“Ermənistan Qarabağda Azərbaycanı xatırladan hər şeyi yer üzündən silməyə çalışıb” - MÜSAHİBƏ

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Pakistanın HUMnews xəbər kanalının müxbiri Nəbiyə Şahid “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycana səfərinin təəssüratlarını danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycana səfərinizlə bağlı təəssüratlarınız necədir?

- Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən erməni işğalından azad edilmiş ərazilərə səfər etmək üçün dəvət almışam. Bu səfər mənə ümid verdi ki, bir gün Cammu və Kəşmirlə də eyni şeyi görəcəyəm.

Azərbaycan dünyanın ən gözəl ölkələrindən biridir. Şuşada, Gəncədə, Ağdamda oldum. Məni kədərləndirən dağıntılarla yanaşı, orada mənzərəli gözəlliyi də görə bildim. Xüsusilə Şuşa çox xoşuma gəldi. Bu şəhər mənim qəlbimdə xüsusi yer tutub.

İşğal olunmuş ərazilərin erməni işğalından azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. İşğal illərində Azərbaycan torpaqlarının nələrə çevrildiyinin acınacaqlı mənzərəsini müşahidə edərək anladım ki, Ermənistan azərbaycanlıların bu torpaqlarda qalmasının tarixi-mədəni izlərini məhv etməyə çalışır.

Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa da əziyyət çəkdi. Ağdamda dağıdılmış məscid və çörək muzeyi gördüm. Erməni vandalizminin belə mənzərəsini görmək çox dəhşətlidir. Adamda belə bir təəssürat yaranır ki, Ermənistan Azərbaycanı xatırladan hər şeyi yer üzündən silməyə çalışır. Mən çox şadam ki, Azərbaycan hər şeyə rəğmən pozulmuş ədaləti bərpa edə bildi.

- Azərbaycanda sizi nə təəccübləndirdi?

- Ən çox Azərbaycan xalqının Pakistana göstərdiyi hörmət və sevgi məni təəccübləndirdi. Və çox xoş sürpriz oldu. Mən azərbaycanlıların Pakistana necə böyük hörmət və sevgi ilə yanaşdığını yerində gördüm. Diqqət yetirdiyim ən maraqlı faktlardan biri də Pakistan-Azərbaycan əlaqələrindən hər bir azərbaycanlının xəbərdar olması oldu. Yadımdadır, məni azərbaycanlı ailəyə qonaq dəvət etmişdilər, sonra maşınla otelə qədər aparmışdılar. Azərbaycan xalqı öz qonaqpərvərliyi və istiqanlılığı ilə mənim qəlbimi fəth etdi.

Məni həm də xoş təəccübləndirdim ki, hər bir azərbaycanlı öz tarixi və mədəni mənşəyini yaxşı bilir. Azərbaycanlılar dostunun, düşməninin kim olduğunu yaxşı bilirlər.

Səfər boyu kiminsə məni incidə biləcəyindən bir an belə narahat olmamışam. Gecə gec də olsa, özümü qorunmuş hiss edərək Bakının küçələrində gəzirdim.

- Azərbaycanlılarla pakistanlılar arasında oxşar cəhətlər varmı?

- Əvvəla, dillərimiz oxşardır. Bu iki dil oxşar sözləri daşıyır, ona görə də ünsiyyət qurmaq daha asan idi. Pakistan və Azərbaycanda oxşar qonaqpərvərlik və qonaqlara hörmət mədəniyyəti var. Azərbaycan mətbəxi demək olar ki, bizim mətbəximizlə eynidir, bir fərqlə ki, sizdə duz daha çoxdur, bizdə isə ədviyyatlar çoxdur.

Digər ümumi cəhət ondan ibarətdir ki, Pakistanda olduğu kimi, Azərbaycanda da çay içməyi sevirlər. Pakistan çayı çay, süd və şəkərin qarışdırılması deməkdir. Digər tərəfdən, Azərbaycan çayına süd qatılmır və o, bizim yaşıl çaya yaxındır.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə