Nazir: "Azərbaycanda 30 uşağa sümük iliyi köçürülüb"

Nazir: "Azərbaycanda 30 uşağa sümük iliyi köçürülüb"

"Azərbaycanda və ya başqa ölkələrdə orqan transplantasiyası əməliyyatı olunan 3 mindən artıq xəstəyə immunodepressantlar dövlət tərəfindən pulsuz verilir". SİA-nın xəbərinə görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin Kollegiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda 34 hemodializ mərkəzi yaradılıb: "Həmin mərkəzlərdə 3 minə qədər xəstəni hemodializ senasları, müvafiq dərman vasitələri ilə pulsuz təmin olunub. Azərbaycanda ildə təxminən 100 nəfərə qədər şəxsə dövlət hesabına böyrək köçürülür".

Azərbaycanda talassimiya xəstələri üçün yaradılan şəraitdən söz açan nazir söyləyib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə bir neçə il öncə Respublika Talassemiya Mərkəzinin yaradılması belə xəstələrin müalicə imkanlarını genişləndirib: "Talassemiya Azərbaycan üçün aktual problem idi. Aran rayonlarında əhalinin 7-10 faizində talassemiya xəstəliyi mövcuddur və həmin insanlar, xüsusən də uşaqlar ölümə məhkum idilər. Mərkəzə il ərzində 20 minə qədər müraciət olur. Hazırda 3000 uşaq orada daimi müalicə alır. Bu mərkəzdə ancaq yüksək inkişaf etmiş ölkələrdə icra edilən çox bahalı sümük iliyi transplantasiyası əməliyyatları dövlət hesabına həyata keçirilir. Artıq 30 uşağa sümük iliyi köçürülüb. Böyük fərəh hissi ilə deməliyəm ki, bir ay əvvəl Azərbaycan yalnız bu sahədə uğurlu əməliyyatlar həyata keçirən az sayda dövlətlərin qəbul olunduğu Avropa Donor Bankına qəbul edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə