UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb

UNEC-in rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda olub. Nümayəndə heyəti öncə institutun həyətində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb.

Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları, eləcə də institutda çalışan və təcrübə keçən UNEC-in tələbə və məzunları ilə görüşən rektor professor Ədalət Muradov burada aparılan elmi-tədqiqat işləri ilə də tanış olub.

Görüşdən sonra UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. UNEC rektoru professor Ədalət Muradov və Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyevin imzaladığı sənədə əsasən, tərəflər ETİ-də həyata keçirilən layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması, hakatonların keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə