Tez-tez sidiyə getmək hansı xəstəlikdən xəbər verir? - BİLMƏNİZ VACİBDİR

Belə hesab olunur ki, gün ərzində insan 8 dəfəyə qədər sidik ifraz edirsə, bu normaldır. Sidikqovucu preparatları qəbul etməyən insan 24 saat ərzində 8 dəfədən artıq sidik ifraz edirsə, bu, artıq narahatçılıq üçün səbəb sayılır. SİA xəbər verir ki, xüsusilə də sidik ifrazı zamanı insanda müxtəlif xoşagəlməz hisslər (yandırma, ağrı və s.) əmələ gəldikdə, ifraz olunan sidiyin miqdarı xeyli artdıqda, sidikdə qan, selik müşahidə olunduqda bu, xüsusilə təhlükəli simptom sayılır.

Sidik ifrazının artmasının səbəbləri arasında:

- sidik ifrazı sistemi xəstəlikləri və iltihabları (sidik yollarının, sidik kisəsinin, böyrəklərin iltihabları, hiperaktiv sidik kisəsi, böyrək daşı xəstəliyi və s.). Bu zaman tezləşmiş sidik ifrazından əlavə digər simptomlar da meydana çıxa bilər: ağrılar və sancılar, yandırma hissi, sidikdə qan, hərarətin artması və s. Hiperaktiv sidik kisəsi zamanı bu simptomlar olmur, xəstə yalnız tez-tez sidiyə gedir və bu da onun həyatında ciddi problemlər yaradır

- kişilərdə gecə vaxtı sidik ifrazının tezləşməsi prostatit və prostat vəzi şişləri zamanı mümkündür.

- qadınlarda sidik kisəsinin, uşaqlığın enməsi sidik ifrazının artmasına, sidiyi saxlaya bilməməsinə səbəb olur.

- nevroz. Sidik ifrazı günorta vaxtı artır.

- şəkərli diabet. Sidik ifrazının artması bu xəstəliyin əsas simptomlarından biridir.

- ürək çatışmazlığı. Gecə saatlarında sidik ifrazı artır.

Bəzən sidik ifrazının tezləşməsi fizioloji olur (yəni heç bir xəstəliyin simptomu deyil). Bu qadınlarda hamiləlik zamanı və klimaks dövründə mümkündür.

Həddindən artıq çoxlu miqdarda çay, qəhvə, enerji və spirtli içkilərin qəbulu da sidik ifrazının artmasına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə