Dr.Naidə Novruzovanın məruzəsi beynəlxalq konqresdə böyük maraq doğurub

Dr.Naidə Novruzovanın məruzəsi beynəlxalq konqresdə böyük maraq doğurub

Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun doktorantı Dr.Naidə Novruzova 21-26 dekabr 2020-ci il tarixlərində Azərbaycan Endokrinologiya, Diabet və Terapevtik Təlimat Assosiasiyası, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə onlayn keçirilən III Azərbaycan Diabet konqresində "Laktat və şəkərli diabet" mövzusunda məruzə ilə çıxış edib.

Dr.Naidə Novruzova məruzəsində şəkərli diabet xəstəliyinin ən kəskin və ağır fəsadlarından biri olan laktoasidoz barədə məlumat verib, bildirib ki, hiperlaktatemiya və laktoasidoz pasiyentlər üçün yüksək təhlükə və ölüm riski ilə əlaqədar olan iki sindromdur. Elmi-tədqiqatın məqsədi ikinci tip şəkərli diabet xəstələrində hiperlaktatemiyanın və laktoasidozun inkişaf etməsinin risk amillərinin tezliyinin öyrənilməsidir. Xəstələrdə hiperlaktatemiyanın səbəblərinin aşkar edilməsi müalicə taktikasının seçilməsinin mühüm hissəsidir.

Dr.Naidə Novruzova məruzəsində konqres iştirakçılarına Mərkəzi Gömrük Hospitalında apardığı elmi-tədqiqat işinin nəticələrinin bir hissəsini təqdim edib. Konqresdə dünyanın 23 ölkəsindən, o cümlədən ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və digər ölkələrdən dəvət olunmuş endokrinoloqlar iştirak ediblər. Tədbirdə müxtəlif mövzularda 89 məruzə dinlənilib.Altı gün davam edən konqresdə diabetlə birgə mübarizənin vacibliyi qeyd edilib, əhalinin maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tədbir iştirakçıları hazırda şəkərli diabetin bütün dünyada ən geniş yayılmış qeyri-infeksion epidemiya olduğunu bildirib, endokrinologiyanın bu sahəsində əldə olunmuş nailiyyətlərlə tanış olub, fikir mübadiləsi aparıblar.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə