Ebola virusunu yayanlar tapıldı

Qərbi Afrikanı cənginə almış Ebola virusunun mənbəyi çox güman ki, uşaqların yanında oynadığı və yarasaların yığıldığı qurumuş ağac olub. Bu ağac ölümcül virusun ilk olaraq qeydə alındığı Qvineyanın Meliandu kəndində idi. Tədqiqatçıların bu yerə gəlişinə qədər ağacın tamamilə yandırılması fərziyyənin sübuta yetirilməsini çətinləşdirib.

2013-cü ilin dekabr ayında Meliandu kəndində naməlum xəstəlikdən iki yaşlı uşaq vəfat edir. Bir müddət sonra onun bacısı, anası və nənəsi də eyni xəstəliyə yoluxur. Epidemioloqlar həmin ailənin Ebola epidemiyasının ilk qurbanları olduğunu iddia edirlər. Dünya Səhiyyə Təşkilatının son məlumatına görə, hazırda virusa 20 mindən artıq adam yoluxub və ölənlərin sayı 8 mini keçib.

Lakin uşağın haradan və necə yoluxması bu günədək sirr olaraq qalırdı. İndiyə qədər insanların virusa yoluxma halları adətən vəhşi təbiətdə - antiloplar, qorillalar və şimpanzelər arasında xəstəliyin yayılması ilə əlaqəli olub. Lakin Ebola virusu üçün təbii qaynaq mənbəyinin hansı heyvan olduğunu hələ heç kim təyin edə bilməsə də, əsas şübhə yarasaların üzərinə yönəlib.

Epidemiyanın səbəbini tədqiq etmək məqsədi ilə Qvineyaya gələn mütəxəssislər vəhşi heyvanların Ebola virusundan ölüm faktlarını aşkar etməyiblər. Lakin Meliandu kəndinə səfər zamanı maraqlı fakt aşkarlanıb.

Tədqiqatçılar yerli sakinlərin paltar yuduqları çaya gedən cığırın yaxınlığında böyük ağac kötüyü görüblər. Bu kötük yoluxan uşağın yaşadığı evdən təxminən 50 metr aralıda olub. Kənd sakinləri həkimlərə uşaqların çox vaxt ağac koğuşunda yaşayan yarasalarla oynadıqlarını deyiblər. 2014-cü ilin mart ayında isə ağac kötüyü yerli sakinlər tərəfindən nə səbəbdənsə yandırılıb.

Tədqiqatçılar, həmçinin virusa ilk olaraq ovçuların deyil, məhz uşaqların və qadınların yoluxması faktını epidemiyanın səbəbinin meşələrdə yaşayan vəhşi heyvanlar olmadığının təsdiqi kimi qiymətləndirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə