(Yazıçının gündəliyindən portret cizgiləri)
Qarşımda 1970-80-ci illərdə çap olunmuş çoxlu qəzetlər var. Bu qəzetlərdə Azərbaycan metallurgiyasının inkişafinda bir vaxtlar böyük işlər görmüş, Azərbaycan Boruyayma ( Azərboru) zavodunun təkcə keçmiş Sovetlər Birliyi Respublikalarında yox, həm də bir sıra xarıci ölkələrdə tanınmasında əvəzsiz xidmətləri olan, həmin vaxtlar Sumqayıt şəhərinin sayılıb-seçilən insanlarında biri kimi tanınan Əziz Əhəd oğlu Salmanov haqqındadır. Bu insan sadə peşə sahibi olsa da, şəhərdə hər yerdə sözü ötür və sözün həqiqi mənasında ətrafında olan cavanların hamisi üçün yolgöstərən mayakı idi.

Mən də Əziz kişini tanıyırdım. Onu mənimlə 1989-cu illərdə Azərboru zavoduna rəhbərlik edən və milliyatca cühud olan Dervoyed tanış etmişdi. Həmin ilin yanvar ayından mən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına rəhbərlik edirdim. Tez-tez zavod rəhbərləri, orada olan ictimaiyyətçi insanlarla görüşür və teatrımızla həmin müəssisələrin əlaqələrini qurmaq istəyirdim. Azərboru da həmin müəssisələrdən biri idi. O vaxtlar da Azərboru zavodu özünün intibah dövrünü yaşayırdı. Orada həmin vaxtı 12 minə yaxın insan işləyirdi. Bu zavod 40-dan çox xarici ölkələrə də çoxlu məhsullar satdığına görə varlı idi. Onlar təkcə öz zavodlarının işçilərinə yox, həm də Sumqayıtdakı başqa müəssisələrə də çoxlu köməkliklər edirdilər. Şəxsəm mənim rəhbərlik etdiyim teatra bu zavod bir növ sponsor kimi o vaxt çox qıt olan yağ, ət və başqa məhsullarla təmənnasız köməklik edirdi. Biz özümüzün maraqlı tamaşalarımızla zavodun işçilərinin də artıq teatra marağını yaratmışdıq. Əziz Salmanov da həmin vaxtlar bizim teatrın tamaşalarına gəldi və sonralar bu teatrın əsl təbliğatçılarından birinə çevrildi. Cavanları teatrın tamaşalarına gəlməyə həvəsləndirdi. O, baxmayaraq ki, ali təhsilli deyildi, amma çoxlu ali təhsillilərdən tamaşaları daha yaxşı təhlil edir, ədəbiyyatı, aşıq sənətini yaxşı bilirdi...

Mən öyrənmişdim ki, Əziz kişi 1933-cü ilin fevral ayının 20-də Qərbi Azərbaycanın Zəngibasar vilayətində anadan olmuşdu. Lap uşaq yaşlarından da öz həmyaşıdlarından seçilirdi. Onun idmana, ədəbiyyata, incəsənətə çox marağı olub. Hətta 8-9-cu siniflərdə oxuyandan başlayaraq, kəndlərindəki klubda idmanla bağlı komandalar yaradıb və rayon birincilikərində voleybol, futbol yarışlarında iştirak etməklə yerlər də tutublar. O, paraşut idmanını da çox sevib və bu böyük cavabdehlik, cəsurluq, qoçaqlıq tələb edən idman növü ilə də məşğul olub. Kənddə bütün əkin-biçin işlərində, mal-qara saxlamaqda da valideyinlərinə yaxından köməklik edib. Sonra ordu sıralarında xidmət edib. Ordu sıralarından sonra 1959-ci ildən taleyini Sumqayıt şəhərindəki Azərboru zavodu ilə bağlayıb. Bu zavodun termootdel sexində işə başlayıb və tez bir zamanda da baş usta olub. Öz işini də çox mükəmməl bilib və hətta tanınmış mühəndislər belə ondan məsləhətlər alıblar. Bəzən zavodda hansısa bir iş alınmayanda və ya fövqaladə iş olanda gecə saat 2- 3-də belə maşınla onun yaşadığı evə gəlib, xahiş-minnətlə onu iş yerinə aparırdılar ki, Əziz kişi yaranmış çatışmamazlıqları aradan götürsün. İş yerinə çatan kimi də artıq tüstünün iyindən, mühərriklərin hərəkətindən Əziz kişi problemin nədən yarandığını deyirdi. Onun dediyi həmin problem aradan götürülən kimi də hər iş qaydasına düşürdü. Bu zavodun ən aktiv ictimaiyyətçilərindən biri olub Əziz kişi. Şəhərdə keçirilən yüksək səviyyəli tədbirlərdə yaxından iştirak edirdi. Zavodu və Sumqayıtı bir sıra xarıci ölkələrdə, keçmiş Sovetlər Birliyi respublikalarında təmsil edirdi. Onun təkcə bir iş yeri olub. Termostat sexi. Təqaüdə çıxana qədər də burada baş usta vəzifəsində işləyib. Dərslərini yaxşı oxuduğuna və orta məktəbi gümüş medalla bitirdiyinə görə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. Üç il də orada oxuyub. Amma maddi vəziyyətləri çətin olduğuna görə oxumaq istəməyib. Azərboru zavoduna işə düzəlib. Baxmayaraq üçnücü kursa qədər oxumuşdu və onu zavodda yaxşı işlə təmin etmək istəyiblər, amma o, deyib mən fəhləlikdən işə başlamaq istəyirəm ki, onların ağır zəhmətini özüm hiss edim. Bu işi də sıfırda öyrənib, öz zəhmətimlə yüksəlim. Belə də olub. Zavodda işə düzəlməklə özündən böyük və kiçik qardaşlarına maddi cəhətdən köməklik edib ki, onlar ali təhsil alsınlar. Qardaşlarından biri, böyük qardaşı bu gün Azərbaycanın tanınmış alimlərindən biri akademik Məmməd Salmanovdur. Kiçik qardaşı Səyyad Salmanov isə Azərbaycanın tanınmış diş həkimlərindən biri olub. Uzun illər Bakı şəhərində 6 nömrəli Poliklinikanın baş həkimi işləyib. Bir vaxtlar ölkəmizin tanınmış şəxsləri dişlərini müalcə etdirmək üçün məhz ona müraciət ediblər. Hətta məşhür müğənni, bəstəkar Müslüm Maqomayevin də dişlərini o, müalicə edib.

Əziz kişi yüksək ictimaiyyətçi olduğuna görə çox mehriban və hamı ilə tez dil tapan idi. Təbiətən sinədəftər, duzlu-məzəli əhvalatları özünəməxsus yumorla danışdığına görə də onun ətrafında cavanlar daha çox olur və Əziz kişinin söhbətlərinə maraqla qulaq asırdılar. Bəlkə elə buna görə də Əziz kişi dünyasını dəyişəndə təkcə onun övladları, qohumları yox, vaxtı ilə əlindən tutub kömək etdiyi, öz məsləhətləri ilə doğru yol göstərdiyi insanlar da göynəyir və onun ölümü ilə barışa bilmirdilər. Baxmayaraq ki, o, 2016-cı ilin mart ayının 16-da haqq dünyasına qovuşub və həmin gündən 4 ay keçsə də, həmin insanlar yenə də onu unutmur və tez-tez yada salırlar. Övladları isə daha çox göynəyirlər...

Mən Əziz kişinin övladlarından Malik həkim və İradə xanımla qarşı-qarşıya əyləşmişəm. Onlar öz ataları haqqında xatirələrini həm kədərli, həm sızıltı ilə danışır və xoş anları əlçatmaz günlər kimi xatırlayırlar.
- Atam təkcə bizi özünə övlad bilmirdi və həm də briqadasında işləyənlərin hamısını öz övladı bilir və onların hər birinə də övlad kimi yanaşırdı,- deyə Malik həkim sözə başladı. Ona görə də onun briqadasında olanlar tez-tez bizim evimizdə, bağımızda olur və bütün bayramları bizimlə birlikdə keçirirdilər. Onların toylarında, ən xoş və ən pis günlərində də atam çox yaxından iştirak edirdi. Anam Qalina xanım da elə 1959-cu ildən ömrü boyu Azərboru zavodunda işləmişdi. Boru prokatı sexində, məşhur 140 stanında operator olmuşdu. O, metallurgiya sahəsində təhsilli mütəxəssis idi. Belə ki, anam Ukraynada Əlvan Metallurgiya Texnikumunu bitirəndən sonra təyinatla Azərboru zavoduna göndərilmişdi. Atamla da həmin zavodda tanış olub, ailə həyatı qurmuşdular. Hər ikisi də təqaüdə gedənə qədər bu zavodda işləyiblər. Onların ölümü də bir-birinin ardınca oldu. Atamın ölümünə anam döz bilmədi. Çünki onlar 56 il böyük istəklə bir yerdə yaşamışdılar. Atamın heç 40 günü çıxmamış anam da dünyasını dəyişdi... ( Malik həkim birdən-birə tutuldu. Heç nə deyə bilmədi. Bir qədər susdu və sonra yenə də sözünə davam etdi.)

O vaxt zavodun instumental sexinin rəisi Qüdrət Abbasov da bizim qonşumuz idi və atamla yaxın dostu idilər. İndi də onlarla biz qonşuyuq və onun qızları ilə mənim bacım rəfiqədirlər. Hətta orta məktəbi qurtaranda mən birinci il Tibb İnstitutuna daxil ola bilmədim və atam məni Qüdrət müəllimin yanına işə düzəltdi. Və ona bu sözləri dedi: "Bu uşağı götür qoy sənin yanında işləsin və görsün ki, fəhləlik nədi, zavod nədi. Onda məcburən çalışacaq ki, yaxşı hazırlaşıb, gələn il ali məktəbə daxil olsun". Həqiqətən də elə oldu. Zavod mənə çox şey öyrətdi və mən sonrakı il ali məktəbə daxil oldum.
- Ailədə neçə övladsınız?
- Üç övlad. İki qardaş və bir bacı. Hər üçümüz ali təhsilliyik. Bacım İradə xanım da burdadır. O da sizə atamız haqqında nə lazımsa deyə bilər.
Bu vaxt mən üzümü İradə xanıma tuturam.
- Sizinlə bizim tanışlığımız çox təsadüfən yarandı. Sumqayıt Musiqi Kolleci haqqında, daha doğrusu sizin orada hazırladığınız və böyük maraq yaradan "Zəfər himni" konserti haqqında məqalə işlədiyim vaxt məlum oldu ki, siz Əziz Salmanovun qızısınız. Bu əlbəttə, mənim üçün çox xoş oldu və biz elə orada sizinlə birlikdə atanızı xatırladıq. Taleyin hökmünə baxın ki, 16 mart mənim anadan olan günüm olsa da, həmin gün sizin həyatınızın bəd günüdür.
- Nə etmək olar. Həyatdır də... Biri dünyaya gəlir, biri dünyadan gedir. Səməd Vurğun deyən kimi: " Bir yandan boşalır, bir yandan dolur. Sirrini verməyir sirdaşa dünya".
- Atanız sizin yaddaşınızda necə qalıb?
- Mən elə bir insan tanımıram ki, desin atamı az istəyirəm. Hətta insanlar and içəndə də çox vaxt atalarının canıma and içirlər. Mən həyatda bircə bunu bilirdim ki, o, mənim yanımda olanda həyatda heç bir qorxum yox idi. O, yanımda olanda mən hər bir məsələni, problemi çox asanlıqla həll edə bilirdim. Ya da fikirləşirdim ki, hansısa məsələni atama deyən kimi o, həmin dəqiqə o məsələni həll edəcək. Bizim ailədə hər kəs öz yerini bilirdi. Atam öz yerini, anam öz yerini və biz uşaqlar da təbii ki, öz yerimizi bilirdik. Yəni ailədə böyük nizam-intizam vardı. Əlbəttə, elə bir ailə ola bilməz ki, orada problemlər olmasın. Amma onu bilirəm ki, biz o problemlərdən qorxmurduq. Çünki bilirdik ki, atamız həmin problemləri çox asanlıqla, düzgün, haqq-ədalətlə həll edəcək. Anam isə xasiyyətcə çox yumuşaq, həlim bir qadın idi. Onlar bir baxışla bir-birini başa düşürdülər. Belə ki, atam evə girəndə anam ona baxan kimi bilrdi ki, nə sözü indi demək olar, nəyi isə saxlayıb, sonra demək lazımdı. Atam da sözü bir dəfə deyirdi. O, bir fikri iki dəfə təkrar etmirdi. Bizim tərbiyəmizlə, dərslərimizlə əsasən anam daha çox məşğul olurdu. Çünki atam daha çox zavodda işdə və şəhərdəki ictimai işlərdə olurdu. Həmişə də anam bizə deyirdi ki, atanın sözünü iki eləmək olmaz. Mənim yadımda deyil ki, atam bizsiz harasa istirahətə getsin. Bütün bayramlarda və istirahətdə biz bir yerdə olurduq. Ümumiyyətlə atam qonaq-qaranı çox sevən insan idi. Qohumlarla, dost-tanışlarla bir yerdə olmağı çox xoşlayırdı. Ona görə də bizim məclislərimiz gur və çox şən keçirdi. Atamla anamın 80 illik yubileyi və ailə həyatı qurmalarının 55 illiyi mənim yaddaşımda əbədilik qalıb. 2013-cü ildə anam ad günüdə İranda cərrahiyyə olunmuşdu. Atam həmin gün çox böyük bir tort hazırlatdırıb və güllə onun yatdığı reanimasiya palatasına girmək istəyəndə qoymayıblar. Çünki İranda kişiləri qadın palatasına buraxmırlar. Atam həkimə deyib ki, "ay həkim neçə ildir ki, biz ailə həyatı qurmuşuq, mən həmişə onun ad günündə ona gül və tort vermişəm. İndi deyirsən ki, mən həmin adət-ənənəni pozum? Bu mümkün deyil axı. Nə edirsənsə et və kimin yanına getmək lazımdırsa gedim, amma mən bu gülü və tortu məhz bu gün ona verməliyəm". Həkim gülüb və onunla razılaşıb. Atam anamın palatasına girib, gülü anama verib və tortu da kəsib orada işləyənlərə paylayıblar.
Axırıncı 3 ildə hər ikisi xəstə olsalar da bir-birinə dəstək olmaqla, həm də ürək-dirək verməklə yaşayırdılar. Atamla anamı 80 ildən çox yaşadan mən deyərdim ki, onların bir-birinə olan sevgiləri idi. Onlar məhəbbət adlı müqəddəs quşun qoşa qanadı idilər. Atam dünyasını dəyişəndə və biz onun 3-7 günlərini verəndən sonra anam dedi: " Mən Əzizin 40-ı günü gedib ona qovuşacam. Mən onsuz yaşaya bilmərəm" . Elə də oldu. Anam, atamsız boşluğu qəbul etmədi. Onu da vurğulayım ki, anam müsəlman dinini qəbul etmişdi və Azərbaycan dilində çox yaxşı və səlis danışırdı. Azərbaycan mətbəxini də yaxşı bilirdi və milli yeməklərimizi əla hazırlayırdı. Qardaşlarım da, mən də, gəlinimiz də çox istədik onun üçün həmin boşluğu dolduraq ki, anamız bir qədər də yaşasın. Tez-tez axşamlar anamızı gəzməyə çıxarırdıq ki, onun fikri dağılsın və heç olmasa bir müddət atamızı yaddan çıxartsın, amma bacarmadıq... Atamızın yerini onun üçün tuta bilmədik. Anam da bizi qoyub haqq dünyasına qovuşdu... ( İradə xanım kövrəldi və daha danışa bilmədi.)
Bu vaxt üzücü bir sükut yarandı. Bu sükutu Malik həkim pozdu.
- Mən deməzdim ki, atam cod insan idi. Əslində o, sülh tərəfdarı idi. Həm də yalan danışan adamları sevməzdi. Əgər biz uşaq vaxtı həyətdə uşaqlarla nə isə eləmişdiksə və ya dalaşmışdıqsa deyərdi ki, "gəlin hər şeyi olduğu kumu mənə danışın. Əgər mənə həqiqəti desəniz günahınızdan keçərəm. Amma gəlib mənə yalan danışsanız iki dəfə cəzalanacaqsınız. Bir həmin işi etdiyinizə və bir də yalan danıçdığınıza görə". Hər həftənin 6-cı günü dərs gündəliyimizə özü imza atırdı. Və çox ciddi izləyirdi ki, biz dəslərimizi necə oxumuşuq. Mənim yadımda deyil ki, həmin gündəliyə anam imza etsin. Ola bilərdi ki, gündəliyimizə müəllimlər dərsdə şuluq saldığımıza görə və ya dərsləri pis oxumağımıza görə nə isə yazanda çalışardıq ki, həmin vaxtı anamız imza etsin. Amma o da imza atmayıb, deyirdi ki, qoy atanız özü həmin sözləri oxuyub imza etsin. Atamızın da iki cür imza forması vardı. Əgər görsəydi ki, gündəlikdə nə isə xoşagəlməz söz yazılıb və ya biz elə də yaxşı qiymət almamışıq, çalışlrdı özü imza etməsin, ya da deyirdi "mən belə gündəliyə qol çəkmərəm. Siz mənim qoluma layiq deyilsiniz. Verin ananız imza etsin". Atamızın imzasına layiq olmaq üçün çalışırdıq ki, gələn həftə hökmən yaxşı qiymətlər alaq. Atam çox qonaq-qaralı adam idi. Qərbi Azərbaycandan gələn bütün qohumlar əsasən bizə gəlirdilər. Bizim evdə qalırdılar. Onların bütün problemli məsələlərini, ali məktəblərə qəbul olmasını da atam həll edirdi. Təbii ki, onlar özləri imtahan verirdilər. Kamal attestatında qiymətləri zəif olanlara ali məktəbə imtahan verməyi məsləhət bilməzdi. Onları Azərboru zavodunda işə düzəldirdi.

- Ali məktəbə qəbul olduğunuz günü necə xatırlayırsınız? Atanızın buna münasibəti necə oldu?
- Yaxşı yadımdadır ki, biz axırıncı imtahana gedəndə birdən gördüm pasportum yadımdan çıxıb evdə qalıb. Pasporum olmasaydı məni imtahana buraxmayacaqdılar. Dedim ki, ata pasportum yadımdan çıxıb evdə qalıb. O vaxt bizim köhnə bir maşınımız vardı. Həmin maşının surətini də 70-80-nə qaldırmaq təhlükəli idi. Biz pasportu götürmək üçün məcbur olub geri qayıtdıq. İnanın atam həmin yolu necə sürətlə sürürdü ki, biz imtahan gecikməyək. Mən qorxudan dişlərimi-dişlərimə sıxmışdım. İmtahanın başlamasına bir neçə dəqidə qalmız gedib instituta çatdıq. İmtahanı da yaxşı verdim və ali məktəbə qəbul oldum. Atamın böyük inamı vardı ki, mən hökmən qəbul olacam. Ona görə də çalışırdı ki, mən imtahana çatım. Biz bağa yaxınlaşanda o, ucadan maşının siqnalını verdi. Artıq hamı məni "urra" ilə qarşıladı. Mən imtahandan qayıdanda gördüm ki, artıq kabablar çəkilib hazırdır. O, ömrü boyu həyatını biz övladları, qohumları, dostları, tanışları üçün şam kimi yandırdı.
- Mənim də Azərbaycan Dövlət Konservatoriyasına imtahan verdiyin vaxt yadımdadır,- deyə İradə xanım da bizim söhbətə qoşuldu. Bilirsiniz ki, Konservatoriyaya imtahan verib qəbul olmaq çətindir. Atamın da, anamın da arzusu idi ki, mən musiqiçi olum. Ona görə də lap uşaq yaşlarımdan onlar məni evimizə daha yaxın olan Sumqayıtdakı keçmiş Pionerlər evində ( indiki Uşaq və Gənclər Mərkəzi) fortepiano sinifinə qoymuşdular. Orada 7 il təhsil aldım və sonra Sumqayıt Musiqi Texnikumuna qəbul oldum. Oranı bitirəndən sonra sənədlərimi Azərbaycan Dövlət Konservatoriyasına verdim. Mənim xasiyyətimdə atamın xasiyyətinin cizgilərindən çoxdur. Elə lap uşaq yaşlarımdan istəyirəm ki, hər şeyi özüm edim və hamıya da sübut eləyim ki, bunu özüm eləmişəm. Çətinliklərdən qorxmuram. O vaxt da biz, Dövlət Konservatoriyasında 9 imtahan verirdik. Artıq ikinci imtahanda hiss elədim ki, mənə qarşı ədalətsizlik var. Mənə layiq olduğum qiymət verilməyib. Pəncərədən gördüm ki, atam həyətdə gözləyir. İşarə elədi ki, düş aşağı. Mən də pəncərəni açıb dedim ki, bu qiymətlə razı deyiləm, ona görə də şikayət etmək istəyirəm. O da mənə dedi ki, "ay qızım qabaqda hələ 7 imtahan var. O 7 imtahanın da sən hamısını onlara sübut eləyə-eləyə gedəcəksən". Əlbəttə, mən onun sözündən çıxa bilmədim. Aşağı düşdüm. Sonra o deyən kimi bütün imtahanlardan həqiqətən də yaxşı qiymətlər aldım. Axırıncı imtahandan mənə bircə kafi qiymət kifayət edirdi ki, ali məktəbə qəbul olum. Həmin imtahan da tarixdən idi. O vaxtlarda Dövlət Konservatoriyasında oxuyanlar bilir ki, bu fənnən də Şövkət xanım dərs deyirdi. Çox ciddi adam olduğuna görə ondan yaxşı qiymət almaq da asan deyildi. Tarix fənninə də mən özüm hazırlaşmışdım. Tarixdən əla qiymət aldım və pilləkənlə sevincdən atıla-atıla düşdüm. Qapı açılanda bayırda atamın həyəcanla durduğunu gördüm. O, mənim gözlərimdən yaxşı qiymət aldığımı başa düşdü və çox sevindi. Biz də həmin günü getdik bağa kabab yeməyə. (Gülür.)

- Biz, bacı və qardaşlar üçümüz də ali təhsilli olsaq da, atam ali təhsil almayıb,-deyə Malik həkim bizim söhbətimizə qoşuldu. Amma orta məktəbi gümüş medalla bitirib. Böyük qardaşı Məmməd Salmanov da texnikumu qırmızı diplomla bitirib. Kiçik qardaşı Səyyad da orta məktəbi gümüş medalla bitirib. Ali məktəbi də əla qiymətlərlə oxuyub. Səyyad əmim yaxşı diş həkimi idi. Uzun illər də Bakıda baş həkim işləmişdi. O da dünyasını dəyişib.
- Əmim Səyyad həkimlə Müslüm Maqomayevin çox maraqlı tanışlığı yaranıb. Dahi sənətkar Azərbaycana konsert verməyə gələndə, dişləri ağrıyıb, -deyə İradə xanım bizim söhbətimizə müdaxilə etdi. Onun həkimi də Moskvada yaşayırmış. Oradan həkimi gətirtmək istəməyib. Soruşub ki, Azərbaycanda ən yaxşı diş həkimi kimdir? Səyyad əmimi məsləhət biliblər. O, Müslüm Maqomayevin dişlərini müalicə edib. Dahi sənətkar da bu zəhmətinin müqabilində onu həmin vaxtı Bakıda ən məşhur olan "Gülüstan" restoranına yeməyə dəvət edib. Onlar ora gedəndə görüblər ki, restoranın müdiri yanında işçilər, əllərində gül dəstələri qapıda dayanıb onları gözləyirlər. Demə "Gülüsnaın" restoranının müdiri Kazım kişi əmimin dostu imiş. Əmim əvvəlcədən ona zəng vurub tapşırıb ki, biz Müslüm Maqomayevlə axşam yeməyinə ora gələcəyik. Müslüm Maqomayev də belə yüksək formada qarşılanmanı Səyyad həkimin təşkil etdiyini başa düşüb və deyib: "Doktor siz burada da məni qabaqladınız". Yeməkdən sonra dahi sənətkar deyib ki, doktor bəs mən sizə necə bir hörmət eləyim? Əmim də deyib ki, mənim qardaşım qizi Azərbaycan Dövlət Konservatoriyasına imtahana hazırlaşır. Əgər vaxtınız varsa ona qulaq asın və görün ali məktəbə qəbul olmağa layiqdir ya yox. Müslüm müəllim də deyib ki, mənim sabah ona qulaq asmağa imkanım var. Gəlsin nələrisə ifa eləsin, qulaq asım. Əmim bunu mənə deyəndə qəti etiraz elədim ki, mən belə böyük sənətkarın qarşısında pianino çala bilmərəm. Ona görə də getmədim.
- Siz Qərbi Azərbaycana, atanız doğulub böyüdüyü yerlərə getmisinizmi?
- Bəli. Demək olar ki, hər il yay aylarında orada olurdüq. Onların kəndi Qaraqışlaq, çox böyük kənd idi,-deyə Malik həkin o illəri belə yada saldı. Həmin vaxtı ermənilər bütün kəndlərin adını dəyişib erməni adları yazdırırdılar. Amma bizim kəndin adını dəyişsələr də erməni adı yox, Dostluq adı qoydular. Orada orta məktəb, böyük klub vardı. Hətta 1988-ci ilə qədər kəndin klubunda ən yaxşı oxuyan, medalla məktəbi bitirən üç nəfərin şəklini asmışdılar. Bunlar böyük əmim Məmmədin, atamın və kiçik əmim Səyyadın şəkilləri idi. Elə oxuduqları məktəbdə də fəxri şagirdlərimiz guşəsində onların da şəkilləri başda asılmışdı.
- 1988-ci ildə Ermənistanda başlanan hadisələr atanıza necə təsir edirdi?
- Həmin illər çox yaxşı yadımdadır. O vaxt mən artıq həkim kimi Şəmkir rayonunda işləyirdim. Məni təyinatla ora göndərmişdilər. Təbbi ki, fikirləşirdik bu işlərin axırı necə olacaq? Bir dəfə Sumqayıta evə gəlmişdim. Gördüm ki, akademik əmim Məmmədlə atam oturub fikirləşirlər nə etsinlər, necə etsinlər ki, oradan yaşlı babamı, nənəmi bura necə gətirsinlər. Ümumiyyətlə orada olanlara necə köməklik etsinlər. O vaxtı biz getdik Bakıdakı Respublika Xəstəxanasının baş həkiminin yanına. O, atamın, əmimin dostu idi. Əmim və atam əhvalatı ona danışdılar və ondan bir maşım xahiş etdilər ki, kəndimizdəki qohumları bura gətirə bilsinlər. Çünki təcili tibbi yardım maşınına icazə verirdilər oradan adamları gətirməyə. O, bir sürücünü çağırıb dedi ki, atamgillə getməlidi. O da dedi ki, baş üstə. Həmin vaxtı atamgilə həkim xalatı da verdilər. Biz, maşınına minəndə sürücü soruşdu ki, hara getməliyik? Biz, deyəndə ki, Ermənistana, o, əvvəlcə inanmadı. Sonra bir qədər fikirləşib dedi ki, "onda icazə verin gedib evdəkilərə deyim, qoy bilsinlər. Bir uşaqlarla da xdafizləşim, bilmək olmaz bəlkə daha onları bir daha görməyəcəm. Paltarımı da dəyişim". Çünki o vaxt Ermənistanda vəziyyət pis idi. Artıq Sumqayıt hadisələri də olmuşdu. Həm Ermənistanda və həm də Azərbaycanda böyük xaos hökm sürürdü. O, həqiqətən mərd kişi çıxdı. Biz orada gözlədik və yarım saata gəlib dedi ki, "hazıram, gedəyin". Şəmkirə çatanda məni düşürtdülər ki, sən burada qal. Sənin yerinə oradan heç olmasa bir nəfəri də artıq gətirə bilərik. Razılaşdıq ki, onlar nə vaxt qayatsalar hökmən mənimlə əlaqə saxlasınlar. Səhərə yaxın gəlib Şəmkirə çıxdılar. Atam danışırdı ki, 15 dəqiqəyə adamları maşına mindirdik və hamıya da dedik ki, yalnız sənədlərini özləri ilə götürsünlər. Tez də kənddən çıxdıq ki, ermənilərlə rastlaşmayaq. Onlar babam, nənəm, bibim və çoxlu qohumları, kənd sakinlərini sağ-salamat gətirdilər. Əlbəttə, bu elə özü böyük igidlik idi ki, sərhəddi keçib, ermənilərlə rastlaşmadan hamını sağ-salamat gətirmişdilər. Həmin igidliyi elə sürücü də etmişdi. Təmənnasız bu qədər çətin yolu getmişdi. Atam və əmim də erməni dilini yaxşı bilirdilər. Ona görə də fikirləşirdilər ki, ermənilərlə rastlaşsalar bir təhər dil tapa bilərlər.

İndi biz atamızdan həvəslə danışdığımız kimi, atamgil də öz atalarından böyük həvəslə danışırdılar. Çünki mənim babam Əhəd kişi həmin bölgənin ağsaqqalı idi. O, qan düşmənçiliyini yatızdırır və küsülüləri barışdırırdı. Çünki o, gedən evdən hökmən razılıq almamış geri qayıtmazdı.
- Atanızla ananız necə tanış olmaları haqqlnda danışırdılarmı?
- Əlbəttə, danışırdılar. 1959-cu ildə Sumqayıt balaca bir şəhər idi. Şəhərdə də əsasən cavan oğlanlar və qızlar idi. Çoxu da yataqxanalarda yaşayırdılar və boş vaxtlarında da rəqs meydançasına, ya da kinoya gedirdilər. Azərboru zavobunun
qızlar və oğlanlar yataqxanaları da bir-birinin yanında idi. Onlar əvvəl rəqs meydançasında tanış olublar. Yeməkxanada bir-birini görüblər. Zavoda eyni maşında gedib-gəliblər və beləcə tanış olublar. İki ildən sonra da ailə həyatı qurublar. Atam boylu-buxunlu, özünə fikir verən kişi idi. Kənardan baxanlar bilməzdilər ki, o, zavodda sexdə adi usta işləyir. Çünki işə gedəndə kastyum, ağ köynək geyir və qalstuk taxırdı. Modayla geyinirdi.Çox vaxt da üzünü iki dəfə qırxırdı. İşdən sonra da şəhər tədbirlərinə gedirdi. Biz səhər atamın ayaqqabılarını siləndə bundan məmnunnluq duyurduq. Bunu özümüzə fəxarət bilirdik.
- İradə xanım, siz konsertə hazırlaşanda atanız və ananız ağır xəstə idilər. Bəs siz konsertə hazırlaşmağa necə vaxt tapırdınız?
- Məni atam özü məcbur edirdi ki, bu ciddi işimi yarımçıq saxlamayım. Məşqdən qayıdan kimi onun yanına gəlirdim. Bu gün gördüyümüz işlə maraqlanırdı. Mən də öz işlərim və planlarım haqqında ona danışırdım. Onun məsləhətlərinə qulaq asırdım. Vəziyyəti lap ağırlaşanda mənə dedi ki, "İradə bu həyatdır. Mən bilirəm ki, tezliklə sizinlə əbədi ayrılacam. Sayılı günlərim qalıb. Mən səndən xahiş edirəm işini dayandırma və konsertlərini də ver. Konsetlərə də get. Bax onda mənim ruhum şad olar. Mən xoşbəxt adamam ki, 83 il yaşamışam. Övladlarımın toyunu görmüşəm. Övladlarım, nəvələrim başıma yığışırlar. Daha bundan sonra mənə heç nə lazım deyil. Bəs onda neynəyərdiniz mən 30- 40 yaşında dünyamı dəyişsəydim? Sizi kim böyüdərdi? Görürsünüz Qarabağ döyüşlərində cavan insanlarımız necə şəhid olurlar. Elələri var ki, övladları lap körpə qalır. Ona görə də sizdən xahiş edirəm ki, məndən sonra ağlamayın və qara geyinməyin". Bu sözləri anam da mənə demişdi. O da istəmirdi ki, biz illərlə yas saxlayaq. Çünki mən neçə müddət idi ki, həmin konsertə hazırlaşırdım. Bu, mənim elə bil ki, öz işimlə bir daha böyük ictimaiyyət qarşısında imtahanım idi. Baxmayaraq ki, 40 gündə mən iki əziz adamımı itirdim, amma konsertləri saxlamadım. Biz qısa vaxtda 5 konsert göstərdik və hər biri də bir-birindən yaxşı alındı. Həmin konsertləri də atama və anama həsr etdim. Belə...
Mən heç vaxt inanmıram ki, onlar dünyalarını dəyişiblər. Çünki onlar tez-tez mənim yuxularıma gəlirlər. Mən onlarla danışıram. İndi mənə çətin olanda fikirləşirəm ki, əgər atam, anam yanımda olsaydı onlar nə məsləhət verərdilər? Nə təkliflər edərdilər? Belə sualları fikirləşdikcə həmin çətin işi asanlıqla həll edirəm. Belə bir deyim var ki, "insanların əziz adamları dünyalarını dəyişəndə, onların gücü, qüvvəsi, iradəsi, səbri ən yaxın adamlarına keçir və onların həyatına çıraq olur". Mən bu deyimə inanıram. Çünki bunu hər an hiss edirəm və fikirləşirəm ki, atamla anam dünyalarını dəyişməyiblər, onlar bizim yanımızdadırlar. Yenə də bizə yol göstərir və həyatımıza çıraq olurlar.
Ağalar İDRİSOĞLU,
Əməkdar İncəsənət Xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB