24 mart - Beynəlxalq Vərəmlə Mübarizə Günüdür. SİA-nın verdiyi xəbərə görə, 1882-ci il martın 24-də alman alimi Robert Kox tərəfindən vərəm mikobakteriyası aşkar edilib. Vərəm xəstəliyinə hər il dünyada 10 milyona yaxın insan yoluxur, 3 milyona yaxın insan isə bu xəstəlikdən dünyasını dəyişir. İndi bütün dünya bəşəri problemə çevrilmiş bu xəstəliyə qarşı birgə mübarizə aparır. 100 il sonra, 24 mart Dünya Səhiyyə Təşkilatı tərəfindən Vərəmlə Mübarizə günü elan olunması da bu bəlaya qarşı hamılıqla mübarizə aparmağın zəruriliyini bir daha sübut edir.
Vərəm yoluxucu xəstəlikdir. Onu "tuberkulozis" da adlandırırlar. Bu sözün latın dilindən tərcüməsi "qabarcıq" deməkdir. Vərəmin törədicisi isə onu aşkar edən alimin şərəfinə "kox" çöpləri adlandırılır.
Bunlar aerob, turşuyadavamlı bakteriyalar olub ətraf mühitin bir sıra təsirlərinə qarşı çox davamlıdır. Sağlam, yaxşı immunitetə malik insan vərəmə yoluxduqda adətən, heç bir əlamət üzə çıxmır, bu zaman daxildə yaranmış kiçik vərəm prosesi isə öz-özünə sağalır. Bu prosesdən bəzən heç bir əlamət qalmır və ya kiçik məhdud həcmdə qon ocağı qalır. Bu cür ilkin yoluxma adətən uşaq və ya yeniyetmə yaşlarında baş verir.
O, hal-hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən, əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3,5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən, 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümünün 20 faizi vərəmdən baş verirdi.
Vərəmin profilaktikası daha vacibdir. Bundan ötrü hər il uşaqlarda və yeniyetmələrdə Mantu sınağı aparılır, virajlı uşaqlar aşkar olunur və VI qrup dispanser uçot qeydiyyatına götürülür. Onlar 1 il müddətində ciddi müşahidədə qalırlar. Virajlı uşaqlara 3 ay müddətində izoniazidlə kimyəvi profilaktika aparılır. 3 aydan sonra təkrari Mantu sınağı qoyulur - əgər əmələ gələn papulanın ölçüsü kiçilibsə, dərman profilaktikası davam etdirilmir, intensivlik artıbsa və ya yerində qalıbsa 2-3 il də yazda və payızda profilaktika davam etdirilir. Vərəmin vaxtında aşkar edilməsi onun effektiv müalicəsi üçün böyük rol oynayır. Bun görə də xəstələrin vaxtında müraciət etmələri, müalicəni başlamaları, sağlam şəxslərin ildə 1 dəfə profilaktik müayinədən keçmələri vərəmlə mübarizədə vacib amildir.
Hər il xəstəliyin kəskin formasından əziyyət çəkən, lakin kifayət qədər müalicə almayanların 50%-i ölür. Qalan 50% -də isə xəstəlik xroniki formaya keçir, vərəm mikobakteriyaları isə digər orqanları zədələməkdə davam edirlər. Vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin edilməsi nəticəsində 2015-ci ildə bu xəstəlikdən ölüm hallarının sayı azalıb.
Qeyd edək ki, hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var. Bu gün respublikamızda yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verir.
Ölkə üzrə peyvənd planının təxminən, 95-96 faiz yerinə yetirilməsi nəticəsində xüsusi profilaktika vasitələrlə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB