Xaricdə təhsil almaq istəyən gənclər hansı qaydaları bilməlidir? - EKSPERT AYDINLIQ GƏTİRDİ

Xaricdə təhsil almaq istəyən gənclər hansı qaydaları bilməlidir? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Dövlət tərəfindən bu vaxta qədər xaricdə təhsillə bağlı bəzi dövlət proqramlar təşkil olunub. Sonuncu belə proqram Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli sərəncamda nəzərdə tutulub. Gənclər bu proqramlardan faydalanmaq üçün mütləq qaydada müvafiq tələblərə cavab verməlidir". Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

O qeyd edib ki, əgər hər hansı bir gənc xaricdə təhsil almaq istəyirsə dövlət tərəfindən onun bütün xərcləri qarşılanır. Bunun üçün gənclərdən ilk növbədə xarici dil biliyi tələb olunur. Həmçinin həmin universitetlərin verdiyi təhsil dövlətimiz üçün prioritet olmalıdır. Yəni həmin ixtisasları bitirən şəxslər Azərbaycan dövlətinə müəyyən qatqılar verə bilsin. O nöqteyi-nəzərdən İELTS, TOEFL və digər xarici dil biliklərinin olması onların əlavə üstünlüyüdür.

Sonuncu dövlət proqramında 2000 nəfər tələbənin xaricdə təhsil alması üçün dövlət büdcəsindən vəsait ayrılıb. Burada 80 faiz magistratura pilləsi üçün, 20 faiz isə bakalavr pilləsi üçün yer ayrılıb. Amma burada tələb ondan ibarətdir ki, gənclər təhsil almaq istədikləri universitetlər haqqında məlumat əldə etməlidirlər. Təhsil almaq istədikləri universitet dünya reytinq siyasında ilk 500-ə düşürsə tələbə dövlət proqramı ilə təhsil ala bilər. Qeyd edim ki, bununla bağlı Prezident sərəncamında namizədlərin dövlət imtahanından bəzi istiqamətlər üzə 400 bal, bəzi istiqamətlər üzrə isə 500 bal toplaması tələb olunur. Bu da təbii ki, ixtisaslara görə müəyyən edilir.

Magistratura pilləsi üzrə təhsil almaq istəyən tələbələr təhsili başa vurduqdan sonra ölkəyə qayıtmalıdır və qayıtdıqdan sonra mütləq qaydada dövlət tərəfindən işlə təmin olunur. Dövlət proqramı ilə xaricdə təhsil almaq istəyən gənclərin xarici dil səviyyəsi ən azı mütləq şəkildə C1 olmalıdır. C1 sertifikatı olan tələbələr xaricdə təhsil almaq üçün dövlət proqramına baş vura bilərlər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə