Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, bazarın dam örtüyünün taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb, bazardakı tikililərin daxilində təşkil olunmuş satış sahələri yanar konstruksiyalarla quraşdırılıb və tavanları polietilen və tezalışan sintetik materiallarla üzlənib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, bazarın ərazisində yanğına qarşı su hovuzu və daxili yanğın kranları mövcud deyil, bazar avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb, bazar ilkin odsöndürən alət və avadanlıqlarla tam təmin olunmayıb, mümkün yanğın və qəzalar zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı” işlənib hazırlanmayıb, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb, obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Astara şəhərində yerləşən Həziyev Rauf Mirzəşəfi oğluna məxsus Astara Mərkəzi Bazarının fəaliyyətinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə