Ötən il Naxçıvan Muxtar Respublikasında 13 səhiyyə müəssisəsi istifadəyə verilib. Digər 6 müəssisə isə yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclasında səsləndirilib.
Muxtar respublikanın səhiyyə naziri Niyazi Novruzov 2014-cü ildə səhiyyə sistemində görülən işlərdən danışaraq qeyd edib ki, ötən il dispanserizasiya, ana və uşaqların sağlamlığının qorunması, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, onkoloji, dağınıq skleroz və digər xəstəliklər üzrə dövlət proqramları çərçivəsində işlər davam etdirilib. Səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri kimi xroniki böyrək çatışmazlığı olan xəstələrin hemodializ müalicəsi, demək olar ki, öz həllini tapıb. 2014-cü ildə Şahbuz və Kəngərli rayonlarında dializ aparatları qurulmaqla, hazırda səhiyyə müəssisələrində 102 xəstə üçün 24 hemodializ aparatı fəaliyyət göstərir.
"Sosial-iqtisadi həyatın bütün sahələrində müşahidə olunan dinamik artım meyilləri, əhali rifahının yaxşılaşdırılması, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərib" – deyən nazir əlavə edib ki, ötən il dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək üçün ardıcıl tədbirlər görülüb, həkim briqadaları ucqar dağ kəndlərində əhaliyə səhiyyə xidmətləri göstəriblər.
Niyazi Novruzov cari ildə görüləcək işlərdən də danışıb. Bildirib ki, hər bir səhiyyə işçisi daha səylə çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Sağlamlığın qorunması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilməlidir. Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün profilaktika, ilkin tibbi yardım və müalicə xidmətləri təkmilləşdirilməli, xüsusilə ilkin tibbi yardım sistemi inkişaf etdirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB