Məktəblilərin poeziya kulubu yaradıldı - FOTOLAR

Məktəblilərin poeziya kulubu yaradıldı - FOTOLAR

Gəncə şəhər M. Hadi adına 10 nömrəli məktəbdə ilkin mərhələdə Gəncə şəhərini əhatə edən Məktəblilərin poeziya klubu yaradılıb. SİA xəbər verir ki, klub iştirakçılarının yaxın gələcəkdə əsərlərinin toplu halında çap etdirilməsi və digər dəstəkləyici tədbirlərin keçirilməsi planlaşdırılır. Xatırladaq ki “Məktəblilərin poeziya klubu” Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində yaradılıb.

Həyata keçirilən “Məktəblilərin poeziya klubu” layihəsinin ilkin təqdimatı da Gəncə şəhər M. Hadi adına 10 nömrəli məktəbdə baş tutub. Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları, Gəncə Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən məktəblərin müəllimləri, ictimaiyyət nümayəndələri və müxtəlif təşkilatlardan qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arzu Əliyeva qonaqları salamlayaraq belə bir mühüm layihənin rəhbərlik etdiyi məktəbdə həyata keçidliyindən məmnun olduğunu xüsusi vurğulayaraq layihə rəhbəri Günay Ələkbərzadənin həm müəllim kimi, eyni zamanda yaradıcılıq fəaliyyətindən danışaraq layihəyə uğurlu həyata keçirilməsi üçün lazımi dəstəyin daim veriləcəyindən danışdı.

Tədbirdə iştirak edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin əhəmiyyətindən danışaraq daima innovativ ideyaların, tədrisin inkişafına xidmət edən, gənc nəslin inkişafına yön verən layihələrin dəstəkləndiyini vurğuladı. Sevinc xanım Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqələrində müəllimləri fəal olmağa çağıraraq “Məktəblilərin poeziya klubu” layihəsi haqqında danışaraq öz tövsiyələrini verdi.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə xanım Dəmirova Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqələrində ilk dəfə məktəb pedaqoji kollektivindən qalib olunduğunu vurğulayaraq bunun məktəb müəllimləri üçün də əhəmiyyətli bir uğur olduğunu vurğuladı. Həmçinin bildirdi ki, bu layihə nəyin ki 10 nömrəli məktəbdə, ümumiyyətlə bölgədə və ölkəmizdə məktəblilərdən ibarət yaradılmış ilk poeziya klubu olacaq. Əminik ki, bu klubun fəaliyyəti uzun illər davam edəcək və ədəbiyyatımızda gözəl şairlər və yazıçıların yetişməsinə öz töhfəsini verəcəkdir.

Daha sonra çıxış edən layihənin koordinatoru Nofəl Şirinov Gəncənin Azərbaycan ədəbiyyat, mədəniyyət və siyasi tarixində mühüm bir mərkəz rolunu daim oynadığını qeyd edərək bu layihənin də Gəncədə, məhz M. Hadinin adını daşıyan bir məktəbdə icra olunmasının simvolik bir məna da daşıdığını xüsusi qeyd edərək layihə bitəndən sonra da, “Məktəblilərin poeziya klubu”nun tədbirlərinin, görüşlərinin davamlı təşkili və inkişafı istiqamətində məhz bu məktəbin mərkəz rolunu oynamasını da təklif etdi.

Layihə rəhbəri, Gəncə şəhər M. Hadi adına 10 nömrəli məktəbin müəllimi Günay Ələkbərzadə layihənin mahiyyətindən danışaraq layihənin yaranma səbəblərindən söz açdı. Günay xanım bildirdi ki, orta ümumtəhsil məktəblərində müxtəlif istiqamətdə kifayət qədər istedadlı şagirdlər vardır. Bu istiqamətlərdən biri də demək olar ki, çox az diqqət edilən bədii yaradıcılıq bacarığı olan şagirdlərdir. Layihənin məqsədi də bədii yaradıcılıq istedadı olan şagirdlərin inkişafına dəstək verməkdir. Bu məqsədlə, Gəncə Şəhər Təhsil İdərəsinin tabeçiliyində olan 44 orta ümumtəhsil məktəblərindən ilkin mərhələdə 20 şagird cəlb olunacaqdır. Bu şagirdlərə bədii yaradıcılığın sirləri, elmi-texniki tərəfləri öyrədiləcək. Bədii qiraət, yazılı təqdimatlarını şifahi təqdimetmə bacarıqları formalaşdırılacaq. İstedadları daha da cilalanaraq yaradıcılıq bacarıqlarının inkişafına təkan verəcəkdir.

Layihəyənin ilkin mərhələsinin yekunun da prosesə cəlb edilən məktəblilərin yazdığı şeir və hekayələrdən ibarət “Nizami yurdunun qönçələri” adlı almanax nəşr ediləcək və eyni adlı bədii yaradıcılıq klubu yaradılacaq. Klubun fəaliyyəti layihə bitdikdən sonra da davam edəcək. Həmin şagirdlərlə yaradıcılıq mərkəzləri arasında əlaqələrin qorunub saxlanılması təmin ediləcəkdir. İldə bir dəfədən az olmayaraq həmin klubun bədii gecələri təşkil ediləcəkdir. Bu da yeni bir ədəbi nəslin formalaşmasına hesab edirik ki, təkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə