"Zövq doğuşdan formalaşmır, zamanla inkişaf edir" - MODELYER AÇIQLADI

"Zövq anlayışı insanlarda təkcə doğuşdan gələn bir xüsusiyyət deyil. Düzdür, hər kəsdə müəyyən estetik hiss olur - məsələn, səliqəli ilə qarışıq, uyğun ilə uyğunsuz arasındakı fərqi çox insan təbii olaraq qavraya bilir. Amma bu hiss “tam formalaşmış zövq” demək deyil".

Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, əsl zövq sonradan yaranır və inkişaf edir. İnsan nə qədər çox fərqli şey görürsə - sənət, geyim, memarlıq, rənglər, insanlar - onun zövqü də bir o qədər formalaşır: "Burada ailə tərbiyəsi, oxunan kitablar, yaşanan mühit və hətta gündəlik seçimlər də rol oynayır. Yəni zövq öyrənilən və təkmilləşən bir anlayışdır.

Klassik üslubun uzunömürlü olmasının əsas səbəbi onun sadəliyə və balanslılığa əsaslanmasıdır. Klassika çox vaxt keçici dəblər kimi “şok təsir” yaratmağa çalışmır, əksinə sakit, ölçülü və harmonik görünüş təqdim edir. Ona görə də gözə tez yorucu gəlmir.

Digər vacib səbəb isə klassikanın universal olmasıdır. O, zaman dəyişsə də, yaşa, məkana və mədəniyyətə uyğun qala bilir. Yəni 10 il əvvəl də, bu gün də, gələcəkdə də qəbul edilən bir estetikadır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə