Aİİ-də tələbələrə təqaüdlə bağlı hansı güzəştlər olunur? - QURUMDAN AÇIQLAMA

Aİİ-də tələbələrə təqaüdlə bağlı hansı güzəştlər olunur? - QURUMDAN AÇIQLAMA

Cəmiyyətdə dinə olan marağı, savadlı mütəxəssislərin yetişdirilməsini və ilahiyyat elminin inkişafını təmin etmək üçün müstəqil ali təhsil müəssisəsinin yaradılmasına ehtiyac var idi. Bu səbəbdən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” Sərəncama əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Aİİ-nin əsas missiyası Azərbaycan xalqının din sahəsində yüksək ixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək, İlahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək, İslam və digər dünya dinləri haqqında dərin biliyə yiyələnən, tərəfsiz və bütün konfessiyalara qarşı dözümlülüklə yanaşan din xadimlərini yetişdirmək, milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini verməkdir. Bəs, Aİİ-də tələbələrə verilən təqaüd digər universitetlərdən nə ilə fərqlənir? Burada tələbələrə hansı güzəştlər olunur? Mövzu ilə bağlı SİA-nın sorğusuna Aİİ-nin mətbuat xidmətindən cavab verilib.

Qeyd edilib ki, Aİİ-də tələbələrə dövlət tərəfindən ayrılan tələbə təqaüdündən əlavə, Heydər Əliyev adına təqaüd Dilşünaslıq ixtisası üzrə semestr ərzində ümumi ortalama göstəricisi yüksək olan tələbələrə verilir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ayrılan Şeyxülislam təqaüdü İslamşünaslıq ixtisası üzrə semestr ərzində göstəricisi yüksək olan tələbələrə ayrılır.

Bunlardan başqa, yenə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilən Vasim Məmmədəliyev adına təqaüd var ki, bu da semestr ərzində göstəriciləri yüksək olan tələbələrə təqdim olunur. Bu təqaüd 3 nəfərə ayrılır.

Həmçinin, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ayrılan təqaüd var ki, bu da Aİİ-nin bəzi imtiyazlı tələbələrinə tədris ili müddətində hər il müracitələrinə əsasən aid edilir. İmtiyazlı tələbələr dedikdə, şəhid ailələri, valideynlərini itirmiş, əlilliyi olan və s. tələbələr aiddir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə