"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfəri Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, artıq Prezident Macarıstanın baş naziri Viktor Orbanla iki görüş keçirdi: "Bu, ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlər, həqiqətən də, genişlənir. Onlar yeni-yeni sahələri əhatə edir. Həm də Bakı ilə Budapeşt arasındakı dialoq müntəzəm şəkildə yüksələn xətlə güclənir. Bu, çox vacib bir tədbirdir. Çünki ilk dəfədir, Türk Dövlətləri Təşkilatının Zirvə görüşü Avropa qitəsində keçirilir. Bu ondan xəbər verir ki, Türk birliyi, Türk dünyası öz potensialını, yükünü, planlarını, yeni baxış və ideyalarını yavaş-yavaş Qərbə doğru aparır.
Macarıstanın ev sahibliyi etməsi özü də böyük hadisədir. Çünki ilk dəfədir, bu təşkilat Avropa qitəsində öz yüksək görüşünü keçirir. Bu ondan xəbər verir ki, Türk birliyi dünya çapında, Avrasiya məkanında çox vacib yeri tutur. Onun həm də qlobal proseslərdəki iştirakının əmsalları da yüksəlişə doğru dəyişilir.
İlk növbədə bizim daxili birliyimiz vacib rol oynayır. Digər tərəfdən enerji sahəsində, nəqliyyat-kommunikasiya, rəqəmsallaşma, yeni texnologiyalar və sair hamısı ölkələrimizin marağında olan məsələlərdir. Onlarla bağlı ilk növbədə daxili inteqrasiyaya çox böyük ehtiyac var. Daxili ehtiyac dedikdə yəni Türk birliyi çərçivəsində nəzərdə tutulur. Türk birliyi özünü dünyadan təcrid etmir. Burada Azərbaycanın rolu öncüldür. Çünki Azərbaycan özü müstəqil subyekt olaraq neçə vacib, dünya birliyinə vacib olan layihələri uğurla həyata keçirib. Burada Bakı-Tbilisi-Qars nəqliyyat xətti var, enerji xətləri var. Cənub-qaz dəhlizi var, onun istehlakçıları əsasən Avropa qitəsində yerləşir. Bu, onu göstərir ki, həm ayrı-ayrılıqda Türk dövlətləri və Azərbaycan burada çox gözəl nümunə göstərir, fəallıq nümayiş etdirirlər. Digər tərəfdən də ortaq şəkildə onlar öz baxışlarını və təklif etdikləri modelləri elə bir tərzdə təqdim edirlər ki, dünya birliyi bundan bəhrələnsin. Bu, sirr deyil ki, Türk birliyinin güclənməsi heç də bütün qütblərin, siyasi qüvvələrin marağında olan məsələ deyil. Hətta bu problemlərlə bağlı qısqanclıq, bədgümanlıq, şübhə də var. Amma bunlar hamısı əbəsdir. Çünki birincisi, Türk birliyi heç kəsə müharibə elan etmir. Türk Dövlətləri Təşkilatı əməkdaşlıq və inteqrasiya təşkilatıdır. Həm də bir soykökə malik ölkələrin, xalqların, onların toplumlarının bir xətdə olmadı deməkdir. Əgər tarixə nəzər salsaq, görərik ki, həqiqətən də, keçmişdə də Türk birliyindən əsasən beynəlxalq topluma ancaq pozitiv vektorlar uzanıb. Düzdür, burada müharibələr də olub. Bunlar hamısı tarixin keşməkeşli məqamlarıdır. Onlardan indi biz həm də ibrət götürülməliyik. Toqquşmalarda yox, əməkdaşlıqda olduqları halda xalqlar, birliklər, qütblər birgə həm inkişaf edirlər, həm də qlobal təhlükəsizliyin dayaqlarını möhkəmləndirirlər. Ona görə, hesab edirəm ki, bu hadisə çox vacib hadisədir. Deyirlər ki, gələcəkdə inkişaf görmək istəyirsinizsə, gərək bu gündən inkişafa başlayasınız".
"Belə tədbirlərdə ilk növbədə bir çox məsələlərin həlli həm də ev sahibinin mövqeyindən onun baxış və yanaşmalarından asılıdır. Macarıstan, xüsusilə də, onun baş naziri Viktor Orban həddindən artıq nikbin, işgüzar, qətiyyətli və dəmir iradəyə malik bir dövlət xadimi, siyasətçidir. O, dəfələrlə rəsmi Brüsselə öz narazılığını bildirib. Şuşaya gəldi. Bu, Avropada birmənalı qarşılanmamışdı. Çinə getdi, bu da Avropada birmənalı qarşılanmadı. Moskvaya Putinlə görüşə getdi, bu da birmənalı qarşılanmadı. Bütün əməl, baxışları, sözləri ilə Viktor Orban bildirdi ki, ölkəsinin suveren siyasətinin davamçısıdır. Öz xalqı, ölkəsi üçün nə vacibdirsə, onu etməyə həmişə can atır. Eləcə də, onun marağında olan odur ki, Türk birliyində Macarıstanın yeri möhkəm olsun, oynadığı rol daha effektiv və rasional olsun. Nəhayət, bütün ölkələrlə ayrı-ayrılıqda dialoq durmadan inkişaf etsin. Bunun üçün zəmin, sorğu var. Bu sorğular da xalqlardan, toplumlardan irəli gəlir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə