Qalxanvari vəzi hormonlarının dəyişikliyinin orqanizmdə yaratdığı fəsadlar

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr.Naidə Novruzova “Qalxanvari vəzi hormonlarının dəyişikliyinin orqanizmdə yaratdığı fəsadlar” barədə ətraflı məlumat verib. Dr.Naidə Novruzova bildiri ki, qalxanvari vəzi istehsal etdiyi hormonlar hesabına orqanizmdə maddələr mübadiləsinə cavabdehlik daşıyan unikal orqandır. Hormonlar kifayət qədər olmadıqda bütün maddələr mübadiləsi ləngiyir və zəifləyir. Hormonlar artıq olduqda isə maddələr mübadiləsi prosesi sürətlənir. Hər iki hal orqanizmə mənfi təsir gostərir.

• Qalxanvari vəzi sinir sisteminə təsir edir: hormonlar artıq olduqda insan qıcıqlanmıs-əsəbi, həyəcanlı, kövrək olur. Qalxanvari vəzi hormonları sinir sistemini oyadır ve stimulyasiya edir. Hormon kifayət etmədikdə yuxululuq, əzginlik, yorgunluq halları müşahidə olunur.

• Ürək-damar sistemi də qalxanvari vəzi funksiyasi pozğunluğunda əziyyət çəkir. Qalxanvari vəzi funksiyasının artması zamanı ürək döyüntülərinin sayının artması, sürətlənməsi, arterial təzyiqin dəyişkən olması, ritm pozğunluqları ortaya cıxır. Qalxanvari vəzi hormonu yetməzliyində isə xolesterin yüksəlməsi müşahidə oluna bilər, bu da ürək-damar xəstəliyinin sürətlə proqressivləşməsinə gətirib çıxara bilər.

• Qalxanvari vəzi hormonlarının dəyişikliyi həzm mədə-bağırsaq sisteminə də mənfi təsir edir. Qalxanvari vəzi funksiyasının zəifləməsində öddə durğunluq, qəbzlik inkişaf edir. Qalxanvari vəzi funksiyasının artmasında isə ishal yarana bilir.

• Qalxanvari vəzi hormonlarının dəyişikliyi reproduktiv sistemə de təsir edir. Belə ki, sonsuzluq, hamiləlikdə müxtəlif problemlər yaranır. Bu vəziyyət qalxanvari vəzi funksiyasının həm zəifləməsində, həm də sürətlənməsində də rast gəlinə bilər.

• Dəri, saç ve dırnaqların da vəziyyətinə qalxanvari vəzi funksiyasının pozğunluğu neqativ təsir edir. Hormon yetməzliyində saç tökülməsi, dəri ödəmi ve quruluq müşahidə olunur. Həmçinin, hava isti olsa da bele insanlar daim üşüyürlər. Hormon yüksəlməsində isə insanlar tez-tez tərləmə və daim isti olmasından şikayətlənirlər.

Belə şikayətləri olanlar mütləq diaqnozun dəqiqləşdirilməsi ve müalicəyə başlaması üçün müayinədən keçməlidirlər. Özünü müalicə ilə məşğul olmaq yolverilməzdir , bununla insan özunə yalnız ziyan etmiş olur.

Bütün xəbərlər Facebook səhifəmizdə