Vaksinasiya koronavirusdan qorunmaqda ən mühüm vasitədir

Vaksinasiya koronavirusdan qorunmaqda ən mühüm vasitədir

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycan da koronavirus pandemiyası ilə mübarizəni davam etdirir, təhlükəli infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə davamlı tədbirlər həyata keçirilir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusun yayılmasının 2020-ci il martın 11-də pandemiya elan edilməsindən bir il ötür. Azərbaycanda COVID-19 koronavirus infeksiyasına ölkədə ilk yoluxma hadisəsi 2020-ci il fevralın 28-də qeydə almışdı.

Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən pandemiya vəziyyəti elan olunduğu gündən indiyədək respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması yönündə effektiv tədbirlər həyata keçirilir. Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası Yer kürəsini, eləcə də ölkəmizin vətəndaşlarının sağlamlığını təhlükə altına aldığı bir zamanda Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı.

Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq, pandemiya əleyhinə karantin tədbirləri həyata keçirilməyə başlandı. Dövlət başçısının rəhbərliyi altında görülmüş çoxşaxəli qabaqlayıcı profilaktik tədbirlər nəticəsində ölkəmiz bu bəşəri bəladan az itkilərlə çıxmağa müvəffəq olur, epidemioloji vəziyyət nəzarət altındadır. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xüsusi rejimli xəstəxanalar fəaliyyət göstərir. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur.

Bu gün ölkəmizdə COVID -19 xəstələri üçün 46 xəstəxana fəaliyyətdədir. Müasir xəstəxana kompleksləri, eləcə də modul tipli xəstəxanalar COVID-19 diaqnozu qoyulan xəstələrin ixtiyarına verilib. Ölkəmizdə tibbi maska, digər qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr istehsal edən müəssisələrin açılışı olub. Yüz minlərlə insan xəstəliyə yoluxmanı müəyyən etmək üçün tibbi testdən keçib. Bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 237 min 775 yoluxma halı qeydə alınıb. 230 min 116 nəfər müalicə olunaraq sağalıb, 3257 nəfər vəfat edib, 4402 xəstənin müalicəsi davam edir. Ötən dövr ərzində 2 milyon 671 min 613 test keçirilib.

Bu gün artıq Azərbaycan da daxil olmaqla bir çox ölkədə əhali koronavirusa qarşı peyvənd olunur. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Son məlumata əsasən, artıq 400 mindən çox insan peyvənd olunub. Azərbaycanda peyvənd üçün Çinin Sinovac şirkətinin CoronoVac vaksini istifadə olunur.

Əhali arasında karantin rejiminə riayət olunması məqsədi ilə maarifləndirmə işləri davamlıdır. Vətəndaşların layiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Təbii ki, dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Dövlət tərəfindən tətbiq olunan qaydalar əhalinin təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə yönəldilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verir və yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr öz bəhrəsini verəcək. Bu gün isə hər bir vətəndaş mövcud dinamikanı qoruyub saxlamaqda məsuliyyətli olmalıdır. Pandemiya ilə mübarizədə birlik nümayiş etdirməli, dövlətimizin yanında olmalı, karantin qaydalarının pozulmasına yol verməməli, məsuliyyətsiz davranan soydaşlarımıza ictimai qınağı gücləndirməlidir.

Dövlət tərəfindən həyata keçirilən tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb. Vətəndaşlar mövcud qaydalara əməl etməli, mütləq şəkildə tibbi maskalardan istifadə etməli, sosial məsafəni gözləməli və dezinfeksiyaedici vasitələrdən mütəmadi istifadəni unutmamalıdırlar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə