Xəstəxanada qeydiyyatda olmayan şəxslər İcbari Tibbi Sığortadan necə yararlanmalıdır? - QURUMDAN AÇIQLAMA VERİLDİ

İcbari Tibbi Sığortada yanlız həmin xəstəxanada qeydiyyatda olan şəxslər həkim müayinəsindən keçə bilər? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Məlumat üçün bildirək ki, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Belə ki, “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasına əsasən vətəndaşlar poliklinika/Ailə Sağlamlıq Mərkəziləri istisna olmaqla, yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilərlər.

Vətəndaşlar sözügedən tibb müəssisələrinə müraciət zamanı şəxsiyyət vəsiqəsini təqdim etməklə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən yararlana bilərlər.

Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə https://its.gov.az/files/9/XZ.pdf linkinə keçid etməklə tanış ola bilərsiniz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə