Son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilərin daha da yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atılıb, pedaqoji heyətin peşəkar inkişafı və motivasiyası diqqət mərkəzində saxlanılıb, elmi tədqiqat potensialı müasirləşdirilib və tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib. Bu məqsədyönlü addımlardan biri də müəllimlərin sertifikasiya imtahanıdır. Bu gün keçirilən Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiya imtahanı ilə bağlı kifayət qədər məlumat verdi. Bəs, gəlin görək imtahanda iştirak etmiş müəllimlər bu barədə nə düşünür? SİA müəllimlərin imtahanı necə dəyərləndirilməsi ilə bağlı onlar arasında sorğu keçirərək təəssüratlarını öyrənib.

Abşeron rayon Saray qəsəbəsi Mirzə Ələkbərov adına 1 nömrəli tam orta məktəbin müəllimi Səhər Əliyeva: "23 illik pedaqoji fəaliyyətim var. Düşünürəm ki, imtahanda daha yaxşı bal yığa bilərdim. Sertifikasiya balım 53-dür. Azərbaycan Respublikasının müəllimi olaraq belə imtahanların keçirilməsini çox müsbət qarşılayıram. Ən azından bunlar sayəsində müəllimlər öz üzərlərində daha da çalışır və biliklərini təkmilləşdirir.
Sertifikatlaşmada ilk dəfədir iştirak edirəm. Daha öncə diaqnostik qiymətləndirmədə olmuşam və nəticəm də 46 bal idi. Qeyd edim ki, hər il MİQ imtahanlarına gedir və özüm üçün sınaq edirəm.
Sertifikasiya imtahanı çox rahat idi. Burada 4-cü sinif səviyyəsinə uyğun suallar salınmışdı. Bunlar pedaqoji fəaliyyəti olan hər bir müəllimin cavablandıracağı suallar idi.
Son olaraq sertifikasiya imtahanından keçmiş müəllimləri təbrik edir, onlara daim uğurlar arzılayıram".

Binəqədi rayonu 143 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Kəmalə İsgəndərova: "Mən, əvvəllər sertifikasiya imtahanından çox narazı idim. Lakin bəzi məsələlərin şahidi olaraq bu imtahanın vacibliyini anladım. Bəs, bu qənaətə necə gəldim? Elə müəllimlər var ki, öz ixtisasları haqqında heç bir biliyə sahib deyillər və müəllim adı daşıyırlar. Bu mənada imtahan lazım idi.
Sadəcə 30 ilin müəllimini imtahan etmək lazım deyildi. Bu bizə çox stress yaşatdı. 5-6 ildir pedaqoji fəaliyyəti olanları imtahan etmək daha məqsədəuyğun olardı.
İmtahanda elə sullar var idi ki, kurikulumla bağlı idi. Axı, biz kurikulumla bağlı hərşeyi keçməmişik. Buna görə də məcbur olub kurikulumla bağlı sulların cavabını özümüz tapıb öyrəndik.
İmtahanda vaxt aparan və düşündürücü suallar var idi. Baxırsan, savadlı müəllimdir, amma stressdən bildiyini də cavablaya bilmir.
Yaşlı müəllimlərin beyin sürəti cavanlar kimi deyil. Cavan müəllimlərin nəticələri yüksək ola bilər, amma bu heç də onların yaşlı müəllimlər kimi yaxşı dərs prosesi aparmasını göstərmir. Onların yaşlı müəllimlər kimi pedaqoji təcrübəsi yoxdur”.
Mehdi Hüsenyzadə adına 19 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Mətanət Nəcəfli: "İmtahan prosesi boyu müəyyən dərəcədə stress yaşadıq. Məncə, bu da çox normal haldır.
Amma şükürlər olsun ki, əziyyətimiz bəhrəsiz qalmadı. Bütün müəllimləri, 50 baldan yüksək toplayanları isə xüsusilə təbrik edirəm. Düşünürəm ki, sertifikasiya imtahanlarının keçirilməsi müsbət haldır.
İmtahan sullarına gəldikdə isə düşünürəm ki, çox çətin deyildi. Yəni, nə asan, nə də çətin idi".
Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta məktəbin müəllimi Leyla Nəcəfli: "İmtahana hazırlaşmaq çətin proses olsa da, bəhrəsi çox gözəl oldu. Düşünürəm ki, ciddi hazırlaşan hər bir müəllim əziyyətinin bəhrəsini gördü.
Mən sertifikasiya imtahanlarını müsbət qüiymətləndirirəm. Belə olması çox yaxşı haldır.
Qarşıdakı müsahibə mərhələsində hər kəsə uğurlar arzu edirəm. Müəllimlər xalqın gələcəyidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB