Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə həyata keçirdiyi tədbirlər sırasına daha biri əlavə olunub. Nazirliyin mətbuat xidmətindən Sİa-ya verilən xəbərə görə, C.Naxçıvanski adına Hərbi Liseydə baş tutan tədbir İSİM ilə Bilik Fondu arasında 22 iyun 2016-cı il tarixində imzalanmış Əməkdaşlıq Sazişi çərçivəsində 2016-cı ilin sonunadək həyata keçiriləcək İş Planının ikinci tədbiri oldu.
Liseyin şagirdləri qarşısında "Sağlam həyat tərzinin təbliği" mövzusunda maarifləndirici mühazirə ilə çıxış edən İSİM-in əməkdaşları gənc əsgərlərə sağlam həyat tərzi, zərərli vərdişlər, sağlamlığa mənfi təsir edən amillər və onlardan çəkinmə yolları haqqında məlumat verdilər. Mözvu ilə bağlı təqdimatlar edən məruzəçi fiziki aktivliyin cavanların həyat tərzində, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynamasını da vurğuladı. Sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacib olduğunu bildirən natiq, iştirakçıları maraqlandıran sualları cavablandırdı. Tədbirin mövzusu ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.
Qeyd edək ki, tədbir "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya"ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün, digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədilə təşkil olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB