Gömrük Hospitalının rezidenti Kron xəstəliyi mövzusunda təqdimat edib - FOTO

22 aprel 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının 3-cü kurs rezident-həkimi Leyla Əhmədova “Kron xəstəliyi” mövzusunda təqdimatla çıxış edib. SİA xəbər verir ki, təqdimatda Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev və Hospitalda təhsil alan rezident-həkimlər iştirak ediblər. Təqdimatında bağırsağın xroniki iltihabı xəstəlikləri haqqında ümumi məlumat verən rezident-həkim Leyla Əhmədova qeyd edib ki, bu qrup xəstəliklər bağırsaq traktının hissəvi zədələnməsi, kliniki, epidemioloji və patoloji əlamətlərlə müşahidə olunur, amma etiologiyası məlum deyil. Bağırsağın xroniki iltihabı xəstəliklərinin yayılması inkişaf etmiş ölkələrdə, o cümlədən sənayesi sürətlə inkişaf edən ölkələrdə daha sürətlə yayılır. Bu xəstəliyin yayılması insanların qida rasionu və ətraf mühitin dəyişməsi ilə əlaqədardır. Həmçinin, rezident-həkim Leyla Əhmədova kuratoru Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzovun Kron xəstəliyi olan pasiyentlərin müalicə prosesi barədə məlumat verib.

Tədimatın sonunda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev Kron xəstəliyinin ağır keçməsindən danışaraq, qeyd edib ki, bağırsaqlarda iltihabi xəstəliklərin aşkar olunması və düzgün, dəqiq diaqnozun qoyulması üçün biopsiya çox əhəmiyyətlidir. O, bildirib ki, həkimlər kron xəstəliyinin müalicəsində cərrahi əməliyyatlarla yanaşı, müasir müalicə üsullarına da çox önəm verirlər.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova təqdimatın keçirilməsində Hospitalın rəhbərliyinə təşəkkürünü bildirib və rezidentlərə mövzuların təqdimatları ilə bağlı tövsiyələrini verərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında təhsil alan rezident-həkimlərin hər biri kuratorlarının dəstəyi ilə təhsil aldığı sahələr üzrə müxtəlif mövzularda davamlı olaraq təqdimatlarla çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə