KİV nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər - FOTOLAR

Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. SİA xəbər verir ki, səfərin məqsədi Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər sərvətlərə baxış keçirmək olub.

Səfər çərçivəsində əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terrorlar törədiblər. O qeyd edib ki, digər ərazilər kimi Cəbrayıl rayonu da uzun illər ekosidə məruz qalıb: “Cəbrayıl rayonunun girişində 12 hektar tut bağı olub. Həmin ərazi 1970-ci ildə baramaçılığın inkişafı üçün yaradılmışdı. Cəbrayıl rayonu işğala qədər ildə 240 ton barama istehsal edib. Ermənilər həmin tut bağlarını məhv edib, dəfələrlə yandırıblar. İşğala qədər Qubadlı rayonu ildə 70, Zəngilan 98, Cəbrayıl isə 240 ton barama istehsal edib”.

F.Əliyev bildirib ki, ermənilər Cəbrayıl rayonunda 100 min hektardan artıq ərazini dəfələrlə yandırıb, məhv ediblər. Dünya ictimaiyyəti mənfur qonşularımızın törətdiyi ekoloji terroru görməlidir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyevin sözlərinə görə, Cəbrayılın Əmirvarlı kəndindəki Şərq çinarı ağacının diametri 270 santimetr, yaşı isə 800 ilə yaxındır: “Həmin ağac bölgədə xüsusilə nadir növlərdən biridir. Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonları Şərq çinarı ağacının dünyada təbii halda bitən regionlarındandır. Burada gördüyümüz pöhrələr həmin kəsilmiş ağacın yeni cücərtiləridir. Ağac yandırılıb, kəsilib, məhv edilib. Onun kökünü də yandırıblar ki, tamamilə məhv olsun. İşğaldan azad edilmiş ərazilərdəki Şərq çinarları Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 16 mart tarixli qərarı ilə xüsusi qorunma statusu alaraq təbiət abidələri siyahısına daxil edilib. İşğaldan azad edilmiş rayonlarda 152 belə təbiət abidəsi qeydə alınıb ki, onların 135-i Şərq çinarları olub. Digər növlər isə Azat, saqqız, palıd, armud ağacları olub. Burada təbiət abidələrinin elə növü olub ki, 1600-ə qədər yaşı olub. Həmin ağaclar yerli sakinlər üçün xüsusi əhəmiyyət daşıyıb. Mənfur düşmən həmin ağacları məhv etməklə, onları kökündən kəsməklə həm ekoloji, həm də mənəvi-psixoloji terror törədiblər. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında 41 belə təbiət abidəsi qeydə alınıb. Hazırkı monitorinqlər onu göstərir ki, onların biri də salamat qalmayıb”.

Sonra Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə farel balıqlarının çaya buraxılması mərasimi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Xidmətinin rəisi Firudin Əliyev çay hövzəsinə çəkisi 30-50 qram olan 2 min ədəd balıq körpəsi buraxıldığını diqqətə çatdırıb: “Simvolik olaraq seçilmiş bu ərazi təsadüfi deyil. Bura Həkəri və Bərgüşad çaylarının birləşdiyi ərazidir. Məhz həmin çaylara xarakterik olan qızıl xallı farelin buraxılması nəzərdə tutulmuşdu. Ümumiyyətlə, hər il mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daxili su hövzələrinə balıq buraxılışı həyata keçirilir. Bu ildən həmin proses daha möhtəşəm hal alıb. Çünki bu tədbirləri artıq işğaldan azad olunmuş ərazilərdə keçirdirik. 2021-ci ildə nazirlik tərəfindən 6 milyon 300 min balıq körpəsinin buraxılması nəzərdə tutulub. Çəkikimi balıqlardan 1 milyon 500 min, kütümkimilərdən 2 milyon 300 min, ağ amur 1 milyon, enlialın 1 milyon, həmçinin Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən 550 min nərəcinsli balığın buraxılması nəzərdə tutulub. İlk tədbirə dövlətimizin başçısının iştirakı ilə Bəsitçayda balıq buraxılışı ilə start verildi. İlboyu belə tədbirlər davam edəcək. İşğaldan azad olunmuş ərazilərdə bu, ikinci tədbirdir. Lakin tək balıq buraxılışı ilə kifayətlənmək istəmirik. Nazirlik olaraq heyvanların reintroduksiyası sahəsində də böyük təcrübəmiz var. Nümunə üçün qeyd edim ki, Şirvan Milli Parkında yetişdirilən ceyranların Acınohur çölünə buraxılması təcrübəsi də var. Həmin reintroduksiya tədbirlərini işğaldan azad olunmuş ərazilərdə də tətbiq etmək istəyirik. Müəyyən təhlükəsizlik məsələləri həll olunduqdan, ərazilər minalardan təmizləndikdən sonra həmin tədbirlər geniş vüsət alacaq. Paralel olaraq ağac əkimi məsələsi də hazırda gündəmdədir və mütəmadi olaraq keçirilir”.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Həkəri və Bərgüşad çaylarının birləşdiyi yerdə balıqların çaya buraxılması aksiyasının çox böyük bir rəmzi mənası olduğunu qeyd edib: “Qarabağda quruculuq işləri ilə bərabər burada regionun ekoloji tarazılığını bərpa etmək niyyətindəyik. İşğal dövründə Qarabağda ekoloji terror həyata keçirilib. Burada nəinki bölgənin flora və faunasına, eyni zamanda, çay ekosistemlərinə də böyük ziyan verilib. Həkəriçay Qarabağ bölgəsinin Tərtərçaydan sonra ikinci böyük çayıdır. Çayın uzunluğu 113 kilometr təşkil edir. Bu çayda hidroloji məntəqələrin də bərpası nəzərdə tutulub. Eyni zamanda, yaxın 4-5 il ərzində Bərgüşad çayında da çox müasir avtomat hidroloji stansiyanın tətbiqi planlaşdırılıb. Bu da bizə regionda su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün zəmin yaradacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq çaylarda çirklənmə səviyyəsini öyrənmək üçün monitorinqlər həyata keçirir. Bəzi çaylarda çirklənmə səviyyəsi normadan 2-3 dəfə çoxdur. Bu, bizi narahat edən amillərdən biridir. Monitorinqlər davam etdiriləcək”.

Sonra IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” ("Yaşıl Marafon") çərçivəsində jurnalistlərin iştirakı ilə Qubadlı rayonunun Mahruzlu kəndində yaşıllıqların məhv edildiyi ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı ərazidə 750-yə yaxın ağac əkilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, bu ərazilər 30 il ərzində hər birimiz üçün əlçatmaz olub. Amma qəlbimiz həmişə bu diyarla döyünüb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı Qələbə nəticəsində uzun illərdən sonra doğma torpaqlara ayaq basa bilmişik: “Bu, işğaldan azad olunmuş ərazilərə ikinci səfərdir. Ötən həftə Zəngilan rayonuna, bu gün isə Cəbrayıl və Qubadlıya səfər etdik. Məqsədimiz barbarların törətdiyi ekoloji terroru əyani şəkildə görmək və dünya ictimaiyyətinə bəyan etməkdir. Erməni vandallarının törətdikləri vəhşiliyin nümunəsi yolboyu da görünürdü - kəsilmiş ağaclar, dağıdılmış ərazilər. Ağacəkmə aksiyasının keçirildiyi Qubadlı rayonunun Mahruzlu kəndində 1970-ci illərin sonlarında böyük tut plantasiyası var idi. Ümumiyyətlə, bu diyar Azərbaycanda ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı çox münbit şəraitə malikdir. Bu ərazilərdə 100 tona yaxın barama istehsal olunurdu. Burada əkilən tut ağacları da baramaçılığın inkişafına xidmət edirdi. Mənfur qonşularımız həmin ağacları məhv ediblər. Biz isə burada iki hektar ərazidə Şərq çinarı tingini əkməklə yanaşı, toxumunu səpdik. Bununla yanaşı, şabalıdyarpaq palıdın, tut ağacının toxumları səpildi, həmçinin nektarverən ağaclara üstünlük verildi, akasiyada, eyni zamanda, göyrüş cinsindən olan ağaclar əkildi.

Ümumiyyətlə Qarabağda işğala qədər 228 min hektar ərazi yaşıllıqla örtülü olub. İlkin müşahidələrə əsasən, ötən 30 il ərazində 54 min hektar meşə ərazisi tamamilə məhv olunub. Monitorinqlər davam etdikcə dəyən ziyanın daha böyük olduğu üzə çıxacaq. Meşə fonduna daxil olmayan digər yaşıllıqlar, 43 min hektar ərazini əhatə edən iki dövlət təbiət qoruğu, dörd yasaqlıq var idi. Onların da aqibəti ortadadır. Dünyada analoqu olmayan, 1500 ilə yaxın yaşı olan şərq çinarlarının qorunduğu Bəsitçay Dövlət Təbiət Qoruğu məhv edilib. Cəbrayıl rayonunun Əmirvarlı kəndində 1982-ci ildə Nazirlər Sovetinin qərarı ilə tarixi abidə kimi qeydiyyata alınan və diametri 3 metrə çatan Şərq çinarından əsər-əlamət qalmayıb. Belə nümunələri çox saymaq olar. Onlar bilirdilər ki, bu torpaqların sahibi deyillər, ona görə də vandalizm aktı törədiblər. Ermənilər nəinki təbiətə, ümumiyyətlə bəşəriyyətə qənim kəsilən ünsürlərdir.

Səfərimiz zamanı, həmçinin Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə qızıl xallı farel balığı buraxıldı. Onlar, eyni zamanda, bizim faunamıza da sağalmaz yaralar vurublar. Bir həftə əvvəl Zəngilana səfər çərçivəsində Oxçuçaya baş çəkdik. Qacaran mis-molibden və Qafan mis filiz saflaşdırma zavodlarının bütün tullantıları həmin çaya atılır. Təbii ki, onlar heç bir məsuliyyət daşımırlar. Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın Konvensiyanın tamhüquqlu üzvüdür. Həmin Konvensiyanın üzvləri də işğaldan azad olunmuş ərazilərə səfər etməli, törədilən vəhşilikləri gözləri ilə görməli və qiymətləndirməlidirlər.

Azərbaycan Cənubi Qafqazda beynəlxalq göllərin, transsərhəd çayların mühafizəsi ilə bağlı konvensiyaya qoşulan yeganə ölkədir. Mənfurlar həmin konvensiyanın üzvü deyillər. Ona görə də törətdikləri vəhşiliklərin sonsuza qədər cavabsız qalacağını düşünürlər. Lakin bu, belə olmayacaq. Bu torpaqların sahibi geri dönüb. Bütün dünyaya bu torpaqların sahibi olduğumuzu bir daha sübut edəcək və hamılıqla buranı dünyanın ən dilbər guşələrindən birinə çevirəcəyik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Böyük Qayıdış”ın tərkib hissələrindən biri kimi buradakı ətraf mühitin, ekologiyanın sağlamlaşdırılması istiqamətində görüləcək işlər, hədəflər çox böyükdür. Nazirlik olaraq hədəflərimizə uyğun layihələr var. IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Marafon” devizi altında birgə keçirdiyi tədbir nə xoş ki martın 9-da Zəngilandan başladı. Bu istiqamətdə tədbirlər davam edir. Bir milyona yaxın ağacın əkilməsini hədəfləmişik. ANAMA əməkdaşları əraziləri təmizlədikcə işğaldan azad edilmiş torpaqların tez bir zamanda yaşıllaşdırılması ilə bağlı müvafiq tədbirləri görəcəyik”.

Ağacəkmə kampaniyasından sonra mediatur yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə