AzMİU Türkiyənin Bilkent Universiteti ilə əməkdaşlıq edəcək - TƏDBİR FOTOLAR

Türkiyənin Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan, həmin universitetin prorektoru, professor Ezhan Karaşan və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. SİA xəbər verir ki, əvvəlcə qonaqlar və AzMİU-nun rəhbərliyi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra AzMIU-da iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan imzalayıblar.

Müqavilədə hər iki universitetin akademik heyət, tələbə və tədqiqat qrupları arasında əməkdaşlıq niyyətinin olduğu qeyd olunub. Bundan əlavə, universitetlər qarşılıqlı maraq çərçivəsində bir sıra prinsip üzrə razılığa gəliblər:

- Təhsil sahəsində birgə proqramların tədqiqi və inkişafı;

- Beynəlxalq, regional ve milli layihələrdə birgə iştirak;

- Tələbə, müəllim və akademik heyətin mübadiləsi;

Əvvəlcədən razılaşdırılmış mövzular üzrə birgə elmi konfranslar, seminarlar, simpoziumlar, dəyirmi masaların təşkili; - Qarşılıqlı maraq doğuran sahələr üzrə birgə tədqiqat layihələrinin təşkili və həyata keçirilməsi;

- Elm və tədris məqsədləri üçün istifadə oluna biləcək təqdiqat və elmi məlumatların mübadiləsi;

- Ali təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün institusional əlaqələrin inkişaf etdirilməsi.

Müqavilə imzalandıqdan sonra qonaqlar AzMİU-nun tədris korpusları və elmi-tədqiqat laboratoriyaları ilə tanış olublar, professor-müəllim heyəti, tələbələrlə söhbət ediblər.

Məlumat üçün bildirək ki, AzMİU-nun dünyanın 100-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq və 6 ikili diplom proqramı müqaviləsi mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə