"Tələbələrimizin 200-ə yaxını Vətən müharibəsi iştirakçısıdır" - QURUM RƏSMİSİ AÇIQLADI

"Hazırda Bakı Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə 20273 tələbə təhsil alır. Onlardan 6930-u kişi, 13343-ü qadındır. Tələbələrdən 10930-u humanitar, 9343-ü təbiət elmləri üzrə ixtisaslarda təhsil alır. BDU-nun bakalavriaturasında təhsil alan tələbələrin 14269-u dövlət sifarişi əsasında, 6004-ü ödənişli əsaslarla oxuyur. Tələbələrimizin 200-ə yaxını Vətən müharibəsi iştirakçısıdır". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq BDU-nun ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva deyib.

Onun sözlərinə görə, yeni tədris ilində BDU-ya 5415 tələbə qəbul olunub: "Onların 3899 nəfəri (72 %) dövlət sifarişi əsasında, 1516 nəfəri (28 %) ödənişli əsaslarla təhsil alacaq.

2022/2023-cü tədris ilində BDU-nun magistraturasında 1966 tələbə təhsil alır. Onlardan 586-sı kişi, 1380-i qadındır. BDU-nun magistrantlarının 1203 nəfəri dövlət sifarişi əsasında, 763 nəfəri ödənişli əsaslarla təhsil alır".

Kəmalə Quliyeva sözlərinə belə davam edib: "BDU-da qiyabi və əlavə təhsil alan tələbələrin sayı 1364 nəfərdir.

Son olaraq qeyd edim ki, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 1050 tələbə, “Gənc istedadlar” liseyində 652 şagird təhsil alır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə