Dietoloq Ramazan ayında qidalanmaqla bağlı tövsiyələrini verib - MÜSAHİBƏ

Biz hazırda bir tərəfdən xalqımızın və bütün dünya müsəlmanlarının ən əziz və sevimli ayı olan müqəddəs Ramazan, digər tərəfdən də, dünyanı cənginə almış, iqtisadiyyatları çökdürmüş, insanları təşvişə salmış COVİD-19 pandemiyası dövründə yaşayırıq. Karantin rejimini də nəzərə alsaq, bəzi iş yerlərinin, təhsil müəssisələrinin, uşaq bağçalarının, iri ticarət mərkəzlərinin bağlandığı bir dövrdə özümüzü necə aparmalı, evdə qidalanmanı necə təşkil etməli, qidalanmaya hansı məhdudiyyətləri qoymalı, hansı yeməklərdən imtina etməliyik ki, bu çətin dövrdə sağlamlığımıza zərər gəlməsin?

İzləyicilərimizi maraqlandıran bütün bu suallarla Mərkəzi Gömrük Hospitalının dietoloqu, Türkiyənin Hacettepe Universitetinin "Qidalanma və Pəhriz" fakültəsinin məzunu Məlahət Kərimovaya müraciət etdik. Dr.Məlahət Kərimova ilə müsahibəni diqqətinizə çatdırırıq.

- Doktor, çox xoşdur ki, Sizinlə gözəl Ramazan ayında görüşürük. Bu ay müsəlmanların çoxu oruc tutur. Bir tərəfdən də, koronavirus infeksiyasına qarşı mübarizənin əsas yolu immun sisteminin gücləndirilməsi olduğunu bilirik. Deyə bilərsinizmi, necə edək ki, həm orucumuzu tutaq, həm immun sistemimizi gücləndirək? Sağlam qidalanmaq üçün nələri bilmək, hansı qaydalara riayət etmək lazımdır?

- Düzgün qidalanma immun sisteminin gücləndirilməsinin və sağlamlığın ən əsas şərtlərindən biridir. İstər Ramazan ayının vacib ibadətlərindən biri olan oruc tutulduğu zaman, istərsə də pandemiya dövründə düzgün və sağlam qidalanma mütləqdir. Orqanizm qısa müddətdə öz immun funksiyasını normal vəziyyətə qaytara bilir. Sağlam qidalanmaq üçün karbohidrat, zülal, yağ, mineral və vitaminlərin düzgün qəbul edilməsi vacibdir. İlk öncə gün ərzində su düzgün içilməlidir.

- Ramazan ayında düzgün qidalanma adi günlərdə qidalanmadan nə ilə fərqlənməlidir?

- Ramazan ayı ilə adi günlərdə qidalanmanın arasında böyük fərq vardır. Adi günlərdə 3 əsas və 3 ara yeməyi olaraq 6 dəfə qidalanırıq. İstənilən vaxt su, çay, meyvə və ya çərəzlərdən istifadə edirik. Ramazan ayında isə bu qidalanma sistemi 2 dəfə olur. Bunun üçün Ramazan ayı ərəfəsində 2 həftə və ya 1 ay əvvəlcədən orqanizmimizi hazırlamalıyıq: daha az kalorili qidalara, az duzlu yeməklərə üstünlük verməliyik ki, bu ay daha rahat keçsin. Ramazan ayında imsak ilə iftar arasında olan fasilə - 16 saat ərzində aclıq və susuzluq daha çox hiss olunur. Burada düzgün qidalanmaq əsas amillərdən biridir. Immum sistemimizi qorumalı, mədə-bağırsaq sisteminə diqqət etməliyik. İmsakda elə qidalar qəbul etməliyik ki, iftara qədər susuzluq çox hiss olunmasın. Buna görə duzsuz yeməklər yeməli, duza qoyulmuş turşulardan istifadə etməməli, yüksək kalorili xəmir yeməklərindən uzaq durmalıyıq. Su və çayın miqdarı yetərincə qəbul edilməlidir. Suyun xurma ilə içilməsi daha düzgündür. Bu da mədə-bağırsaq sistemimizin çalışması üçün əsasdır. Səhər yeməyində duzsuz pendir, soyutma yumurta, pomidor, xiyar, kəsmik, duzsuz şor, xurma və yulaf sıyığı istifadə edilməlidir. İftar süfrəsində 1 su bardağı otaq temperaturunda su içməyimiz ac olan mədəni və həzmi rahat edir.

Daha sonra sulu yeməklərlə qidalanmağa üstünlük verilməlidir. Ağır, daha yüksək kalorili qidaların qəbulu mədə-bağırsaq sistemində həzmi çətinləşdirir. Bişmiş tərəvəzli, ətli yeməklərə, tərəvəz salatlarına üstünlük verilməlidir. Süfrə arxasında sürəkli oturub yemək düzgün deyil. Fasilə verilməli, sonra 1porsiya olaraq müxtəlif meyvələrə, 1 ovuc miqdarında çərəzlərə üstünlük verilməlidir.

Belə qidalandıqda, orqanizmə lazım olan miqdarda karbohidrat, zülal, yağ, vitamin və minerallar almıs oluruq. Bu da immum sistemimizin gücləndirilməsinə yardımçı olur. Bir məqamı da qeyd edim ki, Ramazan ayından fərqli olaraq, adi aylarda gecə vaxtı qidalanmaq düzgün deyil.

-Bəs Ramazan ayında kimlərə oruc tutmaq olmaz?

-Ramazan ayında hamilə qadınlara, şəkərli diabet xəstələrinə, ürək-damar xəstələrinə, onkoloji xəstəliyi olan insanlara, cərrahi əməliyyatdan yeni çıxmış xəstələrə oruc tutmaq məsləhət görülmür. Karantin dövründə immum sisteminin zəifləməməsi üçün bol maye, bol vitaminli qidalara (meyvə və tərəvəzlərə) üstünlük verilməlidir.

-Doktor, izləyicilərimizə daha nəyi tövsiyə edərdiniz?

-Mən sonda bir vacib məqamı da xüsusi vurğulamaq istərdim. Azərbaycanlılarda, ələlxüsus da yaşlı nəslin nümayəndələrində belə bir fikir formalaşıb ki, hər kəs yaşamaq, güclü olmaq, xəstəliklərdən qorunmaq üçün mütləq xəmir yeməklərindən istifadə etməlidir, çoxlu ət və çörək, şirniyyat yeməlidir. Bu tamamilə səhv fikirdir. Xəmir yeməkləri immun sistemini gücləndirmir, əksinə piylənmə kimi geniş yayılmış xəstəliyə səbəb olur. Ramazan ayında və karantin müddətində xəmir yeməklərindən, şirniyyatdan çox istifadə edilməsi məsləhət deyil. Kəpək unundan bişirilmiş çörəkdən gün ərzində 4-5 dilim istifadə edilə bilər. Əgər mədədə problem varsa, o zaman buğda çörəyindən suxari olaraq istifadə edilməlidir. Tövsiyəm budur ki, bu müqəddəs ayda oruc tutanlar da, tutmayanlar da düzgün və sağlam qidalansınlar. Yalnız bu halda biz bütün xəstəliklərə, o cümlədən başımızın üstünü qara bulud kimi alan koronavirusa da birlikdə qalib gələ bilərik. -Məlahət xanım, maraqlı müsahibə üçün Sizə təşəkkür edirik. -Mən də fürsətdən istifadə edib bütün həmvətənlərimi qarşıdan gələn 11 ayın sultanı - müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm, uzun ömür, sağlam həyat arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...