Qazaxıstanın Almatı şəhərində "KİHE-2015" beynəlxalq səhiyyə sərgisi öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, bu sərgidə Azərbaycanda fəaliyyət göstərən sağlamlıq turizm mərkəzləri də təmsil olunur.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev qəzetimizə açıqlamasında bildiribki, adıçəkilən sərgidə assosiasiyanın tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasında yerləşən "Duzdağ" Fizioterapiya Mərkəzi, "Qafqaz Yengice Thermal Hotel & SPA", "Qalaltı" uroloji sanatoriyası, Naftalandakı "Rixos Naftalan SPA", "Gabala Lake Palace Escape Chenot" turizm mərkəzləri iştirak edir. Bunun üçün assosiasiya tərəfindən 15 kvadrat metrlik sahə icarəyə götürülüb. Azərbaycanın stendinə yaxınlaşan ziyarətçilərə sağlamlıq turizm mərkəzlərimiz barədə məlumatlar verilir, onlara iştirakçı müəssisələrdən başqa, Azərbaycandakı digər sağlamlıq mərkəzləri barədə də reklam-çap məhsulları təqdim edilir.
Sərginin birinci günü Azərbaycan təmsilçiləri tərəfindən "Atakent" sərgi kompleksinin konfrans zalında "Azərbaycanın termal və müalicəvi mərkəzləri" adlı prezentasiya keçirilib. Prezentasiyada ölkəmizdəki müalicəvi məkanlar, termal mənbələr barədə iştirakçılara ətraflı məlumat verilib. Tədbir müxtəlif uduşlu oyunlarla davam etdirilib. Sonda qaliblər Azərbaycan təmsilçiləri tərəfindən mükafatlandırılıb.
Azərbaycanda sağlamlıq turizminin çox böyük imkanlara malik olduğunu deyən Ruslan Quliyev qeyd etdi ki, bu baxımdan potensialı olan bölgələrdə lazımi infrastruktur qurulur: "İndi bizim əsas işimiz hər fürsətdən istifadə edib fəaliyyətə başlayan sağlamlıq istirahət mərkəzlərini təbliğ etmək, onları tanıtmaqdır. Bu məqsədlə də Almatı şəhərində keçirilən "KİHE-2015" beynəlxalq səhiyyə sərgisində Azərbaycanın sağlamlıq turizmi imkanlarını yüksək səviyyədə təmsil olunmasına çalışırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB