BSJ vaksini koronavirusu sağaldırmı? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

Son günlər BSJ vaksini ilə koronavirus arasında müxtəlif əlaqələr qurulmağa çalışılır. Hətta müxtəlif səsyazılarında da bu vaksinin insanlarda güclü immunitet yaratdığı, onun koronavirusa yoluxmanın qarşısını aldığı və yoluxan zaman xəstəliyin daha yüngül keçdiyi kimi iddialar irəli sürülür. Bəs görəsən BSJ vaksini və koronavirus arasında yürüdülən mülahizələrin elmi əsası varmı?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti Samir Cavadov söyləyib ki, söylənən fikirlər araşdırma nəticəsi deyil, sadəcə mülahizədir: “Bununla bağlı heç bir elmi ədəbiyyat da mövcud deyil. Bu ehtimalı yalnız o zaman qəbul etmək olar ki, bununla bağlı araşdırma aparılsın və nəticələr elmi mənbələrdə öz əksini tapsın”.

S.Cavadov söyləyib ki, bununla bağlı mövzular əsasən Avstraliyada, Danimarkada üzə çıxıb: “Avstraliyada Melbrun Uşaq Xəstəxanasının Elmi Tədqiqat İnstitutunun alimləri bununla bağlı 4 min könüllü üzərində sınaq aparmaq qərarına gəliblər. Danimarkada da bu nəzərdə tutulub. Lakin BSJ vaksini vərəm çöplərinə qarşı tətbiq edilən vaksindir. Bu vaksin tətbiq olunduğu zaman vərəmin profilaktikası məqsədilə nəzərdə tutulub. Qeyd edim ki, vərəm çöpləri bir bakteriyadır, COVİD-19 isə virusdur. Yəni ayrı-ayrı qruplara daxil olan mikroorqanizmlərdir. Ona görə də birinə qarşı olan immunitetin digərinə qarşı immunitet kimi formalaşması çətindir. Çünki, onların antigen quruluşları da fərqlidir. Lakin BSJ vaksini immun sisteminin stimulyatoru rolunu oynadığı üçün bu baxımdan onun koronavirusa qarşı da immun yaratdığı mülahizələri irəli sürülür. Çünki, BSJ ümumilikdə viruslarla mübarizə apara bilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə