Bakıda I Azərbaycan - Türkiyə nefroloji konfransı keçirilir

Bakıda I Azərbaycan - Türkiyə nefroloji konfransı keçirilir

Bu gün paytaxt Bakıda I Azərbaycan - Türkiyə nefroloji konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransda tədbirdə ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov, habelə Türkiyə və Azərbaycanın bu sahədə tanınmış mütəxəssisləri iştirak edirlər.

Konfransda çıxış edən Əhliman Əmiraslanov simpoziumun keçirilməsində məqsədin Azərbaycan və Türkiyə nefroloqları arasında həm elmi, həm də təcrübə əlaqələrinin inkişaf etdirilməsindən ibarət olduğunu deyib: "Azərbaycan Türkiyə ilə keçirilən konfranslara böyük önəm verir. Konfrans zamanı müvafiq sahədə tanınmış mütəxəssislərlə tanış olur, onlarla müəyyən əlaqələr yaradırıq. Azərbaycan səhiyyəsi üçün nefroloji konfransın keçirilməsi də vacib hadisədir. Çünki hazırda Azərbaycanda nefrologiya sahəsində ixtisaslı mütəxəssislərə böyük ehtiyac var. Bizdə nefrologiyanın müalicəsi üçün lazımi texniki avadanlıq olsa da, onu istifadə etməyə kadr potensialı azdır. Hazırda bu sahədə universitetdə rezidentura yolu lazımi mütəxəssislər hazırlanır".

Əhliman Əmiraslanov bildirib ki, əvvəllər ölkədə hemodializli xəstələrin müalicə olunmasına imkan yox idi: "Lakin bu gün dövlət başçısının diqqəti nəticəsində paytaxtda və regionlarda dializ mərkəzləri açılıb. Bu xəstələrin hamısı da olmasa, 90%-i burada müalicə alır".

Türk Nefroloji Dərnəyinin sədri Gültəkin Süleymanlar da belə konfransın keçirilməsinin hər iki dövlətin səhiyyə sahəsində mühüm əhəmiyyətə malik olduğunu deyib: "I Azərbaycan-Türkiyə nefroloji konfransı da gələcəkdə mütəxəssislər arasında əlaqələrin genişlənməsi, təcrübə biliklərinin paylaşılması üçün mühüm əlavə imkanlar yaradacaq".

Qeyd edək ki, 2 gün davam edəcək konfransda azərbaycanlı və türkiyəli mütəxəssislərin məruzələri dinləniləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə