"OPEC+ təşkilatı sabitliyinin təmin olunmasında mühüm rol oynayır" - EKSPERT FİKRİ

"OPEC+ (Neft İxrac edən Ölkələr Təşkilatı və ona qoşulan qeyri-üzv ölkələr) dünya neft bazarında təchizat və tələb arasında tarazlığı təmin etməyə çalışan beynəlxalq bir platformadır. Bu birlik neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü dövrlərdə xüsusilə aktiv fəaliyyət göstərir. Bunun əsas səbəbi, azalan qlobal tələbat fonunda neftin qiymətində baş verə biləcək ucuzlaşmanın qarşısını almaqdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu məqsədlə, OPEC+ ölkələri arasında ən səmərəli vasitə hasilat həcmlərinin mütənasib şəkildə azaldılması hesab olunur. Tarixi təcrübə göstərir ki, bu təşkilat heç vaxt hasilatın artırılması təşəbbüsü ilə çıxış etməmiş, əksinə qiymətlərin sabitləşdirilməsi və neft ixrac edən ölkələrin maraqlarının qorunması məqsədilə hasilatın məhdudlaşdırılmasına üstünlük vermişdir.

Neft hasilatının azaldılması ilə bağlı qərarlar OPEC+ üzv ölkələri arasında razılaşdırılmış öhdəliklər əsasında qəbul olunur. Bu öhdəliklər yerinə yetirildikdə, dünya bazarına çıxarılan ümumi neft təchizatı həcmi azalır ki, bu da nəticə etibarilə neftin bazar qiymətində artıma səbəb olur. Beləliklə, OPEC+ təşkilatının fəaliyyəti dünya neft bazarının sabitliyinin təmin olunmasında və qiymət dalğalanmalarının qarşısının alınmasında mühüm rol oynayır".

Ekspert həmçinin bildirib ki, COVID-19 pandemiyası dövründə və Rusiya-Ukrayna müharibəsinin başlanğıc mərhələsində müşahidə edildiyi kimi, qlobal enerji bazarında baş verən kəskin dəyişikliklər OPEC+ təşkilatının fəaliyyətini daha da aktuallaşdırmışdı: "Həmin dövrlərdə neft tələbatında ciddi azalmalar baş verdiyindən, OPEC+ ölkələri arasında hasilatın məhdudlaşdırılması ilə bağlı koordinasiya edilmiş qərarlar qəbul olunmuş və bu qərarlar bazar qiymətlərinə bilavasitə təsir etmişdi. Lakin hazırkı mərhələdə vəziyyət müəyyən dərəcədə fərqlidir. Beynəlxalq enerji bazarlarında müəyyən streslərin və qeyri-müəyyənliklərin mövcud olmasına baxmayaraq, OPEC+ tərəfindən keçirilən iclaslara və müzakirələrə rəğmən, qəbul edilən qərarların əvvəlki dövrlərlə müqayisədə bazara təsir gücü nisbətən zəifləmişdir. Bu, bir neçə amillə izah olunur.

Birincisi, hazırkı şəraitdə OPEC+ ölkələrinin hər birinin fərdi iqtisadi çətinlikləri mövcuddur və onlar üçün neft hasilatının və ixracının azaldılması daha az cəlbedici görünür. İkincisi, qlobal neft tələbatında kəskin azalma müşahidə edilmir, bu isə hasilatın kəskin məhdudlaşdırılmasını zəruri etmir. Üçüncüsü, Rusiya kimi əsas istehsalçı ölkəyə tətbiq edilən sanksiyalar və qiymət tavanları bazarda qeyri-ənənəvi konjonktura formalaşdırır və bu da OPEC+ daxilində koordinasiyanı çətinləşdirir. Nəticə etibarilə, mövcud geosiyasi və iqtisadi reallıqlar fonunda OPEC+ təşkilatının bu mərhələdə qəbul etdiyi qərarların bazar qiymətlərinə əvvəlki qədər güclü təsir göstərməsi ehtimalı azdır. Bu səbəbdən təşkilatın hazırkı fəaliyyəti daha çox simvolik xarakter daşıyır və bazar iştirakçıları tərəfindən məhdud təsirli addımlar kimi qiymətləndirilir"- deyə o əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə