?! Bir də ki, onlar müqavimət göstərmirlər. Onlar yeriyir, qaçır, uçur, sürünür, çobalayır və xilas olmağa cəhd göstərirlər. Hərçənd bu vəhşilərə qarşı müqavimət göstərməyin heç bir xeyri olmur. Axı, bu vəhşiləri təbiət özü belə yaradıb. Deməli, təbiətə ona görə vəhşi təbiət deyirlər.
P.S. Təbiətdəki vəhşi qüvvələrin belə hərəkətləri bizi valeh edirsə cəmiyyətdə peyda olan vəhşi təbiətli adamların əməlləri bizi məyus edir. İosif Vissarionoviçin Stalinin bir əmri ilə bir gecədə böyük bir nəslin, hətta millətin kökü kəsilibsə, Adolf Hitlerin əmrilə bir kəndin, bir şəhərin adamları bir anın içərisində bombardmana məruz qalaraq külə dönüblər. Onların məzarları belə yoxdur. Bəs bu gün ərəb ölkələrində, bütövlükdə Şərq dünyasında baş verən vəhşiliklərə, dəhşətlərə nə ad vermək olar? Bunların ideya müəlliflərinə və bu müharıbələri törədənlərə, gücsüz, kimsəsiz insanların həyatına son qoyanlara necə insan demək olar? İnsanlığa bir ləkə olan bu vəhşilər görəsən etdikləri bu dəhşətli əməllərdən əl çəkəcəklərmi?.. Bax, onların bu hərəkətləri ilə təbiətdəki
heyvanların, həşəratların hərəkəti eynidir. Deməli, bu adamlar vəhşi heyvanlardan, həşəratlardan daha qorxuludurlar... Belə getsə onlar təkcə insanları yox, həm də ana təbiəti və onun qoynundakı bütün canlıları, cansızları məhv edəcəklər...
Bütün xəbərlər Facebook səhifəmizdə