"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi yenidən müzakirələrdə

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq". SİA-nın xəbərinə görə, bunu Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.

Qanun layihəsinin qəbulunun uzanmasına obyektiv səbəblərdən daha çox subyektiv səbəblərin mane olduğunu dilə gətirən komitə sədri söyləyib ki, burada da əsas problem təbliğat işinin düzgün qurulmamasındadır: "Biz qanunun əleyhinə olan qurumlarla, xüsusilə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi ilə görüşlər keçiriərək onlarla bir sıra məsələləri müzakirə etmişik. Layihədə nəzərdə tutulan məsələlər İslama zidd deyil. Bu səbəbdən həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin şeyxi qanun layihəsinə razılığını verib. Milli Məclisin sədri də qanun layihəsinin qəbul olunmasına razı olduğundan yaxın zamanlarda gündəliyə salınaraq müzakirə olunacaq".

Əhliman Əmiraslanov söyləyib ki, qanun layihəsində əsas problem qanunda ekstrokorporal mayalanma ilə əlaqədardır: "Amma burada da elə ciddi problem yoxdur. Necə olur ki, Səudiyyə Ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçirilir, lakin Azərbaycanda yox. Odur ki, bu nə İslam dini, nə də bizim milli mənəvi dəyərlərimizlə ziddiyyət təşkil etmir. Niyə bu əməliyyat bizdə olmasın?!".

Bütün xəbərlər Facebook səhifəmizdə