Rəfiəli həkimi 30 ildir ki, tanıyıram. Onun bütün uğurlarının mənim gözlərim qarşısından keçməsi ilə bərabər, şəxsən müşahidəçisiyəm. Dostumun bu uğurlarını gördükdə mən də sevinmişəm. Xəstələrin onun haqqında xoş sözlər deməsindən çox fərəhlənirəm. Hətta anam xəstə olanda və onun ayağında cərrahiyyə əməlittatı aparmaq lazın gələndə, mən yalnız Rəfiəli həkimi nəzərdə tutmuşdum. Həmin zamanlar baxmayaraq ki, o, hələ cavan idi və elə də tanınmırdı. Anam isə yaşlı insan idi və cərrahiyyədən də çox qorxurdu. Məndə isə böyük bir inam vardı ki, Rəfiəli həkim onu yaxşı cərrahiyyə edəcək. Elə də oldu. Hətta anam onu özünə oğulluğa götürdü. 2000-ci ilin fevral ayına, yəni dünyasını dəyişənə qədər onunla maraqlanır və rayondan mənə sovqat payı göndərəndə, Rəfiəli həkim üçün də ayrıca sovqat payı qoyur, həm də dəfələrlə tapşırırdı ki, bunu hökmən Rəfiəli həkimə çatdır. Sonra mən öyrəndim ki, özünün gözəl xasiyyətinə və yaxşı cərrah olduğuna görə Azərbaycanın rayonlarında Rəfiəlini özünə oğulluğa, qardaşlığa götürən insanlar çoxdur.
.jpg)
Rəfiəli Novruzovu əvvəllər həkin kimi əgər Sumqayıtda tanıyırdılarsa, artıq indi Bakıda və Azərbaycanın bütün rayonlarında, eləcə də xarici ölkələrdə yaxşı tanıyırlar. Çünki o, tibb elmləri doktoru kimi çoxlu xarici ölkələrdə konqreslərdə, simpoziumlarda iştirak etməklə, maraqlı çıxışlar edir. Həm də çoxlu xarici ölkələrdən onun adını eşidib, xəstələr cərrahiyyə əməliyyatları aparması üçün onun işlədiyi Sumqayıt şəhər 4 nömrəli Xəstəxanaya müraciət edirlər. Rəfiəli Novruzov Sumqayıt şəhərinin baş cərrahı kimi, şəhərdə bütün cərrahi profilli müəssisələrdə ağır əməliyyatlarında iştirak edir və özünün məsləhətlərini, tövsiyyələrini də verir. Eləcə də cərrahiyyə, genikologiya ilə bağlı Sumqayıtda keçirilən seminarlarda maraqlı çıxışlar edib, kadrların hazırlanmasında məsləhətlərini əsirgəmir.

Bu günlərdə Rəfiəli Novruzovla görüşməyi və Azərbaycan səhiyyəsi ilə bağlı onun fikirlərini öyrənmək istədim. Mənə elə gəlir ki, onunla müsahibəmiz çox maraqlı alındı. İndi həmin müsahibəni çoxminli oxucularımızın ixtiyarına verirəm. İlk öncə isə onu oxucularımızla qaha yaxından tanış edim.
.jpg)
Qısa aratış: Rəfiəli Maşalla oğlu Novruzov 1957-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. 1972-ci ilə qədər də Soruda yaşayıb və səkkiz illik təhsilini də orada alıb. Sonra ailələri Lənkərana köçdüyündən təhsilini Lənkəran 1 nömrəli orta məktəbində alıb. Üç il sənədlərini Tibb İnstitutuna versə də müsabiqədən keşə bilməyib. 1976-78-ci illərdə Uzaq Şərqdə, Xabarovsk şəhərində hərbi xidmətdə olub. 1979-cu ildə Voronej Dövlət Tibb İnstitutuna qəbul olub. Bir ildən sonra köçürmə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsilini davam etdirib. 1985-ci ildə ali məktəbi fərqlənmə qipomu ilə bitirib. Hətta əlaçı tələbə olduğuna görə həmin vaxtı ona Lenin təqaüdünün verilməsi tövsiyyəsi edilir.1986-cı ildən Sumqayıtda həkim kimi əmək fəaliyyətinə başlayıb. Həyat yoldaşı, oğlu və gəlini də həkimdir.
- Rəfiəli həkim, siz ali məktəbi çox ümid verən cərrah kimi bitirdiniz, amma Sumqayıta gələndə, sizi cərrah kimi işə götürmədilər. Bunun səbəbi nə idi?
- O vaxt mənə dedilər ki, cərrah kimi vakant yerlərimiz yoxdur. Amma gördüm ki, məndən sonra ali məktəbi bitirib gələnlərin bəzilərini hansı yollarlasa cərrah ştatına işə götürdülər. Mən o acı illərə qayıtmaq istəmirəm. Ona görə də məcbur olub, Sumqayıt Bərpa Müalicəsi Xəstəxanasında, indiki 4 nömrəli xəstəxanada planlı travmotologiya deyilən bir şöbə vardı. Orada da əməliyyatlar olmurdu. Kəskin travmalardan sonra bərpa dövrü, reabilitasiya dövrü deyilən dövrlərdə onların müalicəsi ilə məşğul olurdum. Hətta həmin xəstələrin daha tez bərpa olunması üçün Moskvaya gedib, manual terapiya kursunu da keçdim. Beləliklə, 13 il həmin şöbədə fəaliyyət göstərdim. Azərbaycanda Qarabağ hadisələri başlayanda Bərpa Müalicəsi Xəstəxanasındakı bizim şöbədə bir neçə köçkün ailələri yerləşdirildi və faktiki biz işsiz qaldıq. Həmin müddətdə cəbhədən gələn çoxsaylı xəstələri müalicə edirdim. Çox sevinirəm ki, həmin hərbiçilər əksəriyyəti sağalandan sonra yenə də cəbhəyə getdilər. Həmin müddətdə Sumqayıt Tibb Texnikumunda da dərs deyirdim və Təcili Tibbi Yardım Stansiyasında işləyirdim. Yəni mənim xasiyyətimdə işsiz qalmaq, bekar olmaq istəyi heç vaxt olmayıb. Amma bütün bunlarla yanaşı içimdə bir inciklik vardı ki, axı mən cərraham və bu sahədə daha çox işlər görə bilərəm. Beləliklə, 1998-ci ildə Bərpa Müalicəsi Xəstəxanasında Sumqayıt Səhiyyə Şöbəsi tərəfindən cərrahiyyə şöbəsi yaradılıdı və biz indi yerləşdiyimiz ikinci mərtəbədə 4 palatada yerləşdik. Bu otaqlarda da əvvəl qaçqınlar qalırdı və şərait çox pis idi. Təvazökarlıqdan uzaq olsa da həmin vaxtı şöbəni özüm bacardığım kimi təmir etdim. Çünki mən tikinti işini də yaxşı bacarıram. (Gülümsünür.) Tibbi avadanlıqları çətinliklə də olasa özüm əldə etdim. Yadımdadır ki, bax elə həmin vaxtlardan insanlar Sumqayıtda cırrahiyyə ilə başlı sizə daha çox müraciət etdilər. Bəs bu nədən yaranmışdı?

- Həkimlik peşəsində cərrahiyyə çox məsuliyyətli sahədir. Cərrah gərək kifayət qədər dəqiq, səmimi və kifayət qədər məlumatlı olmalıdır. Bütün bunlar cərrahiyyədə daha çox vacib amillərdir. El arasında belə bir söz də var. Deyirlər ki, " sən Allah məni qana salma". Cərrahiyyə başdan ayağa qandır. Bu qanın hansı məqsədlə axıdalmasından asılı olmayaraq, qan elə qanlığında qalır. Cərrahın bütün hərəkətləri istənilən vaxtı həmin qanı yumaq üçün bir su olmalıdır. Əgər cərrah həmin amili nəzərə ala bilsə, həmin nüanslara əməl eləyə bilsə, bax onda həmin cərraha müraciət edənlər çox olacaq və onu qəbul edəcək. Cərrah ilk növbədə özünü bıçağın altında uzanan şəxsin yerində hiss etməlidir. Həmin xəstənin nə keçirtdiyini öz üzərində hiss etməlidi və duymalıdı. Sonra həmin adamın üzərində əməliyyat aparmalıdı.
- Siz artıq cərrah kimi az bir zamanda məşhur oldunuz və sizin həkim kimi hər gün işləriniz çox olurdu. Amma bu işlər azmış kimi siz artıq elmi iş üzərində də işləməyə başladınız. Elmi sahə də çox ağır bir işdir. Bəs siz buna haradah vaxt tapdınız?
- Belə bir deyim var: " Yer üzündə insanların yalnız 1,5-2 faizi elm üçün doğulur". Bəzi ölkələrdə isə bu hətta 0,5 faizdir. Ali təhsil almaq hələ elm adamı olmaq demək deyil. Bu sadəcə ali təhsilə malik sənət sahibi deməkdir. Elm adamı gərək elmlə bir növ simbioz, bərabər yaşamalıdır. O, nəyisə tədqid eləmək, kəfş etmək üçün Allahdan ömür diləməlidir. Çünki bu gün bizə təqdim olunanlarla tam razılaşıb, oturmaq olmaz. Hətta cərrah mövcud əməliyyat və müalicə növləri ilə razılaşıb elə hər şeyi köhnə qaydada davam etdirirsə, bir növ o, elə yerində sayacaq. İnkişaf, proqress varsa bu gərək elmdə də, həkimlikdə də olmalıdır. Məni elmi iş yazmağa məcbur edən həmin vaxtı ölkəmizdə baş alıb gedən xaos, Qarabağda şiddətli döyüşlər getdiyi vaxtda kəskin dərman qıtlığının olması oldu. Yəni bu məsələlər də məni bir həkim-cərrah kimi çox düşündürürdü. Həm də az dərmandan istifadə etməklə böyük nəticələr almaq kimi məsələ də məni çox maraqlandırırdı. Çünki adamların dərman almağa da imkanları az idi. Ona görə də gecə-gündüz bunlar haqqında düşünürdüm. Fikirləşirdim ki, yaraya toxunmadan və yaranı tez sağaltmaq üçün yeni metodlar işləyib hazırlamaq lazımdır. Ona görə də bizim şöbənin materialları ilə həmin vaxtı yaraların müalicəsində yeni bir üsul təklif elədim. " Yaraların müalicəsində və profilaktikasında dərman preparatlarının aşağı tezlikli ultrasəs vasitəsi ilə ayrezol şəklində tətbiqi". Əgər adi halda 10 millilitr dərmanı yaraya tökmək lazım gəlirdisə, mən təklif elədiyim üsülla 1 ml. dərmanı təyin etməklə bir neçə dəfə artıq nəticə almağa nail olduq. Beləliklə, dərman qıtlığını nəzərə alıb, cərrahiyə və müalicə vaxtı az dərmandan istifadə etməklə böyük nəticələr aldıq. Bu metod az bir zamanda cərrahiyyədə geniş tətbiq olundu. Ona görə də mən bu metobu elmi iş kimi yazıb, az bir vaxtda müdafiyə elədim. Bu elmi işi yazmağa elə 1998-ci ildə başladım. İki ilə elmi işimi bitirib, 2001-ci ilin yanvar ayının 15- də tibb elmləri namizədi adını aldım. Allah rəhmət eləsin böyük alim Azad Mirzəcanzadəyə. Bu elmi işimi çox yüksək qiymətləndirdi və mənə cəmi 3 aya tibb elmlər namizədi diplomu verildi.
- Sonra da siz doktorluq elmi işini yazıb, onu da qısa vaxtda müdafiyə elədiniz.
- Elmi işlə məşğul omaq həm də insana boş vaxt keçirməyə imkan vermir. Çünki həmişə axtarışda olursan. Mənə elə gəlir ki, elmlə məşğul olan insanlar daha sağlam düşüncəli olurlar. Çünki onun beyni daha təmiz və yeni işlərlə məşğul olur. Bu bəlkə də Allahın mənə bir rəhmidir ki, cərrahiyə işilə yanaşı elmi işlə də məşğul oluram. Namizədliyi tez vaxtda müdafiyə etməyim mənə daha böyük həvəs yaratdı ki, doktorluq işimi də tez müdafiyə eləyim. Çünki hələ namizədlik işi üzərində işləyəndə artıq elmlər doktoru adını almaq üçün elmi kəşfimin böyük bir hissəsi beynimdə hazır idi və bu işi də artıq tibb aləmində tətbiq edirdim. Amma həmin vaxtı mənə mane olanlar çox oldu və imkan vermədilər ki, müdafiyə edəm. Ona görə də elmi işim 2005-ci ildə Səhiyyə Nazirliyində müzakirə olundu və mən həmin müzakirədən də keçdim. Yenə də mənə mane olanlar tapıldı. Amma Allah birinə qapı açanda heç kim ona mane ola bilmir. Əsas da odur ki, heç kimin zəhəməti hədər getmir. Mən də çəkdiyim zəhmətin bəhrəsini gördüm. Cəmi 3 ilə doktorluq işimi yazıb ilkin variantını Ali Attestasiya Komisiyasına təqdim etdim. Cərrahiyyə və genekologiya ilə bağlı elmi işimi müdafiyə edib, Azərbaycanda əyalətdə ilk tibb elmləri doktoiru adını aldım. Buna görə Allahıma və Sumqayıt camaatına çox minnətdaram. İndi də həm cərrahiyyə işimi və həm də elmi fəaliyyətimi davam etdirirəm. Ömrümün 30 ilini Sumqayıt səhiyyəsinə həsr etmişəm. Çox sevinirəm ki, bu şəhərdə mənə həm həkim, həm elmlər doktoru və həm də insan kimi çox hörmət edirlər. Təvazökarlıqdan uzaq olsa da hansı məclisə gedirəmsə böyük hörmətlə qarşılayırlar.
- Artıq sizə həkim kimi yox və həm də elmlər doktoru kimi müraciət etmək istəyirəm. Niyə hələ də insanlarımız müalicə olunmaq üçün xarici ölkələrə gedirlər? Necə etmək olar ki, xarici ölkələrə gedən xəstələrin qarşısı alınsın?
- Bu çox problemli bir məsələdir. Mənim fikirlərim də burada yalnız subyektiv ola bilər. Birinci növbədə millətin özünə və öz həkiminə inamı olmalıdır. Yadımızdadırmı Rusiyanın prezidenti Boris Yeltsen? O, özünün ürək əməliyyatını rus həkimlərinə etibar elədi. Bununla da rus cərrahlarına dünyada böyük inam və hörmət yaratdı. Dünyaya sübut elədi ki, mənim yaxşı həkimim və ölkəm var. Ona görə də bu gün xaricə müalicəyə gedənlər adi vətəndaşlar deyil. 5-10 manat pulu olan məmur, iş adamımı, sahibkardır. Əgər onlar bu gün yerli kadrları dəyərləndirsələr, heç vaxt adi insanlar öz təqaüdünü, cüzu əmək haqqını alıb müalicə üçün xaricə getməzlər. Mən əlbəttə, xarici ölkələrdəki yüksək səviyyəli xəstəxanalara getməyin əlehinə deyiləm. Amma inanın insanlarımız xaricdə elə yerlərə gedirlər ki, burada həkimlərimiz və xəstəxanalarımız oradan qat-qat yüksəkdir. Həm də həmin xəstəliklərin müalicəsi də qat-qat burada usuzdur. Gəlin onu danmayaq ki, bu gün səhiyyə sahəsində bizim çox yaxşı mütəxəssislərimiz var. Onların da çoxu xarici ölkələrdə təhsil alıblar və yüksək səviyyəli mütəxəssis kimi Vətənə qayıdıblar. Eləcə də Sovet səhiyyəsindən bəhrələnən çox yüksək təcrübəli həkimlərimiz var. Xaricə müalicəyə getmək hələ ki, kimlərinsə bir təbliğat maşınıdır. İnanıram ki, xarici ölkələrə gedib tam sağala bilməyən və heç bir təzminat almayan insanlar artıq səhv etdiklərini başa düşürlər. İnanıran ki, tezliklə insanlarımız elə Vətəndə müalicə almağı xaricdən daha üstün tutacaqlar. Artıq bu sahədə böyük irəliləyiş var. Bir daha deyirəm. Ölkənin başbilənləri, ziyalıları səhiyyə maarifini artırsalar, həkimlərimizi təbliğ etsələr xarıcə xəstə axınının qarşısı tezliklə alınar. Bu gün xəstələrlə tibb işçiləri arasında bir qarşılıqlı inam yaratmaq lazımdır.Bunu hamı özünün müqəddəs işi, borcu bilməlidir. Bu sahədə Kütləvi İnformasiya Vasitələri böyük iş görə bilər. Mənə elə gəlir ki, bununla bağlı bir pilot layihə hazırlamaq lazımdır. Müəyyənləşdirmək lazımdır ki, hansı həkimin yanına xəstələr daha çox və hansı həkimin yanına az gedir. Bununla da yaxşıları təbliğ edə bilərik. Onda öz peşələrini zəif bilən, həkim kimi öz üzərində işləməyənlər elə özləri bu peşədən ayrılacaqlar ya da öz üzərində işləyəcəklər. Bəzən də əksinə olur. Hər hansı bir həkimin səhvlərini KİV-lərdə çox şişirdir, təhqirlə dolu münasibətlər bildirirlər. Səhiyyəni bilməyənlər müstəqil ekspert və həkim kimi rəy verirlər. Bu sözlərlə qurunun oduna yaşı "yüksək bacarıqla" yandırırlar. Mən səmimi deyim ki, Azərbaycanda çox yüksək ixtisaslı, yaxşı həkimlər var və özü də az deyillər.
Gəlin onu danmayaq ki, Azərbaycan səhiyyəsi üçün alınan aparatlar, tibbi ləvazimatlar o qədər yüksəkdir ki, hətta inkişaf etmiş ölkələr buna həsəd apara bilərlər. Mən dəfələrlə xarici ölkələrdə konqreslərdə olanda, orada olan xarici həkimlər bizdə olan aparatlara açıqca həsəd apardıqlarının şahidi olmuşam. Sadəcə bizdə bunların təbliği vəistifəsini və həkimlərə bunun xeyrini öyrətməyə inandıra bilmirik. Kadrların bir hissəsi öz üzərlərində işləmirlər və yeni aparatlarla işləməyi öyrənmirlər. Ona görə də tibb işçisi kimi ilk öncə günahı həm də özümüzdə axtarmalıyıq ki, xəstələrin bizə inamı artsın. Xəstənin həkimə inamı artıq ilk başlanğıcda xəstəliyin sağalmasının 50 faizi deməkdir. Çünki insanın özünə inamı onu bütün çətinlikləri keçməyə səfərbər edir. Ona görə də müdriklərimiz deyib ki, "inam həyatın sərmayəsidir".
Ağalar İDRİSOĞLU, Əməkdar İncəsənət Xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB