"Azərbaycanda uşaq ölümü azalıb

"Ana və uşaq ölümü göstəricisi, ana və uşaqların sağlamlığının inteqral göstəricisidir. Bu göstəricilərin dövlət və millət üçün tək səhiyyə baxımından deyil, eləcə də böyük siyasi əhəmiyyəti var. Sevindirici haldır ki, Azərbaycan 1990-cı illərlə müqayisədə bu günə qədər istər ana ölümündə, istərsə də uşaq ölümündə dəfələrlə azalmaya nail olmuşuq". Bunu SİA-ya açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın Baş pediatrı Nəsib Quliyev deyib.

"Ümid edirəm ki, 2015-ci ildə III minilliyin məqsədləri müzakirəyə çıxarılanda Azərbaycan müstəqil dövlət olaraq qəbul etdiyi öhdəliklərin tam yerinə yetirildiyi haqqında hesabat verəcək. 1990-cı illə müqayisədə bu il uşaqlar arasında ölüm göstəricisi 29-30 faizdən 10, 8 faizə qədər azalıb. Artıq 3 dəfə azalma həddinə çatmışıq. Gələcəkdə də bu rəqəmi daha da aşağı salaraq inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə uşaq ölümünü azaltmış olacağıq",- deyə baş pediatr fikrinə əlavə edib.

Həkimlərin səhv diaqnoz qoymasına da münasibət bildirən N. Quliyev qeyd edib ki, hər sahədə olduğu kimi tibbdə də səhvlər ola bilər: "Bundan sonra da belə halların olması qaçılmazdır. Son zamanlar səhiyyə sahəsində aparılan uğurlu islahatlar, eləcə də avadanlıq və kadr təchizatın qat- qat yaxşılaşdırılması nəticəsində xidmətin səviyyəsi də bir o qədər artıb. Lakin bu o demək deyil ki, Azərbaycanda xidmət sahəsində heç bir problem yoxdur. Problem hər zaman olub və olacaq. Əsas məqsədimiz isə həmin problemlərin səviyyəsinin minimuma çatdırılmasına doğru çalışmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə