YUNESKO ilə Bakı Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumun təqdimat mərasimi keçirilib

Bu gün BDU-da YUNESKO ilə Bakı Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumunun təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, memoranduma əsasən BDU öz akademik proqramı çərçivəsində YUNESKO-nun bioetika üzrə əsas tədris kursunun sınağında iştirak edəcək, YUNESKO isə öz növbəsində, BDU-ya bu istiqamətdə lazım olan köməyi göstərəcək.

Tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov bioetika elminin Azərbaycanda inkişaf etməsinin vacibliyindən söz açaraq, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahəyə olan xidmətlərindən danışıb. Təqdimat mərasimində YUNESKO-nu Azərbaycan Respublikasındakı Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil edib. Günay Əfəndiyeva bildirib ki, BDU ilə imzalanmış Memoranduma YUNESKO-nun ölkə və ya region nümayəndəliyi deyil, YUNESKO-nun Baş ofisi tərəfdaş çıxır. Bu da ölkəmizə olan xüsusi diqqətin göstəricisi olmaqla yanaşı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahəyə olan xidmətlərinin nəticəsidir.

Qeyd etmək lazımdır ki, son iki il ərzində bioetika elminin inkişafı Azərbaycanda yeni təkan alıb. Azərbaycan Milli Elmlər Akademiyasında "Bioetika və tibbi hüquq" ixtisası üzrə doktorantura və dissertantura yaranmış və şifr təsdiq olunmuşdur. Azərbaycanda bu sahənin inkişafında AMEA-nın İnsan Hüquqları İnstitutunun böyük rolu var. Bu İnstitut nəzdində Bioetika və tibbi hüquq şöbəsi yaranmış və professor V.Məmmədovun başçılığı ilə YUNESKO-nun Bioetika və tibbi hüquq kafedrasının nümayəndəsi açılıb.

YUNESKO Baş Direktorunun Sosial və Humanitar Elmlər üzrə müavini Pilar Alvarez Laso ilə görüşən Təhsil naziri Misir Mərdanov Nazirliyin bioetikanın Azərbaycanda tədris olunmasını hər səviyyədə dəstəklədiyini qeyd edərək, 2012-ci ildə BDU-nun Hüquq fakültəsinin nəzdində Bioetika və tibbi hüquq kursunun və ya kafedrasının yaranacağını, gələcəkdə bu ixtisas üzrə magistraturanın da açılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə