Stomatoloji klinikalarda Hepatit C-dən necə qorunaq? MÜTƏXƏSSİS RƏYİ

Stomatoloji klinikalarda Hepatit C-dən necə qorunaq? MÜTƏXƏSSİS RƏYİ

Əsrimizin bəlası olan xəstəliklərdən biri hepatit viruslarıdır. Qaraciyərin infeksion virusu olan bu bəla 1989-ci ildən aşkar olunsa da, onun adı Hepatit C olmayıb. Uzun müddətli araşdırmalardan sonra bu virusa Hepatit C adı verilib. Qaraciyəri məhv edən bu xəstəlik sonradan xərçəng xəstəliyinə də yol aça bilir. Bəzən insan orqanizmində öz fəaliyyətini gizli şəkildə görən bu virusa bir neçə yolla yoluxmaq mümkündür. Hepatit C virusuna bir neçə yolla yoluxmaq mümkündür. Bunlardan biri stomatoloji klinikalar vasitəsilədir. Bəs bundan necə qorunaq?

Məsələ ilə bağlı SİA-ya danışan həkim stomatoloq Günay Ələkbərova bildirib ki, burada həkimin üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, hepatit C virusu qan vasitəsilə keçdiyi üçün bu məsələyə bütün, xüsusilə də stomatoloji klinikalar xüsusi fikir verməlidirlər: " Kliniklarda istifadə olunan bütün avadanlıqlar steril şəklində saxlanılmalı, istifadə olunan alətlər düzgün şəkildə dezinfeksiya edilməlidir. Belə olan halda, klinikaya müraciət edən xəstələrin sağlamlığı daha qarantlı olur".

Stomatoloq qeyd edib ki, bəzən klinikaya müraciət edən pasient sözügedən virusa yoluxmuş olur: "Bu zaman həkim işini elə tutmalıdır ki, nə özü, nə də digərlərini bu virusa yoluxmuş olsun. Belə olan halda, xəstənin oturduğu oturacaqdan tutmuş onun döşlüyünə qədər bütün vasitələr steril olunmalıdır. Eyni zamanda belə halda birdəfəlik alətlərdən istifadə daha əlverişli sayıla bilər. Bundan başqa, Səhiyyə Nazirliyi tərəfindən klinikalara təqdim olunan xüsusi məhlullar var ki, onlar həm hepatit, həm də QİÇS kimi virusları məhv edə bilir. Stomatoloqlar bu məhlullardan və spreylərdən mütləq şəkildə istifadə edilməlidir".

Həkim həmçinin qeyd edib ki, bəzən bu virusa yoluxmuş xəstələr klinikalar müraciət etdikdə, bunu özləri etiraf edirlər: "Bəzən xəstəlik gizli şəkildə getdiyi üçün elə pasientlər var ki, onların özləri belə virus daşıyıcısı olduqları bilmirlər. Bütün bu hallardan qorunmaq üçün həkim əvvəlcədən hazırlıqlı olmalıdır. Qanla işlənən vasitələr başqa, digər alətlər istə başqa məhlullarda saxlanmalıdır. Bundan başqa klinikalarda ultra səs deyilən vannalar olmalıdır. Belə alətlər bu vannanın içərisində 15-20 dəqiqə qalaraq qızdırılıb, yuyulmalıdır. Lakin bununla da kifayətlənmək lazım deyil, həmin alətlər bu vannadan çıxarıldıqdan sonra dezinfeksiya edilib ilıq suda yuyulmalı, daha sonra avtoklav adlanan aparatda steril olunmalı, xüsusi paketlərə qoyulmalıdır. Borular və fayllar adlanan, qanla istifadə olunan alətlər tullansa daha yaxşı olar. Amma çox təəssüf ki, bəzi klinikalarda bu cür aparatlardan istifadə olunmur. Belə olan halda, xəstələr müraciət etdikləri klinikaların tam şəraiti ilə tanış olmalı, orada sterilizasiya ilə bağlı bütün qaydalara əməl edildiyinə fikir verməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə