Pakistanda fototələlər nəsli kəsilməkdə olan vəhşi pişikləri çəkiblər

Bu ilin əvvəlində təbiətin mühafizəsi üzrə mütəxəssislər Pakistanda kiçik vəhşi pişiklərin növlərindən olan Asiya karakalı (Caracal schimitzi) və qum pişiyinin (Felis margarita) şəkillərini çəkiblər - hər iki növ ölkədə olduqca nadir haldır. Pakistanda hər iki pişik haqqında məlumat məhduddur, Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) məlumatına görə, qum pişiyinin nəsli kəsildiyi güman edilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu görüntü - Pakistanda karakalın ilk kamera görüntüsü Kirtar Milli Parkında çəkilib, burada “Indus Fishing Cat Project” qeyri-hökumət təşkilatı dörd ilə yaxındır ki, kameralar quraşdırır.

Bu ilin yanvarında günorta saatlarında bu ərazidə karakalın yolu keçməsi xəbərinin yayıldığından sonra komanda əhatə dairəsini genişləndirmək qərarına gəlib. QHT-nin yerli partnyorları milli parkın ərazisindəki naxır bulağının yanında tələ qurublar.

“İki həftə ərzində bu stansiyada çəkilmiş 400-ə yaxın video çəkilişdən bu erkək pişiyin yalnız bir videoyazısı əldə edilib. Təəssüf ki, digər görüntülərdə yerli sakinlər tərəfindən milli parkda öldürülən bir yeniyetmə var idi”, - deyə “Indus Fishing Cat Project”in məlumatında deyilir.

Kiçik Vəhşi Pişiklərin Mühafizəsi Fondunun təsisçisi və direktoru Cim Sandersonun sözlərinə görə, bu görüntülər Pakistanda karakalların hələ də mövcud olduğuna inandırıcı sübutdur: “Lakin əksər digər yerlərdə olduğu kimi, biz öz-özünə dolanan populyasiyanın mövcud olub-olmadığını bilmirik”.

Karakal bütün dünyada IUCN tərəfindən ən az narahatlıq doğuran növlər siyahısına daxil edilsə də, Pakistanda kritik təhlükə altında hesab olunur, onun populyasiyasının isə təxminən 100 fərd olduğu təxmin edilir.

Təşkilat, həmçinin IUCN-in məlumatına görə, Pakistanda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş sayılan bir növ olan qum pişiyinin də fotoşəkilini çəkib.

“Pakistanda qum pişiyinə rast gəlinməsi həm ekoloji, həm də təbiəti mühafizə nöqteyi-nəzərindən çox vacibdir, çünki bu növ öz arealının şərqində faktiki olaraq naməlum idi. Bu təsdiqlənmiş fotoşəkillər son dərəcə qiymətlidir, çünki bu növ Cənubi Asiyada zəif sənədləşdirilmişdir. Pakistanda isə onun yayılması və ya populyasiyasının vəziyyəti haqqında tam məlumat yoxdur”, - deyə təşkilatın məlumatında vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə