Xarıbülbül festivalı: Zəfər + Zəfər - MƏQALƏ

Prezident İlham Əliyev: “Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.

Dövlət başçısı 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu Sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı da bərpa olundu. Ötən il may ayının 12 və 13-də Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalından - 44 günlük Zəfərimizin üzərinə yeni bir Zəfər əlavə edən 2 gündən söhbət açmaq istəyirəm. Keçən il də yazmışdım. Şuşada Cıdır düzündə keçirilən festivalı televiziya vasitəsilə izləyə-izləyə, bir qədər doluxsuna-doluxsuna, çox qürur duya-duya, lap çox fəxr edə-edə yazmışdım.

30 ilin yaralarına məlhəm 365 gün

Budur, 365 günü tamam olur 30 illik hicranını vüsal edən Xarıbülbülün. Ötən ilin 12-13 mayında Şuşasına onun adını deyib gələnlərin nəvazişi, Azərbaycan musiqisinin o doğma səsi ilə bir qərinəyədək çiyninə düşmüş başını qaldırdı Xarıbülbül. Onu deyib gəlmişdilər. Onun hüsnünü oxşamağa, yaralı qəlbinə məlhəm olmağa, küskün könlünü almağa gəlmişdilər. 30 il əvvəl hər il adına keçirilən festivallarla ərköyünləşən, elə bu səbəbdən də gözü yollarda qalan Xarıbülbül üçün toplaşmışdı festival iştirakçıları.

Elə mən də həmin 2 günə qayıdıram… Bu yazını “Qarabağ” şikəstəsinin Şuşanın dağlarına, düzlərinə səpələnən səsini hər daşın, qayanın, torpaqdan boylanan kiçik bir çiçəkdən, otdan tutmuş göydəki buludlara qədər “ciyərlərinə” çəkdiyini duyaraq yazıram. Səmada qartalın süzməsindəki qüruru, doğma musiqini eşidib Cıdır düzünə üz tutan quşların sevincini duyaraq yazıram.

İkinci Qarabağ müharibəsində şəhid olan oğullarımız keçir bir-bir gözlərim önündən... Şuşadakı qəhrəmanlıqları, əlbəyaxa döyüşləri xatırlayaraq, “öldü var, döndü yoxdur!” iddiasını duyaraq yazıram. Sinələri, əl-ayaqları ilə 30 ildə ot basmış, yolu, çığırı itmiş Şuşaya yol açmaqlarından duyğulanaraq yazıram. Yarımçıq qalmış ömürləri, yarımçıq qalmış arzuları, diləkləri duyaraq yazıram... 44 gündə cəbhədəydik, səngərdəydik, evimizdə gözlərimiz yollarda, qulaqlarımız səsdəydi. Dünyanın hər yerindəydik, işdə, məktəbdə, hərəmiz bir yerdəydik. Ürəklərimizdə olan isə yenə də həmişəki idi, harada olmağımızdan asılı olmayaraq eyni idi, eyni arzu: torpaqlarımızın azad olunması. Bu arzu bütün ömürlərdən, arzulardan əziz idi azərbaycanlılar üçün. Ona görə ömürlər yarımçıq qaldı, minlərlə şəhid qurban oldu Qarabağa. Elə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin ruhuna həsr olunmasında məqsəd də bu musiqinin sədaları fonunda Zəfərlə onların ruhunu bir daha müjdələmək, azad etdikləri Qarabağda səslənən musiqi ilə ruhlarını bəzəmək idi.

O dronlar, bu dronlar…

44 gündə Qarabağda dronların göy üzündəki gəzintisi düşməni bir-bir arıtladığı kimi, festivalda səmada görünən dronlar isə Şuşanın füsunkarlığını Azərbaycan musiqisinin əsrarəngizliyi ilə birləşdirib Qarabağa, oradan Azərbaycana yayırdı. Ali Baş Komandanımız, müzəffər sərkərdəmizin, vətənpərvər gənclərin-igidlərin, mərdlərin Zəfər müjdəsini bu dəfə Şuşadan göy üzünə qalxan musiqi anladırdı. Şuşanın ucsuz-bucaqsız dağ-dərələri, sıldırım qayaları bir andaca musiqini udur, sanki yox edirdi. Bu bir həsrətdən doğan aclıqmı, ehtiyacmıydı? Bəli, elədir... Bir qərinəyə yaxın həsrətin bitdiyi andı o an. Doymaq istəyirdi vüsala dağlar, həsrəti bu musiqinin səsi ilə sinəsindən qoparıb atırdı dərələr. Bu musiqi yazın ən gözəl anlarını bəxş edirdi bu yerlərə. 30 ildə heç bahar görməyən, 44 gündə payızı bahar olan ellərə… Sanki yaz çiçəkləri bu anı gözləyirmişlər, onların musiqinin ritmi ilə açmalarını duydum. Hər not bir çiçək, hər çiçək bir bahardı. Bu musiqi onların günəşi, suyuydu. 30 ildə doğmayan günəşi, susuzluqdan yanan çiyərlərinə axıb onlara həyat verən su…

Goydə dronlar gəzirdi. Bu Zəfər festivalında Xarıbülbülün rəqsini seyr edirdi, hafizəsinə köçürür, buradan dünyaya yayırdı. O dünyaya ki, 30 il susmuşdu. Haqq səsimizə səs verməmişdi. Ədalətə göz yummuşdu. Bu musiqi sükütun simfoniyası idi. Darmadağın ediridi o sükutu. Bütün diqqətləri Şuşaya- festivala, Zəfərin festivalına, Xarıbülbülün həbsdən qurtardığı günə yönəldirdi. Xarıbülbül səsləndirirdi bu simfoniyanı. Bu, Zəfər simfoniyası idi. Adı da tarixi ədalətin bərpası idi. Bu simfoniyanı dinləyən hər kəs öz payını alırdı: utanan utanırdı, uduzan yenidən məğlub olurdu, qürur duyansa elə oradaydı-xarıbülbülün yanında, əhatəsində, ondan kilometrlərlə uzaqda, lakin bir ürəkdə, bir döyüntüdə, bir ritmdə…

Xarıbülbülün gözlərində yaş gördüm. Doğmalarını görmüşdü, anlayırdım onu. Bu, sevinc yaşı idi, o dolurdu, boşalırdı. Dünəni ilə bu gününün müqayisəsində kədəri atır, sevinci qarşılayırdı. Xarıbülbülün üzü gülürdü. Bu, Üzeyirin, Natəvanın, Vaqifin, Xanın qürbətinin sona çatdığı an üçün idi. 30 ildə dağıdılmış, viranə edilmiş tarixi abidələr, məscidlər, pirlər üçün, həm də onlara yeni həyatın verilməsi üçün idi. Xarıbülbül Prezident İlham Əliyevin çıxışını dinləyirdi: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”. Dinlədikcə də qürurdan göz yaşlarını saxlaya bilmirdi.

Abidəsi, məscidi, dağı-dərəsi, şairi, şəxsiyyəti, gülü-çiçəyi kimi, uğrunda can qoyan şəhidlərini də anırdı Xarıbülbül. Ağlayırdı, lakin bu göz yaşları kədərdən çox qürur yaşlarına bənzəyirdi. Bunu onun arada bir bayatı pıçıltılarında duyurdum:

Şalımı al bağlaram,

Qara yox, al bağlaram.

Qarabağda minlərimi

Mən qürurdan ağlaram.

Qürur duyuram... Festivaldakı insanlar, bütün Azərbaycan qürur duyur.

Qürura bax, Şuşadan ətrafa yayılıb Qarabağ boyda olur

Yox, yox, Azərbaycan boyda olur. Buradan dünyaya yayılır. Müharibədən sonrakı musiqi festivalı ilə bu əzəli torpaqların kimə məxsus olduğunu sərgiləyir. 30 il öncəki musiqi festivallarının davamıdır bu. Axı Şuşa festivalların keçirildiyi məkan olub. Burada, Cıdır düzündə erməni necə yallı gedə bilərdi? O yad ayaqlar, o yad nəfəslər, o naməlum musiqi Şuşanın sinəsinə yalnız dağ çəkə bilərdi. Çəkdi də. Ölmək, yox olmaq əlində olsa idi, o yallıdan sonra Şuşa yer üzündən çoxdan silinmiş olardı. Lakin taleyi öz əlində deyildi ki... Yaxşı ki dözdü, dayandı, yolunu gözlədi soydaşlarının. Budur, qayıdıb onlar, qayıdacaqdılar da. Torpağı erməniyə verməyəcəkdilər ki...

Nə gözəl musiqilər səslənir, ilahi... Bu musiqilərlə illər öncə ulu öndərimizin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” kimi inamlı fikirləri çınlayır qulaqlarımda. Dövlətimizin başçısı cənab İlham Əliyevin ata nəsihətinin yerinə yetirilməsi ilə bağlı qürurlu cümlələri qarışır bu musiqiyə: Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.

Ardınca, “Şuşa, sən azadsan, Şuşa, biz qayıtmışıq!” kimi bənzərsiz cümlələr qarışıq musiqi Şuşanın səmasından dumanı, çəni çəkir. Günəş doğur bu yurda. Musiqi bayramına ellər sevinir. Dəmir yumruq bu musiqinin təsiri ilə bir daha göylərə qalxır, artıq Şuşanın yalnız səmasını seyr edə bilən yağının gözünün odunu bir daha alır. Burada-Şuşada daha əzəmətli, daha təsirli olur. Bir də ən çox təsirli olan budur:

Əzizim, bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam

Tikmişəm, izim qala.

44 günlük Zəfərə bərabər 2 günlə Zəfərimizin üstünə bir Zəfər də gəlir. Bu tarixi Zəfərlə hər il yenidən keçiriləcək “Xarıbülbül” musiqi festivalı. Bu Zəfər ruhlu musiqi sədalarına ellər axışıb gələcək. Düşmənin bağrını çatladan Zəfər... Qonşuluqda pusquda durub dinlədikləri, məğlubiyyətlərinin acısını yaşadıqları musiqili Zəfər... Bir andaca təxəyyülümdə hər il musiqi festivallarına yığışan insanların üzündə azad torpaqlarımızın sevinci bərq vurduqca, 30 illik həsrəti vüsal qovub qayalardan sonsuz dərələrin dibinə yuvarlatdıqca, bəli, “bu qala bizim qaladır, həmişə də bizim qaladır”,- deyirəm. Bu qalanı yenidən bizimki edən cənab Prezidentimiz və şəhidlərimiz isə Azərbaycan tarixində qala taleli, qala ömürlü şəxsiyyətlərdir: “Tikmədim ki, özüm qalam, tikmişəm, izim qala” misalı kimi...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə