Nə bu ocaq közərəsi,sönəsi,

Nə o günlər bir də geri dönəsi...

Qəm eləmə könlümün bir dənəsi,

Bu dünyanın qara daşı göyərməz.

(Musa Yaqub)

Vətən!

Tək kəlmədir, amma çox şey deməkdir. Gəzdiyimiz torpaqdır Vətən, ciyərimiz olan meşələrdir, suyumuz olan çaylardır, qoruduğumuz bayraqdır. Doğulduğumuz, ayaq basdığımız, yaşadığımız, ömür sürdüyümüz və öldüyümüz torpağa deyirik Vətən. Onu yağış da sulayanda, qan da çilənəndə Vətəndir. Uğruna öldüyümüz, şəhid verdiyimiz Vətən. Sadəcə torpaq deyil, insanın namusu, şərəfi, anasıdır.

30 ildən sonra o torpaqlara ayaq basan əsgərlər, zabitlərdir Vətən. 30 ildən sonra doğma təmas hiss edən o torpaqlardır Vətən. 30 il həsrət çəkən o meşələr, o dağlar, o çaylardır vətən. Vətən kəlməsi bu coğrafiyanın insanları üçün adi söz deyil. Ona olan sevgimiz bitməz-tükənməzdir, dəyişilməz, əvəzedilməzdir. Nəsildən nəsilə ötürdüyümüz böyük bir vəfadır, tükənməz eşqdir vətən sevgisi. Övladlarımızın simasındakı sevinc, başlarının üstündəki aydın səmadır. Analarımızın şəhid tabutu önündə “Vağzalı” çaldırması, atalarımızın “Təki vətən var olsun”, igidlərimizin qanı bahasına alınan zəfərdir, sevdiklərinin vaxtsız ağaran saçlarıdır Vətən sevgisi.

Səbail rayonunda yerləşən, Bakının ən köklü məktəblərindən olan 162 saylı orta məktəbdə bu sevgi bu gün təkrar aşılandı. İl boyu öyrəndikləri vətən,torpaq sevgisini şagirdlər bu gün Şəhidlərin Anım Lövhəsi önündə bir də xatırladılar.

Məktəb öz məzununun, Birinci Qarabağ Müharibəsi şəhidi Etibar Əliyevin adını daşıyır. Vətən Müharibəsində isə 162 saylı məktəb 4 məzununu şəhid verdi. Məktəbin əvvəlki illərdən olan məzunları Bilal Qəmbərov, Əli Tağıyev, İsmayıl Hüseynov, Cavidan Ağayev döyüşlərdə şücaət göstərərək qəhrəmanlıqla şəhid oldular.

Məktəbdə keçirilən Anım Günü tədbirində direktor Arzu Nəzərova şagirdlərə 27 Sentyabr gününün tarixindən, qələbəni əldə edərkən yaşanılan çətinliklərdən, zəfər üçün aparılan mübarizədən danışdı. Direktor Anım Günündən Zəfər Gününədək uzanan 44 uzun gündən, 44 qaranlıq gecədən söhbət açdı, qələbəyə gedən yolda öz canını fəda edən igidlər barədə danışdı, məktəbin şəhid məzunlarının qəhrəmanlıqları barədə xatirələrini paylaşdı.

Məktəbin ibtidai sinif müəlliməsi Esmira İsmayılovanın şagirdləri şəhidlərin barelyefi önündə şeirlər səsləndirdilər, şəhidlərin xatirəsinə həsr etdikləri yazı nümunələrini oxudular. Esmira müəllimə öz şagirdlərinə vətən sevgisini o qədər mükəmməl aşılayıb ki, hələ 7-8 yaşı olan bu fidanlar öz sinələrində şəhidlərin şəkli əks olunmuş nişanlar gəzdirirdilər.

Tədbirdə şəhidlərin ailə üzvləri, qazilər, valideynlər də iştirak edib.

Tədbir şagirdlərin hazırladığı bədii hissə ilə davam edib. Məktəbin şagirdləri şəhidlərin xatirəsinə hazırladıqları şeirləri səsləndirdilər. Vətənin balaca vətəndaşları onların azadlığı, əmin-amanlığı uğrunda öz canlarını fəda edən şəhidlərə öz minnətdarlıqlarını belə ifadə etdilər.

Biz vətən uğrunda qanı ilə dastanlar yazan, tarixi boyunca vətən uğruna can verən bir millətin övladlarıyıq. Lazım olduğu zaman vətən uğrunda savaşmaq vətən sevgisinin təzahürüdür, biz bu sevgini iliklərimizdə daşıyırıq. Sevgi nələrə qadir deyil ki?! Olmazları olduran, mümkünsüzləri mümkün edən sevgi deyilmi? O sevgidən vətənin yarım qalan hissəsi bütövləndi, o sevgidən boz çöllər yaşıllandı, o sevgidən vətənin qara daşı belə göyərdi. Ömründən pay verən oğullar vətəndən pay vermədi...

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə