AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Kürəkçay müqaviləsi – 220” mövzusunda dəyirmi masa keçirilib.
SİA-nın məlumatına görə, İnstitutdan bildirilib ki, tədbiri açan elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev 1805-ci il mayın 14-də general Sisianov ilə Qarabağ xanı İbrahimxəlil xanın Kürəkçay sahilində imzaladığı müqavilənin tarixi əhəmiyyətindən danışıb.
Daha sonra Şimali Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri professor Hacı Həsənov “Pavel Sisianov və İbrahimxəlil xan: Kürəkçaydan öncə və sonra” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, XIX əsrin əvvəllərində Romanovlar Rusiyası imperiyanın cənub sərhədlərinə yönəlmiş ekspansiya siyasəti çərçivəsində Şimali Azərbaycanı da işğal etmişdi. Bu prosesdə general Pavel Sisianovun xüsusi rolu olub və onun başçılığı ilə işğalçıların yürüşü xüsusilə sərt və qeyri-insani metodlarla müşayiət olunub.
Hacı Həsənovun sözlərinə görə, Sisianov əvvəlcə İbrahimxəlil xana mülayim məktublar göndərsə də, Gəncə şəhərinin işğalından və Cavad xanın şəhid edilməsindən sonra ona hədə və tələblərlə dolu sərt məktub ünvanlayıb. Məktubda Sisianov yazırdı: “Cavad xanın qüruru qanla yuyuldu... Ümid edirəm ki, siz ona oxşamaq istəməyəcəksiniz”. Bu, Rusiya imperiyasının Cənubi Qafqaz siyasətinin mahiyyətini aydın şəkildə nümayiş etdirirdi.
İclasda tarix üzrə fəlsəfə doktoru, dosent Ramil Niftəliyev “Kürəkçay müqaviləsinin məğzi barədə bəzi mülahizələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi müqavilənin hüquqi və siyasi məzmunu haqqında fikirlərini bölüşüb.
Tədbirdə, həmçinin Prezident İlham Əliyevin Kürəkçay müqaviləsi ilə bağlı mövqeyi xatırlanıb. Dövlətimizin başçısı 2023-cü il oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə bildirib: “Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan,- o, Qarabağın və Şuşanın xanı idi,- Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Kürəkçay müqaviləsinin mətni internetdə var və hər kəs tanış ola bilər. Orada erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur”.
Prezident İlham Əliyev 2025-ci il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə isə Qarabağ xanı İbrahimxəlil xanın qətlə yetirilməsini çar hökumətinin cinayəti kimi qiymətləndirib.
Dəyirmi masa müzakirələrlə davam edib. Tədbirdə Çar Rusiyasının Qarabağ, Şəki, Şamaxı xanları və digər yerli hakimlərlə imzaladığı öhdəliklər və verilən qətnamələr barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə