Regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı azalıb

Regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı azalıb

Bu gün Respublika Perinatal Mərkəzində səhiyyə nazirinin Doğuşayardım Xidmətinin təkmilləşdirilməsi barədə 29.03.2016-cı il tarixli 23 saylı əmrinin icrasına dair tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, "Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə" Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29 mart 2016-cı il 23 saylı əmrinə əsasən aprel ayından başlayaraq yüksək ixtisaslı mama ginekoloq, anestezioloq-reanimatoloq və neonatoloqlar SNTTTYS vasitəsilə respublikanın müxtəlif şəhər və rayonlarına ezam olunublar.

Bu ilin 1 aprel-sentyabr ayının sonuna qədər aparılmış təhlilə görə bu əmrin icrası nəticəsində SNTTTYS-nın konsultativ bolməsinin doğuşa yardım sahəsi ilə bağlı fəaliyyətində müsbət nəticələr əldə olunub.

Belə ki, 2016-cı ilin 1 aprel-30 sentyabr tarixləri müddətində konsultativ xidmətin mütəxəssisləri tərəfindən 46 pasientə xidmət göstərilib. 2015-ci ilin müvafiq dövründə isə bu rəqəm 55 olub. 2015-ci illə müqayisədə pasientlərin sayında 17% azalma müşahidə olunub.

Təhlil olunan müddət ərzində Azərbaycan Respublikasının rayon və şəhər xəstəxanalarında 2016-cı ildə 79, 2015-ci ildə isə 88 dəfə müxtəlif profilli məsləhətçi həkimlər göndərilib. 2015-ci illə müqayisədə 2016-ci ildə çağırışların sayında 10% azalma qeydə alınıb.

Yerlərdə aparılan ginekoloji cərrahi əməliyatlara gəldikdə isə göstərilən müddət ərzində regionlarda aparılmış ginekoloji cərrahi əməliyyatların sayı 3 dəfə artmışdır. Bu da son illər regionlarda tibb müəssisələrinin yüksək səviyyəli, tam təmiri, müasir standartlara uyğun tibb ocaqlarında istənilən ağır əməliyyatların mümkünlüyündən irəli gəlir.

Qeyd olunub ki, artıq regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı günü gündən azalmaqda davam edir. Belə ki, 2016-cı il aprel –sentyabr aylarında 2015-ci illə müqayısədə 39% azalma qeyd olunub.

Vurğulanıb ki, bölgələr kurasiyalar üzrə bölündüyündən qadın məsləhətxanalarının həkimləri 4-6 həftə ərzində mütəmadi olaraq həm rayon mərkəzlərində, kəndlərdə antenatal qulluğun bütün sahələrinə köməklik göstəriblər. Hamilələrin 3 aya qədər qeydiyyata götürülməsi, onların kliniki protokollara uyğun müayinələri, risk faktorları daşıyan hamilələrin aşkarlanması, onlara daha mükəmməl müayinələrin və konsultasiyaların təşkili, hospitalizasiya məsələləri , kənd yerlərində yaşayan hamilələrə rayon mərkəzlərindən təhkim olunmuş həkimlərin qrafiklərinin tənzimlənməsi, sanitar –maarifi işi və valideyn məktəbi dərslərinin keçirilməsi üçün yaxından köməklik göstərib.

Regionlardan Bakı şəhərinə və yaxud başqa bölgələrə miqrasiya edən hamilələr haqqında elektron poçt vasitəsi ilə məlumatların verilməsi də öz həllini tapıb.

Bakı şəhərinin qadın məsləhətxanalarında hamilələrə verilən ev kartaları artıq ragionlarda da hamilələrə təqdim edilib ki, onlar həkimə gəlişlərarası müddətdə evdə olarkən sağlamlıqlarında baş verən dəyişiklikləri qeyd etsinlər və həkimə gələrkən hər dəfə özləri ilə gətirsinlər. Həkim ev kartasının nəticələrinə görə hamiləyə lazımı müalicə təyin edir. Bu ən çox risk faktoru daşıyan hamilələr üçün vacibdir.

Tədbirin sonunda iştirakçı mütəxəssislər media vasitəsi ilə bütün qadınlara yaşadıqları ərazi qadın məsləhətxanalarına 3 aya qədər müraciət edib qeydiyyata düşmələrinə dair tövsiyələrini verdilər. Belə ki, bəzən qadınlar nigahlarının olmamasından yaxud yaşadıqları ərazidə pasport qeydiyyatının yoxluğunu əsas gətirərək qeydiyyata durmaqdan yayınırlar. Bəziləri özlərinə şəxsi həkimlər tuturlar, məsləhətxananın qeydiyyatına çox gec müraciət edirlər.

Bu da bəzən hamiləliyin fəsadlaşmasına gətirib çıxarır. Ona görə hamilə qadınlara hamilə olduqlarını bilən kimi nagah olub - olmasından asılı olmayaraq, şəxsiyyət vəsiqəsi ilə yaşadıqları ərazinin qadın məsləhətxanasına müraciət etmələri tövsiyə olunub.

Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə