“Bəzi hamilə xanımlar qeysəriyyə əməliyyatını daha təhlükəsiz hesab edirlər” - GİNEKOLOQ DANIŞDI

“Qeysəriyyə kəsiyi əməliyyatı – uşaqlıq üzərində kəsiyin aparılması ilə doğuşun abdominal yolla başa çatdırılmasıdır. Müasir dövrdə bütün ölkələrdə qeysəriyyə kəsiyi əməliyyatlarının sayı artıb. Hamiləliyin qeysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılmasının əsas məqsədi perinatal itkilərin azalmasıdır. Lakin qeysəriyyə kəsiyi əməliyyatları doğuşların ümumi sayının 15 %-dən yuxarı olduqda perinatal itkilərin azalmasına təsir göstərmir. Qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyinin artmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərdən ən əsası Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarına göstərişlərin genişləndirilməsidir. Qeysəriyyə kəsiyi əməliyyatlarına göstərişlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”da əksini tapıb”. Bu sözləri SİA-ya danışan mama-ginekoloq Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycanda yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası xidmətinin təkmilləşdirilməsi sayəsində vaxtından əvvəl doğuşlarda həkim mama-ginekoloqlar hamiləliyi dölün mühafizəsi məqsədilə cərrahi doğuşla sonlandırılmaq qərarını verirlər: “Belə ki, son illərdə Azərbaycanda ekstremal az çəkili və az çəkili yenidoğulmuşlara tibbi xidmətin göstərilməsi sahəsində böyük uğurlar əldə edilib. Ölkədə cərrahi doğuşların sayına təsir göstərən digər amillər də mövcuddur. İİV infeksiyası, herpes infeksiyası, görmə zəifliyi, ürək-damar patologiyaları, hamiləliyin ağır preeklampsiya, eklampsiya kimi ağırlaşmaları, cift gəlişləri və digər vəziyyətlər də cərrahi doğuşların sayının artmasına gətirir”.

Həkim bildirib ki, obyektiv səbəblərlə yanaşı, qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyinə təsir göstərən subyektiv səbəblər də mövcuddur: “Bəzi hamilə xanımlarımız qeysəriyyə kəsiyi əməliyyatını həm ana, həm də döl üçün daha təhlükəsiz hesab edirlər. Lakin bu, belə deyil. Əlbəttə ki, cərrahi doğuşa tibbi göstərişin olmadığı hallarda təbii yolla doğuş həm ana, həm də döl üçün daha təhlükəsizdir. Qeysəriyyə kəsiyi əməliyyatı zamanı qanaxma, uşaqlığın atoniyası, anestezioloji fəsadlar, qonşu orqanların zədələnməsi, uşaqlıqdakı tikişlərin yararsızlığı, endomiometrit, peritonit, sepsis, əməliyyatdan sonra yaraların infeksiyalaşması, bağırsaq keçməməzliyi, tromboemboliya, ağciyər arteriyasının, dərin venaların trombozu qeyd oluna bilər. Əməliyyatdan sonra keloidin yaranması, reproduktiv funksiyanın pozulması (sonsuzluq, növbəti hamiləliyin ağırlaşması) kimi gecikmiş ağırlaşmalar da qeyd oluna bilər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə