Keçirilməyən mövzular test tapşırığına salınmayacaq ÖZƏL - AÇIQLAMA

"Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında mart ayının 3-dən sonra keçirilməyən, hətta tədris bərpa olunduqdan sonra mövzular keçirilsə belə həmin mövzulardan test tapşırığına salınmayacaq". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov hazırda koronavirusla mübarizə fonunda tədris prosesinin məcburi dayandırılması ilə təhsil sisteminə dəyən neqativ təsirlərin necə aradan qaldırıla biləcəyindən danışarkən deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 3 mart tarixindən etibarən ölkə ərazisində bütün tədris və bununla bağlı bütün fəaliyyətlər dayandırılıb və bu 4447 orta təhsil müəssisəsində təhsil alan 1,5 milyon şagirdimizin, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbənin, eyni zamanda orta ixtisas təhsil müəssisələrində, peşə təhsil müəssisələrində təhsil alan 30 minə yaxın şəxsin bu müddət ərzində tədris prosesindən geri qalması deməkdir:

"Yəni onlar üçün hazırda aktiv dərs prosesi dayandırılıb. Təhsil Nazirliyi dövlət televiziyasında "Vizual dərs" adlı verilişlə müəyyən qədər problemi aradan qaldırmağa çalışır. Artıq, 11 martdan etibarən Təhsil Nazirliyinin birbaşa layihəsi olan "Elektron dərslər" Mədəniyyət Televiziyası və ARB Günəş telekanallarında keçirilir.

Lakin bu proseslər uzun müddət dərsdən geri qalan 9-11-ci sinif şagirdləri üçün müəyyən qədər çətinliklər yarada bilər. Dərslərdə yaranmış fasilə 1-4-cü sinif şagirdlərində də bilik və bacarıqların itirilməsinə gətirib çıxara bilər. Çünki onlarda həmin bilik və bacarıqlar yeni-yeni formalaşır. Müəyyən qədər onlar dərs prosesindən geri qalsa da Təhsil Nazirliyinin müvafiq verilişləri onların köməyinə çatacaq. Lakin, 9-11-ci sinif şagirləri üçün müəyyən qədər çətinlik yaradacaq. Çünki, onları buraxılış imtahanları, eyni zamanda 11-ci sinifləri əlavə olaraq qəbul imtahanları gözləyir. Bu kifayət qədər ciddi bir prosesdir. Artıq 27 gün dərs prosesinin dayandırılması, ibtidai sinif şagirdlərində hər fənn üzrə 14 paraqrafın keçirilməməsinə, yuxarı siniflərdə isə 12 paraqrafın keçirilməməsinə gətirib çıxaracaq. Qəbul imtahanlarında isə tədris boyu keçirilən mövzular düşməlidir. Bu məsələ müəyyən qədər sual doğururdu.

Lakin, bizim araşdırmalarımız göstərir ki, Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında mart ayının 3-dən sonra keçirilməyən, hətta tədris bərpa olunduqdan sonra mövzular keçirilsə belə həmin mövzulardan test tapşırığına salınmayacaq".

Buna baxmayaraq, 9-11-ci sinif şagirdləri həmin mövzuları mənimsəmək üçün Təhsil Nazirliyinin video kanalından, Dövlət İmtahan Mərkəzinin "Youtube" kanalındakı vizual dərslərdən istifadə etməli olduqlarını vurğulayan ekspert əlavə edib ki, Dövlət İmtanan Mərkəzi xüsusilə 5-ci sinifdən 11-ci sinifə qədər bütün qəbulda istifadə olunan fənlər üzrə "Youtube" kanalına mövzular yerləşdirib:

"Oradakı mövzuların hər biri orta təhsil müəssisələrinin proqramını əhadə edir. Eyni zamanda Dövlət İmtahan Mərkəzi 9,10,11-ci sinif şagirdlərinə böyük bir jest etdi. Bildiyimiz kimi, "otk.az" saytı qəbul proqramı əsasında sınaq imtahanlarının onlayn şəkildə keçirilməsinə imkan verir. Şagirdlər indi "otk.az" saytından ödənişsiz qaydada Dövlət İmtahan Mərkəzinin sınaqlarından istifadə edə və bu müddət ərzində əldə etdikləri bilik və bacarıqları yoxlaya bilərlər".

Kamran Əsədov sonda qeyd edib ki, bu bizdən asılı olmayaraq yaranmış fövqəladə haldır və prosesin təsirlərini aradan qaldırmaq üçün təhsil alan şəxslər mütləq elektron resurslardan istifadə etməlidirlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə