Xəstə uşaqlar pulsuz əməliyyat olundu Füzulidə

Respublika Diaqnostika Mərkəzinin invaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin mütəxəssisi Rəşad Mahmudov və nümayəndə heyəti cəbhəyanı bölgədə ürək qüsurları əməliyyatı keçirirlər. Füzuli rayonun Böyük Bəhmənli kəndinin Tibb Mərkəzində baş tutan və 4 gün ərzində keçirilən əməliyyatlarda 1-10 yaş arası anadangəlmə ürək qüsurlu uşaqlar müalicə olunub.

Rəşad Mahmudov jurnalistlərə açıqlamasında bildirib ki, iki gün ərzində 6 xəstə əməliyyat olunub, bu gün daha iki xəstənin əməliyyatı nəzərdə tutulub: "Xəstələrimiz arasında anadangəlmə ürək qüsurlu olanlarla yanaşı, sonradan qazanılmış qüsuru olanlar da var. "Uşaqların ürəyi Qarabağda döyünür" şüarı ilə keçirilən kampaniyamız bu həftə davam edəcək".

Cərrahın sözlərinə görə, əməliyyat olunacaq xəstələr seçilərkən onlar arasında məcburi köçkün olan və illərdir növbə gözləyənlərə üstünlük verilib.

Pulsuz cərrahiyyə əməliyyatı kampaniyası, təbii ki, hamıdan çox valideynləri məmnun edib. Mehrac Dadaşov deyir ki, oğlu Əvəz Dadaşov 17 günlük olanda yaşadıqları Füzuli rayonunda ona ürək qüsuru diaqnozu qoyulub. İllərdir ki, müalicə alan uşaq ürək qüsuruna görə bəzi şeylərdə yaşıdlarından geri qalıb: "Məktəbə getmirdi, müəllimlər gəlib evdə dərs keçirdilər. Uzun illərdir müalicə alırdı. Əməliyyata maddi imkanımız yox idi deyə, uşaq tam sağaıa bilmirdi, indi şükür ki, əməliyyat olundu".

Valideyn deyir ki, aprelin 18-i onlara xəbər edilib və Bakıya çağırılıblar: "Bakıda Respublika Diaqnostika Mərkəzinə getdik, orada öyrəndik ki, Böyük Bəhmənli kəndində pulsuz əməliyyat olunacaq. Uşaq da eşidəndə sevindi, dedi ki, daha təngnəfəs olmayacaq".

Sıra növbə gözləyən daha bir uşağa - 1 yaş yarımlıq Yusif Məmmədova çatdı. Xərəyə yatırılan Yusif jurnalistlərin müşayiəti ilə əməliyyat otağına aparıldı. Yarınigaran valideynlər bir neçə saat davam edəcək əməliyyatın uğurlu keçməsini gözləyir və dua edirlər. Belə görünür ki, kampaniyanın davam edəcəyi bir neçə gün ərzində hələ çox valideyn əvvəlcə belə həyəcan, daha sonra da sevinc yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə